Milli Məclis hökumətə çağırış etdi - Fransaya qarşı sanksiya təklifi - TAM MƏTN
3902
16 Nov 2022 | 19:01

Milli Məclis hökumətə çağırış etdi - Fransaya qarşı sanksiya təklifi - TAM MƏTN

Milli Məclis Fransa Senatının dünənki qətnaməsini, bir sıra digər məsələləri, xüsusilə Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə bir sıra tədbirlər görülməsi ilə bağlı çağırış edib.
 
Bu barədə Milli Məclisin bu gün qəbul edilmiş bəyanatında bildirilir.
 
Bəyanatın tam mətnini təqdim edirik:
 
Fransa Respublikası Senatının və Milli Assambleyasının, eləcə də bu ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən və son dövrdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyətinə, ümumiyyətlə, Fransanın beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlarının intensivləşməsinə etiraz olaraq Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakıları bəyan edir.
 
- Fransa Parlamentinin hər iki palatasında Azərbaycan əleyhinə indiyədək qəbul edilmiş qətnamələr, o cümlədən Fransa Senatının 2022-ci il noyabrın 15-də qəbul etdiyi qətnamə və Fransa Milli Assambleyasının bu yaxınlarda səsverməyə çıxarmağa hazırlaşdığı qətnamə Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəlikləri, xüsusilə də Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” Müqaviləni pozur. Sözügedən müqavilənin 2-ci maddəsinə uyğun olaraq, tərəflər öz üzərinə beynəlxalq təhlükəsizliyin təmin edilməsi, münaqişələrin qarşısının alınması və dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn aliliyinin təmin olunması üçün öz səylərini sərhədlərin pozulmazlığı prinsipləri əsasında birləşdirəcəklərinə dair öhdəlik götürmüşlər;
 
- Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransa tərəfinin həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliklərindən irəli gəlir;
 
- Fransada fəaliyyət göstərən radikal erməni qruplarının dəfələrlə Azərbaycanın Parisdəki Səfirliyinə qarşı özündə vandalizm və terror elementlərini ehtiva edən cinayət əməlləri törətməsi və Fransa tərəfinin bunun qarşısını almaq üçün heç bir tədbir görməməsi onun erməni vandalizmini himayə etdiyini, Azərbaycana qarşı açıq diskriminasiyaya yol verdiyini bir daha sübut edir. Həmçinin rəsmi Paris “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək kimi beynəlxalq öhdəliklərini yerinə yetirməməklə Azərbaycana selektiv yanaşdığını göstərir;
 
- Cənubi Qafqaz regionunun və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş, Azərbaycanın qətiyyətli səyləri ilə artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinin 30 ilə yaxın bir müddətdə həll edilməməsinin əsas səbəblərindən biri də danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış bəzi dövlətlərin, xüsusən Fransanın Ermənistanın işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışması olmuşdur;
 
- BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizinin 30 ilə yaxın davam edən işğalına göz yuman, səs verdiyi qətnamələrin icrasını Ermənistandan tələb etməyən Fransanın delimitasiya olunmamış Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmada Ermənistanın suverenliyinin pozulmasını iddia etməsi riyakarlıqdır;
 
- Azərbaycanın guya Ermənistana qarşı hücumunun BMT Təhlükəsizlik Şurası tərəfindən qınandığını iddia edən Fransa parlamentariləri Təhlükəsizlik Şurasının məhz Fransanın sədrliyi altında keçirilmiş 2022-ci il 15 sentyabr tarixli iclasında şuranın üzvü olan əksər dövlətlərin Azərbaycan ilə Ermənistan arasında bütün mübahisəli məsələlərin dinc diplomatik yollarla bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həllinə, habelə iki dövlət arasında sərhədin delimitasiyasının həyata keçirilməsinə çağırış etdiyini görməzdən gəlir. Senat həmin iclasda səsləndirilən çağırışlara tamamilə zidd olaraq, Ermənistanı revanşizmə həvəsləndirən birtərəfli addım və tədbirlərə çağırış etməklə Fransanın daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasından öz çirkin niyyətləri naminə sui-istifadə etdiyini nümayiş etdirir;
 
- Fransa tərəfindən Azərbaycan qüvvələrinin beynəlxalq səviyyədə tanınan ərazimiz olan, qətnamədə “Laçın dəhlizi” kimi qeyd olunan ərazilərdən çıxarılmasına dair tələbin irəli sürülməsi qətnamənin beynəlxalq hüquqa nə dərəcədə zidd olduğunu göstərməklə yanaşı, onun müəlliflərinin və dəstəkçilərinin yerdəki vəziyyətdən bixəbər, erməni “qara təbliğat” maşınının əlində alət olduğunu açıq şəkildə göstərir;
 
- Fransa Senatının və Milli Assambleyasının bu kimi destruktiv və təxribatçı addımları Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur.
 
İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1969-cu il 4 yanvar tarixli Konvensiyaya, eləcə də BMT-nin Nizamnaməsinə istinad edən, həmçinin Azərbaycanı hərbi cinayətlərdə ittiham edən Fransaya törətdiyi qətliamların və vəhşiliklərin bir qismini xatırladırıq:
 
- Dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edərək, sərvətlərini talan edərək, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmişlər. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan qara ləkədir;
 
- 1960–1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reqqan və İn Ekker adlı ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilmişdir ki, onlardan da 11-i yeraltı sınaqlar olmuşdur. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bu günədək Əlcəzair tərəfinə təqdim etmir. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın verilməsi məsələsindən də boyun qaçırır;
 
- İşğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yerlərdən birini tutur. Ermənistan müttəfiqi Fransanın ənənələrini davam etdirərək işğal etdiyi Azərbaycan torpaqlarında bir milyondan artıq mina basdırmışdır və dəqiq mina xəritələrini ölkəmizə verməkdən imtina edir. 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın qəbul edilməsindən ötən dövrdə 270-ə yaxın Azərbaycan vətəndaşının mina qurbanına çevrilməsinin Fransa tərəfindən bir dəfə də olsa pislənilməməsi bu ölkənin humanitar hüquqa necə selektiv yanaşdığını növbəti dəfə nümayiş etdirir;
 
- Əlcəzairin 1830–1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən qətlə yetirildiyindən bu ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır;
 
- Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edən Fransa ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin xalqına muxtariyyət belə verməkdən imtina etmişdir. Hətta Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa bu ölkəni özünün bir parçası, dənizarxası ərazisi – Fransa Əlcəzairi adlandırmışdır;
 
- 1832-ci ildə El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilmiş, qadınlar və uşaqlar da daxil olmaqla, 12 min adam öldürülmüşdür;
 
- 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülmüş, 5 minə yaxın adam həbs olunmuş, 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilmişdir;
 
- 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxmışdır. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilmiş, mindən çox şəxs həbs edilmişdir. Bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olmuşdur;
 
- Fransa məqsədli şəkildə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirmişdir ki, bunun da nəticəsində XX əsrin ortalarında 9 milyonluq Əlcəzair əhalisinin 1 milyonunu avropalılar təşkil etmişdir. Eyni şəkildə Ermənistan işğal dövründə Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırmaya rəvac vermişdir;
 
- Fransanın işğal etdiyi Cibuti, Nigeriya və Çadda xalqın islam təhsili alması qadağan edilmiş, məscid və mədrəsələr dağıdılmışdı. Müsəlman alimləri həbs edilmiş, müqavimət göstərən on minlərlə müsəlman qətlə yetirilmişdi. Tarixə “elm adamlarının soyqırımı” kimi həkk olunan hadisəni də fransızlar törətmişlər. Fransızlar 1917-ci ildə Çadda dini həyatı yenidən nizamlamaq adı altında konfrans təşkil edərək tədbirə qatılan 400-ə yaxın müsəlman elm adamının hamısını güllələmişlər;
 
- XIX əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin 18 min ədəd kəllə sümüyü Parisin İnsan Muzeyində saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümüklərinin 500-dən çoxu əlcəzairli döyüşçülərin kəllə sümükləridir. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbini Fransa hələ də tam yerinə yetirmir. Bu cür mağara təfəkkürünə hazırda Fransadan başqa, dünyanın az dövlətində rast gəlmək mümkündür;
 
- Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda tarixə “Kasablanka döyüşü” kimi daxil olmuş hücumu nəticəsində 2 gün ərzində 3 minə yaxın mərakeşli qətlə yetirilmişdir;
 
- Tunisdə 1956-cı ildə mübarizə nəticəsində Fransa işğalına rəsmən son qoyulsa da, Fransa tərəfi ölkənin suverenliyinə hörmət etməyərək, bu ölkədə hərbi mövcudluğunu qoruyub saxlamağa cəhd göstərmişdir. 1961-ci ildə Tunis xalqının Fransa hərbi bazasının bağlanmasına dair tələbinə fransız hərbçilər qətllərlə cavab vermişlər. “Bizert böhranı” nəticəsində 5 minə yaxın tunislinin öldürüldüyü bu ölkənin Qırmızı Xaç Cəmiyyəti tərəfindən qeydə alınmışdır;
 
