Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən İran xüsusi xidmət orqanlarının ölkəmizdə yaratdığı casus şəbəkəsi ifşa edilib.
Bu dəfə Azərbaycan vətəndaşları - Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Mirhafiz Cəfərzadə və Bəxtiyar Ağazadə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunublar.
Bu, son vaxtlar DTX-nin İrana çalışan şəxslərə qarşı ilk əməliyyatı deyil. Belə ki, təxminən iki həftə əvvəl bu qurum İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmənin ifşa edilməsi barədə məlumat yaymışdı.
Bugünkü məlumatda isə daha ciddi faktlar yer alır. Məsələn, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu etiraf edir ki, o, İranın əldə etdiyi məlumatları Ermənistana ötürməsindən məlumatlı imiş...
Bu isə həm də o deməkdir ki, İrana işləyən casusların əlində həm də şəhidlərimizin qanı var.
Ümumilikdə, bu hadisələr bir tərəfdən Azərbaycan hüquq-mühafizə orqanlarının xarici agent şəbəkəsinə qarşı qətiyyətli mübarizəsinin göstəricisidirsə, digər tərəfdən Tehranın ölkəmizə qarşı açıq düşmənçiliyinin təzahürüdür.
Bugünlərdə üzə çıxıb ki, Vətən müharibəsinin gedişində Azərbaycan ərazilərinin işğaldan azad olunan hissəsinə qanunsuz girən iranlı hərbçilər ermənilərin yenidən təşkilatlanmasına imkan yaradırmış. Belə ki, torpaqlarımız azad olunan zaman həmin ərazilərdə iranlılar olub. İranlı hərbçilərin ordumuzun irəliləməsini ləngitmək və ermənilərin yenidən qruplaşmasına imkan yaratmaq üçün ərazilərə daxil olduğu barədə məlumatlar var.
Ümumiyyətlə, İran Vətən müharibəsi başalayandan indiyədək, xüsusilə son vaxtlar Azərbaycanla bağlı destruktiv, aqressiv siyasət yeridir və təəssüf ki, bu, bəzən özünü həm də ölkəmizin daxilində də göstərir... Məsələ burasındadır ki, sadə vətəndaşlar DTX-nin açıqladığı məlumat sayəsində İranın ölkəmizdəki casuslarını tanıyırlar. Lakin İranın hərəkətlərini açıq və üstüörtülü təqdir edən bəzi vətəndaşlarımız da var ki, onları həmin şəxslərin sosial şəbəkələrdəki statuslarına baxanda görmək mümkündür. Belələri doğrudanmı görmürlər ki, İran, yumşaq desək, dost dövlət deyil... Budurmu sizin bəyəndiyiniz, müdafiə etdiyiniz dövlət? 30 il erməni işğalına dəstək verən, müharibə vaxtı Azərbaycanın qarşısını kəsməyə çalışan, indi Zəngəzur dəhlizinin qarşısını almaq istəyən, müstəqil Azərbaycanın mövcudluğu ilə barışa bilməyən İrana dəstək vermək Vətənə xəyanətdir!
Elə isə şərti adla iranpərəstlər adlandırdığımız kəslər nəhayət, reallığı anlayacaqmı? Görmürsünüz ki, İran bizə Ermənistan qədər düşmənçilik edir?
Belədirsə, bütün imkanları ilə Tehrana bəraət qazandırmaq istəyənlər iki dəfə düşünməli, öz vətəndaşlıq kimliklərini sorğulamalıdırlar.