Ermənilərə yeni tapşırıq verəcək missiya: Rusiya və İran, yeni Ermənistanınız mübarək! - ŞƏRH
Siyasət
3636
26 Jan 2023 | 16:56

Ermənilərə yeni tapşırıq verəcək missiya: Rusiya və İran, yeni Ermənistanınız mübarək! - ŞƏRH

Ermənistan və ermənilik öz mahiyyətini yenidən göstərməyə başlayıb. Söhbət Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın İranda böyük təmtəraqla qarşılanmasından, onun Azərbaycana qarşı böhtan dolu çıxışlarından, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqında keçirdiyi görüşlərdə Azərbaycan və regional məsələlərlə bağlı saxta açıqlamalarından, Ruben Vardanyanın Azərbaycanda quldurluğu davam etdirməsinə Rusiyanın göz yummasından, habelə erməni müxalifəti və liderlərinin çoxsaylı yalan, böhtan şantaj dolu açıqlamalarından getmir.
 
Budəfəki mövzu Ermənistanın Azərbaycan da daxil olmaqla region dövlətlərinə qarşı fəaliyyət meydanına çevrilməsidir.
 
Görünür, bu dövlət regionda elə üçüncü qüvvələrə casusluq etmək üçün yaradılıb. Ermənilər regiona köçürüləndə çar Rusiyasına Azərbaycanın ovaxtkı tanınmış simaları, ziyalılar barədə çuğulluq edirdilər. Bir az böyüyüb, dövlətləri olandan sonra Fransanın maraqlarını həyata keçirməyə başladılar. Sonra Ermənistan SSRİ-yə, daha sonra Rusiya Federasiyasına işlədi. Ermənistan dövləti xidmətçilik etmədən mövcud ola bilmir. Çünki bu, əsl erməni xasiyyətidir.
 
Deməli, Avropa İttifaqı Ermənistana yenidən mülki missiya göndərir. Ancaq missiyanın tərkibi, fəaliyyəti, hədəfi heç də Azərbaycan-Ermənistan sərhədyanı vəziyyətini monitorinq etmək deyil. Çünki mülki müşahidə missiyasının tərkibi, istifadə edəcəyi texniki avadanlıq adına daha çox uyğun olur. Düzdür, sərhəd məsələsi olduğundan bəzi hərb elementlərinin mövcudluğu da istisna edilmir. Ancaq tərkibinə və başqa amillərə nəzər salsaq, belə toplu-tüfəngli mülki missiyanın olmadığını hər kəs təsdiqləyə bilər. Missiyanın fəaliyyəti elan ediləndə onun sərhədyanı ərazidə müşahidə aparacağı bildirilirdi. Ancaq strukturuna diqqət edəndə onun sırf fərqli missiya həyata keçirəcəyini bilmək olur. Həmin sənəddən bəzi detalları diqqətinizə çatdıraq:
 
 
1. “Strateji məqsəd Ermənistanın münaqişə yaşanan və sərhəd ərazilərində insidentlərin sayının azalmasına kömək etmək, belə ərazilərdə yaşayan əhali üçün risk səviyyəsini azaltmaqdır”. Bəs belə olduğu təqdirdə Ermənistan hakimiyyəti nə iş görəcək? Mülki missiya bunu hansı yol və qüvvə ilə həyata keçirəcək? Çünki bu kimi məsələlər yalnız Azərbaycan və Ermənistan arasında razılaşmalar, sərhədlərin müəyyənləşməsi, sülh müqaviləsinin imzalanması nəticəsində baş verə bilər.
 
2. “Təhlükəsizlik vəziyyəti haqqında ətraflı məlumat əldə eləmək”. Əslində, bu, mülki missiyanın deyil, daha çox kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinin işidir. Mülki müşahidəçilər nə vaxtdan kəşfiyyat qurumlarının missiyasını da icra edirlər?
 