- Fransa işğal etdiyi ölkələrdə Cenevrə Konvensiyası ilə qadağan olunmuş kimyəvi silahlardan – zəhərli qazlardan istifadə etmişdir. Həmin qazların təsirinə məruz qalmış insanların nəvə-nəticələri bu gün də onkoloji və digər xəstəliklərdən əziyyət çəkir;
 
- Vyetnamda 1947-ci il noyabrın 29-da törədilmiş, “Mıy Ça” adlandırılan qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla, yüzlərlə vyetnamlını vəhşicəsinə öldürmüşlər. 400-ə yaxın evin yandırıldığı bu qətliamlar zamanı vyetnamlı qadınlar güllələnməzdən əvvəl fransız əsgərləri tərəfindən zorlanmışlar;
 
- 1994-cü ildə Fransa Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçirmişdir. Nəticədə Fransa silahlı qüvvələri onlara qoşulan yerli münaqişə tərəfinin iştirakı ilə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünü qətlə yetirmişlər. “Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul komissiya” tərəfindən 2021-ci il martın 26-da Fransanın dövlət başçısına təqdim edilmiş sənəddə Fransanın qətliamda məsuliyyəti qeyd olunmuşdur;
 
- 2021-ci il martın 30-da Birləşmiş Millətlər Təşkilatının Malidə sabitləşmə üzrə kompleksli çoxölçülü missiyasının (MİNUSMA) Müdafiə və insan hüquqları bölməsinin dərc etdiyi hesabatda Fransa hərbçilərinin Malinin Bounti kəndi yaxınlığında həyata keçirdiyi hava hücumu nəticəsində 19 mülki şəxsin həlak olduğu qeyd edilmişdir;
 
- 2020-ci ilin yanvar ayında Fransanın daxili işlər naziri Kristof Kastaner 2019-cu ildə Fransada antisemitizm hərəkətlərinin 2018-ci il ilə müqayisədə 27 faiz, müsəlmanlara qarşı hərəkətlərin 54 faiz artdığını, xristianlara qarşı hərəkətlərin sabit, lakin ən yüksək səviyyədə qaldığını etiraf etmişdir. Həmçinin o, əsasən təhdid xarakteri daşıyan irqçi və ksenofob hərəkətlərin 2018–2019-cu illər ərzində iki dəfədən çox artaraq 496-dan 1142-yə yüksəldiyini bildirmişdir;
 
- 2019-cu ilin fevral ayında Fransada yəhudi qəbiristanında təxminən 80 məzara boya ilə svastika və digər nasist simvolları çəkilmiş, antisemit şüarlar yazılmışdır. Ümumiyyətlə, 2019-cu ildə Fransanın şərqində yerləşən yəhudi qəbiristanlarında 180-dən çox məzar nasist simvolları ilə təhqir edilmişdir;
 
- Ermənistan tərəfindən xarici ölkələrdən, o cümlədən Fransadan şovinist, irqçi və terrorçu muzdluların və əcnəbi terrorçu döyüşçülərin müharibə zonasına gətirilərək Azərbaycana qarşı istifadə edildiyinə dair təkzibedilməz faktlar mövcud olsa da, Fransa hüquq mühafizə orqanları onları istintaqa cəlb etməməklə himayə edir. Terrorçuların Fransada himayə edilməsi yalnız müasir dövrlə əlaqəli məsələ deyildir. Belə ki, 1983-cü ilin iyulun 15-də Parisin Orli hava limanında Türk Hava Yollarının kassasında təşkil etdiyi bomba partlayışına görə həbs edilmiş və terror aktını törətdiyini boynuna almış ASALA terror təşkilatının üzvü, erməni mənşəli Varujan Karapetyan 8 nəfərin həlak olmasına və 61 nəfərin yaralanmasına səbəb olmaqla ömürlük həbs cəzasına məhkum edilsə də, 2001-ci ildə həbsxanadan azad edilmişdir. Həmçinin 1981-ci il sentyabrın 24-də Türkiyənin Parisdəki Səfirliyinə hücum təşkil edən ASALA terror təşkilatının üzvü Monte Melkonyan Türkiyə tərəfinin təkidləri nəticəsində həbs edilsə də, az sonra azad edilmişdir. Orli hava limanındakı partlayışda iştirakı təsdiqlənən M. Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılmış və o, 1989-cu ildə azadlığa buraxılmışdır. Fransanın himayə etdiyi bu terrorçular müttəfiqi olan Ermənistanda qəhrəman kimi qəbul edilmiş və sonralar Azərbaycan xalqına qarşı çoxsaylı terror aktları törətmişlər;
 
