Ağdərə qızılı hesabına pensiya alan avstraliyalı qoca
Siyasət
3769
29 Dec 2022 | 13:19

Ağdərə qızılı hesabına pensiya alan avstraliyalı qoca

Sosial Tədqiqatlar Mərkəzi Xankəndi yolunda 18 gündür davam edən aksiyalarla bağlı rəy sorğusunun nəticələrini açıqlayıb. “Xankəndi-Laçın yolundakı aksiyaları izləyirsinizmi?” sualına cavab olaraq, sorğuda iştirak edənlərin ümumilikdə 88.1 faizi aksiyaları izlədiyini bildirib. Respondentlərin 54.1faizi isə “tez-tez izləyirəm” cavabını verib. Ümumi götürsək, xalqımızın ürəyi Şuşa qalasının altında üçüncü həftədir ayaqda olan fədakar insanlarımız, ekofəallarımızla bərabər döyünür. Bu, sıradan bir ekoloji məsələ ilə bağlı etiraz deyil, iki əsrdir xalqımıza, məmləkətimizə qarşı törədilən erməni talanlarına, cinayətlərinə, soyqırım aktlarına SON verilməsi tələbini özündə ehtiva edən XALQ səsi, HAQQ səsidir!
 
Dünyanın bir sıra mərkəzləri, ermənisifət paytaxtlar, o cümlədən ermənilərin papası da Azərbaycanı günahlandırmaq cəhdi göstərdilər, baxdılar ki, başqa deməyə sözləri, əsasları, arqumentləri yoxdur, əksəriyyəti susdular. Axı, nə desinlər? Torpaq Azərbaycana məxsus deyilmi? Hansı ölkənin ərazisinin üst qatı bir ölkənin, bir toplumun, altındakılar başqalarınındır? Ermənilərə ürəyi yanan çevrələri “eşq-məhəbbət” bu qədər yandırıb-yaxırsa, çağırsınlar vazgenləri, vardanyanları ölkələrinin ərazisindəki yataqları da bölüşsünlər, lap birgə yataqda da yatsınlar, amma bizdən əl çəksinlər! Birdəfəllk anlasınlar ki, bu dəfə bizləri aldada, erməni canlərinin torpaqlarımızda at oynatmasına imkan yarada bilməyəcəklər! Hələ ki, sözlə deyir dövlətimiz, qanmayacaqlar, qandırmağın yolunu komandoslarımız gözəl bilir!
 
Şuşa-Xankəndi yolundakı dinc etiraz aksiyasının ilkin nəticəsi artıq var! 2002-ci ildən bəri Ağdərədəki mədənlərimizi qanunsuz istismar edən Avstraliyanın “Base Metals” şirkətinin rəhbərliyi birgə ekspertiza başa çatana qədər istismar etdiyi mədənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərarını elan edib.
 
425515.jpg (167 KB)
 
Amma sevinməyə tələsməyək! Separatçı rejim bildirib ki, Qarabağda dağ-mədən sənayesi “ən yüksək beynəlxalq standartlara uyğun həyata keçirilir və bu sahənin qanunvericiliyi ilə müəyyən edilmiş normalar qəbul edilib”. Ardınca növbəti həyasızlıq: “Bununla belə, qonşu ölkənin ekoloji fəallarının “yaratdığı qeyri-sağlam atmosferi və beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini nəzərə alaraq, epidemiya ilə bağlı beynəlxalq ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət edilməsi qərara alınıb”. Yoxlamaların tez bir zamanda təşkili üçün “BMT-nin müvafiq strukturlarına və digər beynəlxalq peşəkar təşkilatlara” müraciət edildiyi də bildirilib.
 
Bu cür həyasız mövqe ondan xəbər verir ki, nə talançı şirkət, nə də Qarabağdakı cinayətkar rejim baş verənlərdən dərs çıxartmaq niyyətində deyil. Deməli, növbəti sərt və təsirli addımlarımıza zərurət var. Biz deyirik bu ərazilər bizə məxsusdur, cavab verməlisiniz ötən illər ərzindəki cinayətlərinizə görə, bunlarsa monitorinq üçün BMT-yə müraciət edirlər. BMT sayan olsaydılar, 4 qətnamə zibilqabına atılmazdı...
 