3. “Mülki əməliyyat komandiri”. Bu da yeni funksiyadır. Sovet İttifaqında tələbə-inşaat dəstələrində komandirlər olurdu. Onların funksiyasına əməliyyat daxil deyildi. Onda missiyaçılar hansı əməliyyatı həyata keçirəcəklər?
 
 
Göründüyü kimi, missiyanın funksiyası və adına uyğun olmayan çoxsaylı mətləblər var. Başqa bir məqama nəzər yetirək. Missiyaya 2020-ci ildən Almaniyanın Ştutqart Şəhər Polis İdarəsinin rəisi olan alman Markus Ritter rəhbərlik edəcək. Ancaq onun da asayiş keşikçisi deyil, hərbçiyə daha çox bənzədiyi görünür. Bunun onun vaxtilə Avropa İttifaqının İraqdakı məsləhət missiyasına başçılıq, Aİ və BMT-nin Cənubi Sudan, Gürcüstan və Kosovadakı missiyalarında xidmət etməsi, Almaniyanın Əfqanıstandakı səfirliyində polis müşaviri olması da təsdiqləyir. Avropa İttifaqı missiyasının əlaqələndiricisi isə Fransa nümayəndəsi Şarl Frisdir. Müşahidəçilərin mahiyyəti burada daha çox açılır. Çünki “mülki müşahidəçilər” heyətinin tərkibində Qərb ölkələrinin kəşfiyyatçıları, istefada olan hərbçilər də var. Missiyaya xüsusilə rus dilində danışmağı bacaran polyaklar və Baltikyanı ölkələrin nümayəndələri cəlb olunurlar. Sənəddə ermənilərin də missiyaya cəlb olunması üçün əl yeri qoyulub: “Tələb olunan funksiyalar üzv dövlətlərin ezam etdikləri işçilər tərəfindən həyata keçirilə bilmədiyi təqdirdə beynəlxalq və yerli personal müqavilə əsasında işə götürülə bilər”. Missiya, faktiki olaraq, idarəçiliyi Avropada NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin ali komandanlığı ilə sıx əlaqədə həyata keçirir. Komandanlığa ABŞ Hərbi Hava Qüvvələrinin generalı, Bosniya və Əfqanıstandakı missiyalarda işləmiş Kristofer Kavoli rəhbərlik edir. Missiyanın səlahiyyəti, tərkibi və funksiyası ilə bağlı sənədlə tanış olanda onun əsl “missiyası” aydın görünür.
 
Bir vaxtlar keçmiş SSRİ rəhbərliyi Qarabağda ermənilərin xeyrinə öz istəklərini həyata keçirmək üçün Arkadi Volskinin başçılığı ilə Xüsusi Komitə yaratmışdı. Missiyada olduğu kimi, orada da ermənilərin xidmət etməsi üçün əl yeri qoyulmuşdu. Tərkibində ermənilər olan bu komitənin fəaliyyəti nəticəsində Azərbaycanın Xocalı, Ağdaban və başqa bölgələrində soyqırımlarının törədilməsinin əsası qoyuldu. Şarl Fris missiyasının Arkadi Volski komitəsindən fərqi hədəflərinin daha geniş olmasındadır. Burada hədəf də yalnız Azərbaycan deyil. Məlum olduğu kimi, Fransa və Almaniya Aİ-yə aparıcılıq edir. Heyətdə onların üstünlüyü bu missiyanın Cənubi Qafqaza Fransanın maraqlarının daha çox təmin olunması üçün gələcəyini deməyə əsas verir. Çünki bu ölkə ənənəvi olaraq regionda Ermənistan vasitəsilə özünü göstərib. Almaniya onunla müqayisədə ikinci planda görünüb. Bu həm də Rusiyanın Fransa vasitəsilə sıxışdırılması anlamına gəlir. Deməli, əsas hədəflərdən biri Ermənistanın patronunun dəyişdirilməsidir. Ola bilsin ki, bir müddət sonra Rusiya hərbi bazasının Ermənistandan çıxması ilə bağlı aksiyalar genişlənə də bilər. Əgər Ukraynanın cəbhədə fəallığı artarsa, bu aksiyaların da genişlənəcəyi istisna edilmir. Bunun üçün artıq ciddi hərbi-texniki baza yaradılır.
 
