Dostumuz düşmənimizdən bəd çıxdı. İranın son qərarları, Azərbaycana qarşı düşmənçilik meyillərini artıq gizlədə bilməməsi bizə bu rejimi bir az da yaxından tanımaq imkanı verdi.
İran Azərbaycanın uğurlarına daim qısqanclıqla yanaşıb. Bu, istər Azərbaycanda "din" pərdəsi altında radikal qruplaşmaların yaradılmasında, qızışdırılmasında, istər rəsmi şəxslərin və əmmaməli mollalarının zaman-zaman Azərbaycanın suverenliyini və mövcudluğunu şübhə altına alan bəyanatları, istərsə də Azərbaycanın Qarabağ bölgəsini işğal altında saxlamış Ermənistanla sıx siyasi, iqtisadi əməkdaşlıq qurmasında və nəhayət Vətən müharibəsindəki tarixi Zəfərdən sonra ölkəmiz, eləcə də region üçün yaranmış yeni geosiyasi reallığı qəbul etməməsində özünü açıq büruzə verdi.
Ötən gün Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri nəticəsində İran kəşfiyyatının azərbaycanlılardan ibarət yaratdığı 19 nəfərdən ibarət silahlı birləşmənin ifşa edilməsi və ortaya çıxan faktlar bir daha rəsmi Tehranın Bakıya qarşı düşmənçilik, nifrət çalarlarını yenidən aydın şəkildə üzə çıxardı. Şübhəsiz ki, İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə İran hökümətinin tapşırığını yerinə yetirmək üçün planlanıb.
İran səfirliyinin maşını ilə Azərbaycana göndərilən dini işarələrin yer aldığı geyim dəstləri ilə bağlı detallardan məlum olur ki, cənub qonşumuz Azərbaycanda özünə çox etibarlı dini-ekstremist dəstə yaradaraq ölkədə "cihada", vətəndaş müharibəsinə, xaosa səbəb olacaq silahlı toqquşmalar üçün ciddi hazırlıq görürmüş.
Artıq heç kəsə sirr deyil ki, İran 30 ilə yaxın Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin yerüstü və yeraltı sərvətlərinin talanmasında aktiv iştirak edib. Dini və tarixi mədəniyyət abidələrinin, o cümlədən ibadət yerlərinin (məscidlər) dağıdılmasına göz yumub. İşğal dövründə Qarabağın viran qoyulması, sərvətinin talanmasında da İran şirkətlərinin üstyünlüyü, fəallığı (2017-ci ildə İranın "Mellat" bankının İrəvan filialının keçmiş şöbə müdiri, Ermənistan vətəndaşı Hraçya Ovanesyanın işdən azad olunduqdan sonra Qarabağda işləyən 50-dən çox İran şirkətinin yer aldığı siyahını dərc etməsi idi. Həmin gizli siyahlda tikintidən tutmuş hərbi sahəyə qədər müxtəlif profilli şirkətlərin Qarabağda çalışdığı təsbit olunmuşdu. İran şirkətlərinin işğal dövründə Qarabağda fəaliyyətinin tam miqyasının bundan çox olduğu isə sirr deyil) diqqətdən qaçmır.
Bütün bu illər ərzində İran rəsmilərinin səsləndirdikləri bəyanatlar və açıqlamalarda Azərbaycanla mehriban qonşuluq, din və məzhəb həmrəyliyi, ortaq tarixi və mədəni məqamlara vurğu edərək münasibətlərin "inkişafından" dəm vururdular. Lakin yaxın keçmiş rəsmi Tehranın verdiyi bəyanatlarla əməli fəaliyyəti arasında böyük uçurumun olduğunu göstərdi.
Bu, xüsusən Vətən müharibəsinin gedişində özünü göstərdi. Müharibənin gedişində dəfələrlə İran-Ermənistan sərhəddində hərbi təyinatlı texnikanın daşınmasını əks etdirən videogörüntülərin yayılması azmış kimi, digər tərəfdən Vətən müharibəsi zamanı üçüncü ölkələrin Ermənistana göndərdiyi hərbi yardım da Gürcüstanın hava məkanını bağlaması səbəbindən İran ərazisindən Ermənistana çatdırılırdı.
Birinci Qarabağ müharibəsində olduğu kimi bu dəfə də İran Ermənistan üçün siyasi, hərbi və iqtisadi "nəfəslik" funksiyalarını üzərinə götürərək öhdəsindən gəlmək üçün bütün qapılarını İrəvanın üzünə taybatay açmışdı. Amma tehran rəsmi səviyyədə bu ermənipərəst siyasətini inkar edərək tərəfləri sülhə çağıraraq gözdən pərdə asmaq niyyətindən də əl çəkmirdi.
Baxmayaraq ki, İranın rəsmi İrəvana dəstəyi ilə bağlı hətta erməni siyasətçilər də açıq etiraflar edirdilər. Hələ 2021-ci ildə "Daşnaqsütyun" partiyasının Tehran ofisinin rəhbəri İsak Hunanisyan İran hakimiyyətinin Ermənistana "Bayraqdar TB-2" dronlarını yerə endirməyə imkan verən radioelektron mübarizə vasitələri təklif etdiyini, lakin erməni tərəfinin buna "yox" cavabı verdiyini demişdi.