Neçə müddətdir yolumuzu kəsirlər, monitorinqə imkan vermirlər, indi deyirlər BMT gəlsin! Azərbaycanın ərazisinə icazəsiz hansı beynəlxalq təşkilat daxil ola bilər? Azərbaycan 1992-ci ilin martında BMT-yə Qarabağ ərazisi ilə bir yerdə üzv olub, o cümlədən keçmiş Ağdərə rayonunda yerləşən, sonradan Kəlbəcər rayonunun inzibati ərazisinə daxil olan “Qızılbulaq” qızıl yatağı və hazırda Tərtər rayonunun inzibati ərazisinə aid olan Dəmirli mədən yatağı ilə birlikdə! (Ağdərə rayonunun ləğvi ilə bağlı qərarı Milli Məclis 13 oktyabr 1992-ci il tarixdə qəbul edib) Təsəvvür edin, hələ 2019-cu ildə “Azersky” peyklərinin təsvirləri vasitəsilə “Dəmirli” mədən yatağının 740 hektar ərazisində ermənilər tərəfindən qanunsuz olaraq geoloji kəşfiyyat, qazıntı-hasilat işlərinin və yeni infrastruktur elementlərinin (yol, bina, qurğu və s.) tikintisinin aparıldığı müəyyənləşib. Bu fakt STM-in məlumatında yer alıb bu faktlar.
 
Hələ “Qızılbulaq”da nə vandallıq həyata keçirilib...Biz bu vandalizmə son qoyulmasını, həmçinin törədilən cinayətlərə, talanan sərvətlərə görə günahkarların cəzalandırılmasını tələb edirik! Avstraliya dövləti cavab verməlidir! Səfirin XİN-ə çağırılaraq nota təqdim olunduğunu eşitməmişəm, bəlkə də olub...Həmçinin Avstraliya şirkəti böyük bir skandala imza atdığı, iqtisadi cinayətə yol verdiyi üçün beynəlxalq məhkəmədə cavab verməlidir! Xatırladaq ki, “Base Metals” Avstraliyanın “International Base Metals Limited” şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub. Amma bu, dövləti məsuliyyətdən xilas etmir. Son nəticədə şirkət Avstraliya büdcəsinə vergi ödəyirmi? Təbii ki...Deməli, azı 20 ildir Azərbaycan sərvətinin talanması hesabına avstraliyalı qocalar pensiya alır! Yəni kəlbəcərli ahıla çatmalı olan pensiya avstraliyalının cibinə gedir!
 
pic_43496bc2.jpg (180 KB)
 
“Base Metals” şitkətinin məlumatına görə, Ağdərədə yerləşən yataqlarda olan mis-molibden ehtiyatları irimiqyaslı istehsalatın qurulmasına imkan verir. “Dəmirli” yatağının sübut olunmuş filiz ehtiyatları 56 milyon ton həcmində qiymətləndirilir. Bu səbəbdən Ağdərədə tutumu ildə 1,75 milyon tondan 3,5 milyon tona çatan filiz istehsal edən mədən emal zavodu tikilib! 100 milyon dollarlarla sərvətimizi mənimsəyiblər bu illərdə! Həm də Qarabağdakı qondarma rejimin əsas “qan damarı”dır bu yataqlar! Dolayısı ilə də yox, birbaşa separatçı-terrorçu rejimi maliyyələşdirir Avstraliya şirkəti!
 
Qarabağda ən böyük istehsalçı və vergi ödəyicisi sayılır “Drmbon” dağ-mədən zavodu! İlkin mərhələdə ildə 150 min ton filiz emal edilməsi nəzərdə tutulsa da, təkcə 2009-2011-ci illərdə illərdə burada 400 min ton (!) filiz emal edilib. Təsəvvür edin, talama necə sürətlə həyata keçirilir! Elə Ruben Vardanyanı da Qarabağa gətirən qızıl-mis-molibden qoxusu olub. Bu qədər sərvət varkən çökməkdə olan Rusiyada niyə qalsın ki?..
 
