Fransanın "La Gazette"xəbər portalında noyabrın 7-si ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Vaşinqtonda keçirilən görüş zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun erməni həmkarı Ararat Mirzoyanı sülh prosesini pozacaq hərəkətlərdən çəkinməyə çağırdığı barədə məqalə dərc olunub.
Moderator.az Trend-ə istinadən bildirir ki, məqalədə bilidirilib ki, ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Vaşinqtonda "Blair House" rəsmi qonaq evində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib: "Görüş zamanı Azərbaycan tərəfi Ermənistanla sülh sazişinin tezliklə bağlanmasına sadiqliyini və hazır olduğunu təsdiqləyib və qarşı tərəfi bu prosesi pozacaq hərəkətlərdən çəkinməyə çağırıb".
Məqalədə vurğulanıb ki, nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd ediblər.
"Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq edib", -deyə məqalədə qeyd edilib.
ABS Dövlət Departamentinin mətbuat xidmətinə istinadən, həmçinin, əlavə edilib ki, Birləşmiş Ştatlar həm Azərbaycanın, həm də Ermənistanın suverenliyini və ərazi müstəqliyyini qətiyyətlə dəstəkləyir.
"Azərbaycan və Ermənistan sülhə doğru cəsarətli addımlar atırlar. Birbaşa dialoq həqiqətən davamlı sülhə aparan ən yaxşı yoldur və biz bunu dəstəkləməkdən çox məmnunuq. İndi gördüyümüz hər iki ölkənin keçmişi arxada qoymaq və davamlı sülhə nail olmaq üçün işləməyə doğru real və cəsarətli addımlarıdır", -deyə məqalədə ABŞ dövlət katibi E.Blinkenin bazar ertəsi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən əvvəl verdiyi açıqlamaya istinadən vurğulanıb.