Amma bu gün biz görürük ki, artıq İran-Ermənistan dostluğu, qardaşlığı Azərbaycana qarşı açıq cəbhə almaq fonunda özünün ən dürüst, ən pak dövrünü yaşayır. Ona görə dürüst ki, artıq İran Azərbaycanı aldatmağın mümkünsüz olduğunu anladığı üçün Ermənistanla hərbi, siyasi əməkdaşlığının hansı səviyyədə olduğunu açıq şəkildə nümayiuş etdirə bilir.
Biz bunu ötən gün Nikol Paşinyanın Tehran səfəri zamanı da aydın sezdik. Paşinyanı Tehranda "Bismillah rəhmani rəhim"lə qarşılayan İbrahim Rəisi bildirib ki, "regionun problemlərini region ölkələri həll etməlidir və xaricilərin regiona hər-hansı müdaxiləsi problemlər yaradacaq".
İran prezidentinin "xaricilər" deyəndə Türkiyəni nəzərdə tutduğu və Azərbaycana qarşı "sionist" iddialarının davamı olduğu bəllidir. Hərçənd, region ölkəsi olmayan Fransanı bölgəyə gətirən Ermənistandır. Rəisi isə Nikolu Quran ayəsi ilə salamlayır və "xariciləri" bölgəyə gətirən erməni baş nazirə uydurduqları "düşmən"dən şikayət edir.
Bu görüşün əsas iki məqsədi:
⚫️ Ermənistan İrandan kamikadze dronları əldə etmək - Tehranın Azərbaycana nifrəti, kini o həddədir ki, indiki situasiyada İrandan Ermənistana nüvə başlıqlı kütləvi qırğın silahı ötürməyi də gözləmək olar, ehtimallar az deyil.
⚫️ Regionda anti-türk bloku yaratmaq üçün konkret addım atmaq
Deyərdim ki, qardaşlar hər iki məsələ ilə bağlı çoxdan şifahi razılığa gəlmişdilər, qalmışdı bunu rəsmiləşdirmək. Amma əslində Tehranla İrəvanın dostluğu, müttəfiqliliyi o səviyyədədir ki, bu iki ölkə arasında hər hansı bir rəsmi müqavilə, sənədlər olmasa belə İran Ermənistana öz sadiqliyini nümayiş etdirəcək əqidəyə sahibdir. Necə ki, eyni addımı istər 30 illik işğal zamanı, istərsə də postkonflikt dövründə Azərbaycana güc nümayişləri, edilən təzyiqlər fonunda aydın hiss edə bildik. İran və Ermənistanın anti-türk blokunda yer alacaq digər dövlətlərin də adı (Fransa, Hindistan) heç kimə sirr deyil.
Son gərginliklər fonunda İranla "uzun yola" çıxdığımız qənaətindəyəm. Yəni budəfəki gərginlik əvvəlkilərdən fərqli olaraq epizodik maraq toqquşmalarından daha çox, tərəflər arasındakı fundamental geosiyasi baxış fərqliliyindən qaynaqlanır. Bu müstəvi beynəlxalq əlaqələrdə iki ölkə arasında münasibətlərin ən soyuq mərhələsinin başladığına işarə edir.
Belə bir məqamda İran Prezident Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidinin "İran İslam Respublikası İslam ərazilərinin azad edilməsi və Azərbaycana qaytarılmasını alqışlayıb və dəstəkləyib. İndi azad olunduğuna görə, başqa ərazilərin ələ keçirilməsi işğaldır" açıqlaması özünü batırmaqdan başqa bir şey deyil.
Ay Cəmşidi, bəs Arazın bu tərəfinə keçməyi istəmək nədir? Qarabağın dağlıq hissəsindən erməni terrorçuların çıxarılmasını tələb etməmək işğala dəstək vermək deyil, bəs nədir?
O zaman mən xatırladım, sən dinlə:
✔️ İran hazırda Ermənistan ərazisi hesab edilən Qərbi Zəngəzurda konsulluq açan yeganə ölkədir
✔️ İran Ermənistanın Azərbaycanla 2 kilometrlik sərhədində rəsmi nümayəndliyi olan yeganə ölkədir
✔️ İran Ermənistan ilə ticarət dövriyyəsini 3 dəfə artırmağı hədəfləyən yeganə ölkədir - Tehran ticarət dövriyyəsini il ərzində 1 milyard dollara, daha sonra 3 milyard dollara çatdırmağa çalışır. Belə olan halda - Tehranın istədiyi kimi ticarət dövriyyəsi 3 milyard dollar olarsa o zaman İran Ermənistanın ən böyük ticarət tərəfdaşı olacaq.
✔️ İran Ermənistanla iqtisadi əlaqələrini bu il 40 faizdən çox artıran yeganə ölkələrdəndir (Bu ilin 8 ayında iki ölkə arasındakı ticarə dövriyyəsi 43,0 % artıb)
✔️ İran Ermənistanın xarici ticarət dövriyəsində ilk üçlüyə daxil olan ölkədir
Bəs deyirdin İran "İslam ölkəsidir, İran şiə qardaşlarını haqq mübarizəsində dəstəkləyir, İran haqqın yanındadır? Sizin tərəzinizdə Ermənistan ağır gəlir. İncimə, amma demək ki, o tərəzi də sahibi kimi xarabdır. /Milli.az/