Azərbaycan - Ərəb Liqası arasında əlaqələrin inkişafında yeni mərhələ...
4198
03 Nov 2022 | 19:42

Azərbaycan - Ərəb Liqası arasında əlaqələrin inkişafında yeni mərhələ...

Azərbaycan xarici siyasəti  müasir dünya diplomatiyasında mükəmməl və qüsursuz gedişləri ilə xüsusi diqqət mərkəzindədir.  Bu gün qütbləşən və konfliktlər mənbəyinə çevrilən beynəlxalq münasibətlərdə Azərbaycan Prezidentinin yürütdüyü siyasət bölgədə və dünyada sülh və əmin-amanlığa yönəlib. Belə ki, Azərbaycan xarici siyasətində bərabərhüquqlu, sağlam, qarşılıqlı əməkdaşlıq münasibətləri artırmaq əsas prioritet təşkil edir. Ölkəmizin beynəlxalq münasibətlərdə düşünülmüş, son dərəcə dəqiq xarici siyasəti ilə ölkələrin, beynəlxalq təşkilatların vacib tərəfdaşına çevrilməklə qlobal arenada nüfuzu gunbəgün artmaqdadır. Bu baxımdan  Ərəb dövlətlərinin beynəlxalq təşkilatı kimi  nüfuzlu Ərəb Dövlətləri Liqası bu siyasi kursda xüsusi yer tutur.
Tolerantlıq, multikultural dəyərlərin ünvanı kimi bütün xalqlara, millətlərə qucaq açan əhalisinin mütləq əksəriyyəti müsəlman olan Azərbaycan İslam dünyası üçün də vacib ölkələr sırasındadır.  Beynəlxalq forumlarda, tədbirlərdə İslam həmrəyliyinə kifayət qədər töhfəsi ilə seçilən Azərbaycanda 2017-ci il  “İslam Həmrəyliyi İli” elan olunmuş və birlik  bayramına çevrilmiş IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmişdir.
Ölkəmizin  Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında  təmsil olunması da şübhəsiz ki, xarici siyasət kursumuzun növbəti əlamətdar hadisəsidir. Bu mötəbər sammitdə Azərbaycanın iştirakı dostluğun, qardaşlığın ölkələrimiz arasında birliyi nümünəsi kimi yadda qaldı.
Prezident İlham Əliyevin toplantıya evsahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində fəxri qonaq statusunda iştirakı ölkəmizə, onun liderinə göstərilmiş yüksək sayğının nəticəsi idi.
Toplantıda çıxış edən Prezident İlham Əliyev  sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak etdiyini bildirərək, ölkəmizin Ərəb Dövlətləri Liqasına üzv dövlətlərlə çox yaxşı münasibətlərinin olduğunu, yaxın gələcəkdə bu əməkdaşlığıın genişlənəcəyini vurğuladı.
Dövlətimizin başçısı Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış şəhidlərin abidəsini, Mücahidlər Muzeyini ziyarət etdiyini vurğulayaraq, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığın, kütləvi qətllərin unudulmamasının vacibliyinə toxundu. Qeyd etdi ki, Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı amansız müharibə aparıb.  Dəhşətli statistika onu göstərir ki, bu müharibədə 1,5 milyon əlcəzairli həyatını itirib və biz gələcəkdə belə facilərin yaşanmaması üçün əlimizdən gələni etməliyik.
Prezident ölkəmizin də Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini, torpaqlarımızın otuz il Ermənistanın işğalı altında qaldığını və bu dövr   ərzində Azərbaycanın həmişə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dəstəyini hiss etdiyini diqqətə çatdırdı. Ölkə rəhbəri Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri olduğunu  və 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzv  dövlətlərin əməkdaşlığı genişləndirmək niyyətini söylədi.
Prezident bəyan etdi ki,  iki il öncə ölkəmiz  Ermənistanın torpaqlarımızın otuz ilə yaxın davam edən işğalına son qoydu. Dünyanın aparıcı, nüfuzlu beynəlxalq təşkilatların, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul olunması, lakin həmin qətnamələrin kağız üzərində saxlanılması   təəssüf dogurur.
Ölkəmizin başçısı daha sonra qeyd etdi ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma torpaqlarımızın bütövlüyünü ehtiva edən həmin qətnamələr ikili yanaşmaya görə otuz il ərzində icrasız qaldı.  İşğal altındakı ərazilərimizdəki yaşayış məskənlərini yerlə yeksan edən Ermənistan tarixi abidələrimizi, o cümlədən, müqəddəs yerlərimizi də dağıtmaqdan, təhqir etməkdən çəkinmədi.
Hazırda Böyük Qayıdış proqramının icrasına başlanılıb, məqsədli şəkildə viran olunmuş ərazilərimizdə Azərbaycan quruculuq prosesini   öz hesabına reallaşdırır.    
Prezident İlham Əliyev çıxışında müharibə cinayətlərinə də toxunaraq,   insanlıq əleyhinə dəhşətli bir statistikanın müqayisəsini apardı. Dövlətimizin başçısı  işğal zamanı fransızların Əlcəzairdə  5 milyondan çox, oxşar senari ilə Ermənistan tərəfindən azad olunmuş ərazilərimizdə  bir milyondan çox minanın basdırılmasını xatırlatdı və qeyd etdi ki, müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olub, yaxud ciddi yaralanıb.  
Bu özünü dünya çapında diletant kimi buabır edən Makron və onun kimi siyasətçilərə tarixi faktla verilən layiqli cavab idi. Bununla Azərbaycan Prezidenti bir daha “nəyi nə vaxt etməyin lazım olduğunu” bildiyini təsdiq etdi.
Əlcəzairdə keçirilən Zirvə toplantısı Prezident İlham Əliyev tərəfindən yürüdülən xarici siyasət kirsunun daha bir üstünlüyünü də ortaya qoydu. Tədbirdə Azərbaycanın yüksək mövqeyinin və ölkə Prezidentin simasında dövlətimizə göstərilən diqqətin şahidi olduq. Bu gün həm Avropa, həm Türk Dövlətləri Birliyində, həm də digər beynəlxalq təşkilatlarda aktiv iştirakı və gücü ilə seçilən Azərbaycan lider dövlət statusunu təsdiq edir. Dövlətimizin başçısının birbaşa rəhbərliyi ilə aparılan xarici siyasət ölkəmizə qüdrət, bölgəyə sülh vəd edir.
 
Rəşad Mahmudov,
Milli Məclisin deputatı
Link kopyalandı!
Son xəbərlər