Putin İlham Əliyevə niyə zəng etdi... - ŞƏRH
Siyasət
3400
26 Nov 2022 | 17:42

Putin İlham Əliyevə niyə zəng etdi... - ŞƏRH

“Brüssel və Vaşinqtonun il ərzində Azərbaycanla Ermənistan arasında artan vasitəçiliyi Kremli narahat etməyə bilməz. Odur ki, Rusiya prezidenti Vladimir Putin təşəbbüsü yenidən ələ almağa çalışır. Onun Azərbaycan prezidenti İlham Əliyevə bugünkü zənginin əsasında məhz bu amil dayanır”.
 
Bunu Rusiya prezidenti Vladimir Putinin noyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyevə zəng etməsindən danışan siyasi ekspert Elxan Şahinoğlu bildirib.
 
“Fransa prezidenti Emmanuel Makronun özünü Avropa İttifaqının vasitəçiliyinə dürtməsi Brüsselin fəallığını heçə endirir. Çünki İlham Əliyev doğru olaraq Makronun vasitəçiliyini qəbul etməyəcək”, - deyə politoloq əlavə edib.
 
E.Şahinoğlunun sözlərinə görə, Putin Azərbaycan prezidentinin Fransa liderinin vasitəçiliyinə etiraz etməsindən sonra yaranmış məqamdan istifadə etməyə çalışacaq.
 
“Ancaq Makron kimi Putinin fəallığının bizə faydası yoxdur. Kreml sahibinin bizə faydası olsaydı, Ruben Vardanyanı Qarabağa göndərməzdi, separatçılar tərksilah olunardı, rusiyalı hərbçilər Qarabağdakı məntəqələri qanuni adı ilə çağırardılar, daha “Mardakert”, “Martuni” ifadələrindən istifadə etməzdilər…”.
 
Xatırladaq ki, dekabrın 7-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçirilməliydi. Paşinyanın bu görüşdə Fransa prezidenti Emmanuel Makronun vasitəçi kimi iştirak etməsini şərt olaraq irəli sürməsi İlham Əliyev tərəfindən rədd edilib. Azərbaycan prezidenti bu səbəbdən 7 dekabr tarixli Brüssel görüşünün keçirilməyəcəyini bəyan edib.
Link kopyalandı!
Son xəbərlər