 
Bu arada, növbəti hədəf İrandır. Son zamanlar Fransa Tehran rejiminin kəskin tənqidçilərindən birinə çevrilib. Halbuki ayətullah Xomeyni Parisdə mühacirətdə yaşayıb və hakimiyyətə oradan gətirilib. Üçüncü hədəf Türkiyədir. Fransa və Almaniya Türkiyə əleyhdarlarının, o cümlədən terrorçu PKK qruplaşması üzvlərinin toplandığı və fəaliyyət göstərdiyi əsas ölkələrdir. Suriya və İraqda Türkiyəyə qarşı terrorçular hazırlandığı kimi, Ermənistan ərazisində də bu istiqamətdə fəaliyyət göstəriləcəyi ehtimalı çoxdur. Türkiyə ilə Ermənistan arasında perspektivdə sərhədin açılacağı gözlənilir. Bu isə terrorçuların Ermənistan ərazisindən qonşu dövlətə keçməsinə əlavə şərait yaradır. Başqa sözlə, Türkiyəyə qarşı Ermənistandan yeni bir cəhbə yaradılır. Çünki Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin həmmüəllifidirlər. Missiya bu məsələyə də müdaxilə etmək üçün hazırlıqlı gəlib. Habelə missiya iki türk dövlətinin birgə fəaliyyətini yeni texniki avadanlıqla daha yaxından izləyə biləcək.
 
Yeri gəlmişkən, missiyanın Fransanın başçılığı, ABŞ-nin nəzarəti və Almaniyanın dəstəyi ilə fəaliyyət göstərəcəyi gözlənilir. Nikol Paşinyanın yanvarın 26-da etdiyi yeni avantürist çıxışı da missiyanın Azərbaycana qarşı yuxarıda qeyd etdiyimiz fəaliyyətini gücləndirəcəyindən xəbər verir. O, bu dəfə də Xankəndi-Laçın yoluna beynəlxalq faktaraşdırıcı qrupun göndərilməsini istəyib. Ermənistan hökumətinin başçısı Azərbaycanın regionda “yeni müharibəyə başlamaq istədiyini” deməklə danışıqların baş tutmaması istiqamətində daha bir cəhd göstərib. Bu həm də Ermənistan hakimiyyətinin Aİ missiyasına arxalandığının göstəricisidir. Çünki ermənilər çiyinlərində patronlarının əli olduqda belə davranırlar. Missiya onlarda belə bir “güc” yaradıb. Bu yolla “güclənən” Ermənistanın bir müddət sonra Rusiyaya, İrana qarşı daha kəskin çıxış edəcəyi gözləniləndir.
 
 
Beləliklə, çar Rusiyası erməniləri Cənubi Qafqaza gətirməklə özünün etibarlı bazasını yaratdı. Keçmiş SSRİ və sonra Rusiya Federasiyası ona dövlət yaradaraq Türkiyə və İrana nəzarət məntəqəsinə çevirdi. İndi vəziyyət dəyişir. Şarl Fris “mülki missiyası” isə Ermənistana regionda yeni tapşırıq verəcək. Bu həm də ölkə vətəndaşları üçün yeni iş yeri olacaq. Zatən ermənilər 200 ilə yaxındır, bu işlə məşğuldurlar. Əvvəllər fərdi gördükləri işi indi dövlət kimi davam etdirəcəklər. Onların Azərbaycan və Türkiyəyə münasibəti 200 ildir, dəyişməyib. Odur ki, Rusiya və İran, müttəfiq, qardaş saydığınız yeni Ermənistanınız mübarək!..
 
“Report” İnfomasiya Agentliyi
 
Link kopyalandı!
Son xəbərlər