- Fransa Senatı və Milli Assambleyası Fransa vətəndaşlarının fundamental hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində apardıqları mübarizənin qarşısının alınmasında hökumət tərəfindən törədilən qeyri-qanuni əməllərə səssiz qalır. Bu baxımdan, “sarı jiletlilər” hərəkatının 15-ə yaxın üzvünün öldürülməsi, 4 mindən artıq nümayişçinin xəsarət alması, 3 mindən çox nümayişçinin cəzalandırılması, hətta hərəkatın rəhbərlərindən biri olan Erik Druenin başqa bəhanə ilə həbs edilməsi, eləcə də repressiya və cinayət əməllərinin normal və ədalətli araşdırılmaması Fransada mövcud olan vəziyyəti aydın göstərir;
 
- “dağlıq Qarabağ respublikası” adlı oyuncaq qurumun mövcud olmadığını Fransa parlamentarilərinin diqqətinə bir daha çatdıraraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslər ilə bağlı məsələlərin ölkəmizin daxili işi olduğunu və heç bir ölkə ilə müzakirə edilməyəcəyini bəyan edirik;
 
- Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığına qarşı növbəti addım atmaq əvəzinə Fransa parlamentarilərini ilk öncə öz hökumətini müstəmləkəçilik siyasətindən əl çəkməyə və artıq uzun müddətdir ki, müstəqilliyi uğrunda mübarizə aparan Yeni Kaledoniyanın azadlığını təmin etməyə çağıran qətnamə qəbul etməyə dəvət edirik;
 
- Qəmər Adaları İttifaqının ərazisi olan Mayotla bağlı BMT Baş Assambleyasının 1994-cü il 6 dekabr tarixli A/Res/49/18 nömrəli qətnaməsində Baş Assambleya Qəmər Federativ İslam Respublikasının Mayot adası üzərində suverenliyini bir daha təsdiq etmiş, Fransa hökumətini Qəmər arxipelaqının 1974-cü il dekabrın 22-də öz müqəddəratını təyinetmə referendumu ərəfəsində Qəmər adalarının ərazi bütövlüyünə hörmət edəcəyinə dair götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırmışdır. BMT-nin əlaqədar qətnamələrinə məhəl qoymayan və beynəlxalq hüquqa hörmət etməyən Fransanı sözügedən qətnamələri icra etməyə çağırırıq;
 
- Fransanı törətdiyi insanlığa qarşı cinayətləri və müharibə cinayətlərini tanımağa, vəhşiliklər törətdiyi xalqlardan üzr istəməyə, həmçinin təbii sərvətlərindən talan etdiyi dövlətlərə kompensasiya ödəməyə çağırırıq;
 
- Fransa parlamentarilərini öz Hökumətini ölkədə artmaqda davam edən irqçi, antisemit, türkofob və islamofob təzahürlərin qarşısını almaq üçün siyasi iradə nümayiş etdirməyə və bu halların qarşısını almağa yönələn qətnamə qəbul etməyə dəvət edirik. Fransa Parlamentinin deputatı Karlos Martens Bilonqoya (Carlos Martens Bilongo) qarşı qanunvericilik orqanında açıq irqçi şüarların səsləndirilməsi bu ölkədə irqçiliyin təhlükəli həddə olduğunu bir daha sübut edir.
 
Azərbaycan Respublikasının Milli Məclisi yuxarıda şərh olunanları, xüsusilə Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edir:
 
1. Fransa Hökuməti tərəfindən bitərəflik təminatı verilməyənədək onun Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi ilə bağlı təşəbbüs və fəaliyyətlərdə iştirakına imkan verilməməsi, bu məsələlər barəsində Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması.
 
2. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivlərinin aşkar edildiyi təqdirdə onların dondurulması.
 
3. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi.
 
4. Fransa şirkətlərinin Azərbaycan tərəfi ilə enerji sektorunda əməkdaşlığına yenidən baxılması.
 
5. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi və iqtisadi münasibətlərə yenidən baxılması.
 
6. Qoşulmama Hərəkatının sədri kimi, Fransanın müstəmləkəçilik siyasəti, insanlıq əleyhinə cinayətləri və hərbi cinayətləri ilə bağlı məsələlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması.
 
7. Fransanın islamofobiya siyasəti məsələsinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində gündəliyə çıxarılması.
 
8. Fransanın türkofobiya siyasəti məsələsinin Türk Dövlətləri Təşkilatı çərçivəsində gündəliyə çıxarılması.
 
Link kopyalandı!
Son xəbərlər