"Rusiya tarix boyunca Azərbaycana qarşı olub və ondan hər hansı dəstək gözləmək yersizdir".
Moderator.az bildirir ki, bunu milli.az-a açıqlamasında hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.
O bildirib ki, Azərbaycan İrəvanın Bakıya qarşı istənilən addımına tutarlı tədbirlərə hazır olmalıdır:
"Azərbaycan xalqına qarşı törədilmiş soyqrım və cinayətlərdə birbaşa iştirakı olan dövlətin atacağı hər hansı xoş məramlı addımın arxasında mütləq növbəti bir təxribat var.
Ermənistanın öz milli iradəsi və qərarı yoxdur. Hazırda regionda gedən iqtisadi və siyasi proseslərə təsir göstərə bilmək adına Qərbin, Rusiyanın və İranın nifaq masasında parçalanmaq üzrədir. Bu səbəblə Ermənistanın imzaladığı hər hansı sənədin əhəmiyyəti yoxdur və mövcud vəziyyətdən zərərli çıxmamağımız üçün qabaqlayıcı tədbirlər görülməlidir.
Azərbaycan Vətən müharibəsində möhtəşəm zəfər qazandı. Amma əldə olunmuş qalibiyyətin təsdiqlənməsi üçün hibrid müharibə hələ də davam etməkdədir. Düşmənlər içəridən və xaricdən öz əməllərinə davam etməkdədirlər. Bir tərəfdə xarici düşmənlərlə diplomatiya, informasiya və iqtisadi müstəvilərdə mücadilə edərkən daxildə baş verən prosesləri də unutmamalıyıq.
Hüququn, elmin, səhiyyənin, silahlı qüvvələrin və iqtisadiyyatımızın inkişafı adına ciddi islahatlara ehtiyac var. Unutmayaq ki, dövlətin əsl gücü onun vətəndaşlarının rifahı və haqqının qorunması ilə təcəlli edər. Bugün dünyada yaşayan 350 milyon Türk soydaşımıza nümunə ola biləcək bir ölkə modeli qurmaq zamanıdır.
Bunun üçün isə zaman-zaman parçalanmış Azərbaycanın yenidən bərpa olunmasına inanmış və qətiyyətlə çalışmağa hazır mübariz yeni bir cəmiyyət formalaşmalıdır.Bu yola çıxa bilmək üçün ən başda içimizdəki fərqində olaraq və ya olmayaraq düşmələrimizə xidmət edən rüşvətxor, yaltaq, vicdansız və əqidəsiz məmur sürülərindən qurtulmalıyıq. Tarix yenidən yazılır və bu sürəcdə gələcək nəsillərə Müstəqil Böyük Azərbaycanı miras buraxmaq borcumuzdur".
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı təsdiq edib ki, Ermənistan oktyabrın 31-i Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə Qarabağdakı rusiyalı sülhməramlıların mandatının uzadılması barədə təkliflə çıxış etsə də sözügedən təklif qəbul edilməyib.