Siyasət
3994
11 Nov 2022 | 17:56

"Azərbaycan bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq"

Vüqar Rəhimzadə: "Azərbaycan daim türk dünyasının sıx birləşməsinə davamlı töhfələr verir"
 
“Türk dünyasının birliyinin möhkəmləndirilməsi  dövlətimizin xarici siyasətində prioritetdir. Buna əmin olmaq üçün təkcə dövlət başçısı İlham Əliyevin cari il çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrə, eyni zamanda, həmin ölkələrin prezidentlərinin Azərbaycana səfərlərinin say tərkibinə, səfərlərin məqsəd və məramına, keçirilən görüşlərdə müzakirə olunan məsələlərin aktuallığına  diqqət yetirmək kifayətdir. Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak etmək üçün  noyabrın 10-da Özbəkistana səfər etdi. Bu, cənab İlham Əliyevin 2022-ci ilin ötən dövründə Özbəkistana sayca 3-cü səfəridir. Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub.  Hazırda iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Hər bir səfər münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev Özbəkistana bundan əvvəlki səfəri zamanı  Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində Fəxri qonaq qismində iştirak etmişdir. Bu dəvət qarşılıqlı əlaqələrimizin yüksələn xətlə inkişafına aydınlıq gətirməklə yanaşı, prezidentlərin şəxsi münasibətlərinə, etimadlarına işıq saldı. Hər bir səfər zamanı prezidentlərin  görüşündə də ayrı-ayrı sahələrdə əlaqələrin hazırkı inkişaf səviyyəsinə xüsusi diqqət yönəldilir, perspektivlər müzakirə olunur. Dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində  Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü. Hər iki görüşdə Azərbaycanın bu günlərdə tarixi Zəfərinin ikinci ilini qeyd etməsi önə çəkilərək dövlət başçısı İlham Əliyevə təbriklər çatdırıldı. “Sizin yaxın dostlarınız kimi biz də bu Zəfəri bayram etmişik. Bu münasibətlə Sizi bir daha təbrik edirəm. 12 Noyabr - Konstitusiya Gününüzü təbrik edirəm. Sabah sizdə Milli Olimpiya Komitəsinin 30 illiyidir, bu münasibətlə də təbrik edirəm, - Siz bu təşkilata rəhbərlik edirsiniz” söyləyən Özbəkistan Prezidenti bildirdi ki, bunlar elə hadisələrdir ki, yaxşı dostlar onları heç vaxt unutmamalıdırlar. İki dost ölkənin  münasibətləri strateji əhəmiyyət daşıyır. Əlaqələrimiz sistemlidir  və  konkret nəticələr verir.”
 
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında  bildirib.
 
Vüqar Rəhimzadə qeyd edib ki, tarixi Zəfərimiz  türk dünyasının birliyində də əhəmiyyətli rol oynayır:  “Ötən il Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim olunması ölkəmizin  bu birliyə, həmrəyliyə töhfələrinin davamlılığının təsdiqidir. Həmin Zirvə Görüşündə quruma sədrlik Azərbaycandan qardaş Türkiyəyə keçdi. Noyabrın 10-da keçirilən IX Zirvə Görüşündə isə qardaş Türkiyə sədrliyi Özbəkistana təhvil verdi. Dövlət başçısı İlham Əliyev Sammitdəki çıxışında bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, qardaş Türkiyəyə bir il ərzində təşkilatımızda uğurlu sədrlik münasibətilə təşəkkür edir, qardaş Özbəkistana sədrliyi dönəmində uğurlar arzulayıram. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir.”
 
Türk dünyasının  böyük bir ailə olduğunu bildirən YAP Xətai rayon təşkilatının sədri vurğulayb ki, keçirilən görüşlərdə  Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın möhkəmləndirilməsi prioritet məsələ kimi qarşıya qoyulur: “Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir.  Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması  kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir.”
 
Vüqar Rəhimzadə Azərbaycan dövlətinin xarici siyasətində diaspor quruculuğunun, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyinin təmin edilməsi istiqamətində atılan addımların uğurlu  nəticələrindən bəhs edərək diqqəti tarixi Zəfərimizdə  dünya azərbaycanlılarının həmrəyliyinin roluna yönəldib: “Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib. Ümummilli Liderin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu birliyin, həmrəyliyin möhkəmləndirilməsində, xaricdə yaşayan azərbaycanlıların vahid mərkəzdən idarə olunmalarında öz sözünü dedi. Artıq bu il tarixi Zəfərimizin reallıqları fonunda dünya azərbaycanlılarını bir araya gətirən Şuşada Zəfər Qurultayı keçirilərək  postmünaqişə dövründə  dünya azərbaycanlılarının qarşısında dayanan vəzifələr müzakirə edildi. Dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bu çağırışı etdi ki, acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.”
 
“Dövlət başçısı İlham Əliyev iştirak etdiyi beynəlxalq təşkilatların tədbirlərində yüksək tribunalardan  Azərbaycanın işğal dövrü ilə yanaşı, 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmünaqişə mərhələsinin reallıqlarını dünya ictimaiyyətinə çatdırır. Sözügedən Zirvə Görüşündə  “İki il əvvəl biz Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi” söyləyən Prezident İlham Əliyev bildirdi ki, 30 illik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Hazırda bu ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanılıb.  Dostluğumuzun, qardaşlığımızın nümayişi olan bu məqama da diqqət yönəldildi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olub.  Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlıq ifadə edildi. Prezident İlham Əliyev türk dövlətlərinin başçılarını Qarabağa və Şərqi Zəngəzura dəvət etdi”,- deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.
 
Vüqar Rəhimzadə vurğulayıb ki, “Gücümüz birliyimizdədir!” çağırışı tarixi Zəfərimizdən sonra da aktuallığını  qoruyur. Bu çağırış sözdə deyil, reallıqda öz əksini tapır.
 
Link kopyalandı!
Son xəbərlər