İnternet resurslarında hələ bu ilin yanvarında Mədən Sənayesində Şəffaflığın Artırılması QHT koalisiyasının Qarabağda yerləşən dağ-mədən yataqlarının istismarı ilə bağlı hazırladığı “Mövqe sənədi” çıxdı qarşıma. Heyrətamiz rəqəmlər. Buyurun: “Ağdərə rayonun Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis, Mehmanə yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton sink var. Dəmirli mis yatağının sənaye ehtiyatalrı 100 milyon ton təşkil edir. Həmin ərazilərdə, həmçinin Canyataq-Gülyataq qızıl yatağı mövcud olub”. Yəni talançılıq bizim bildiyimizdən qat-qat geniş çevrəni əhatə edir. Erməni separatçıların əsas donoru olan bu talançı şəbəkənin ömrünə son verilmədikcə, Xankəndidəki cinayətkar rejim dil boğaza qoymayacaq!
 
Göründüyü kimi, cinayətkar şəbəkə talayır torpaqlarımızı, “sülhməramlılar”ın kölgəsində. Odur ki, Qarabağdakı talanlarda iştirakçı olmuş bütün əcnəbi şirkətlər və onların dövlətləri Azərbaycana cavab verməlidir! Bizim heç bir dövlətə borcumuz yoxdur və kimsənin qabağında gözükölgəli deyilik, onların, erməni cinayətlərində iştirak etmiş çevrələrin, paytaxtların, şirkətlərin, hökumətlərin bizə hesab vernməsi zamanıdır! Hər birisi erməni cinayətlərindən pay götürüb, indi də cinayətlərinin ört-basdır edilməsindən ötrü yaxalarını yırtırlar, istəyirlər ki, Laçın yolu yenə də Qarabağdakı terrorçu-separatçı rejim üçün məxfi, təhlükəsiz keçid rolunu oynasın, bu marşrut üzrə istədikləri şəkildə cinayətlərini davam etdirsinlər, özləri də qazansınlar, erməni canilər də! Elə Avstraliya şirkətinin fəaliyyətini yarımçıq saxlaması da hiyləgər gedişdir. Təbii ki, davamlı işləmək üçün Laçın yolundan sərbəst daşımalar həyata keçirilməlidir, indiki halda bu, mümkün deyil. Aranın sakitləşməsini gözləyirlər ki, davam etsinlər, talasınlar, ermənilərə də maaş ödəsinlər, özləri də daşısınlar qızılı, misi, molibdeni!
 
Xankəndi yolunda mübarizənin ikinci mərhələsinin başladığını da söyləmək olar! Cavab verməlidirlər! Yoxsa “işimizə fasilə veririk” deməklə məsələ bitməz! Qazandığı yüz milyonları təzminat şəklində Azərbaycana qaytarmalıdır bu şirkət! Üstəlik də hər il bu talanlarda 37-40 milyon dollar arası qazanc əldə edən separatçıların gözündən gətirmək lazımdır. Qudurğanlığa baxın ki, hələ beynəlxalq təşkilatlara müraciət edirlər, sanki iki il əvvəl gizlənməyə siçan deşiyi axtaranlar bunlar deyildi, indi yataqlarımızdakı istismarın “qanuniliyini” sübut etməyə həyasızcasına cəhd göstərirlər.
 
Bütün şübhələrə son qoymağın yolu Həkəri çayı üzərindəki körpüdə Azərbaycanın sərhəd-buraxılış məntəqədinin və gömrük postunun qoyulmasından keçir. Əgər ermənilərin dediyi kimi, “hər şey qaydasında”dırsa, onda niyə narahat olurlar?
 
Bu məsələdə öldü var, döndü yoxdur!
 
Elşad PAŞASOY
Musavat.com
Link kopyalandı!
Son xəbərlər