Siyasət
4018
29 Oct 2022 | 14:38

"Onların bəslənmə yollarını, qidalanmasına yardım edən can damarlarını qırmalıyıq..."

CƏBHƏ XƏTTİ
Tanımadığım qadındır. Həyat yoldaşı ilə qəbuluma gəlib. Söhbət edirəm. Qara çarşabda, gözləri də görünməz halda. Savadsızdır, orta məktəbi zorla biritib. İki il öncə başı açıq olub. Söylədiyinə görə, qonşudakı qadının köməyi ilə hidayət olub və dinə gəlib. Özünə “müsəlmanam, amma şiəyəm” deyir. "Kimi təqlid edirsən?” sualıma çəkinmədən “Ağaye Sistani”ni deyir. “Bəs niyə onu, hansısa əsəri, fikri ilə tanışsanmı?” “Xeyr, hacıxanım özü deyib ki, onu təqlid etmək lazımdır ki, adımızı İrana qoşmasınlar. Əslində daha çox İrandan gələn yazıları oxuyur, videoları izləyirəm”. Yoldaşı da savadsızdır. Əlində əsəbi halda təsbehini fırlayır. Haradasa bənna işləyir. Söhbətdən tutursan ki, “Sionist”, “Yezid”, “Vəhabi”, “İmam-Zaman”, “Fərmandeh” kimi leksionlarında məhdud bir terminologiyaları var. Məhkəmə problemləri var, bir tanışımın xahişi ilə qəbul etmişəm. Əlbəttə, köməklik göstərdim, necə olsa öz millətimizin beyni yuyulmuş zavallı övladlarıdır. Ancaq anlayıram ki, bunları əməlli-başlı bir militan kimi yetişdirmişlər. Necə şəbəkə qurduqlarını müəyyənləşdirmək çətin deyil. Bu insanlar üçün zaman söhbəti yoxdur, illər sonrasını hədəfləyirlər və işlərini daha fundamental görürlər. Bu gün Azərbaycanda, Gürcüstanda üzə çıxan ünsürlər neçə il əvvəldən başlanan işlərin məhsuludur. İşə başyanda indiki kimi aqressiv deyildilər. Analar, qadınlar, məhəllə böyükləri vasitəsilə bir həmrəylik mərkəzləri kimi qruplaşırlar. Bir-birinə yardım etmək, yemək paylamaq, xəstələrə, kimsəsizlərə sahib çıxmaq, yetim qızlara cehiz hazırlamaq kimi kiçik xeyriyyə işləri ilə hər kəsin ürəyinin içinə girməyi bacarırlar. Özü də başlanğıcda pul xərcləmək lazım olur. Daha sonra öz içlərindən imkanlılar xərcləyəcəklər, axı məzhəbə görə malın halal olması üçün müəyyən miqdarda ondan xeyriyyə məqsədi ilə çıxılmalıdır. "Həmrəylik" adlandlrdığımız bu sistemin işi daha çox şüuraltına təsir göstərməkdir. Öz qurbanlarını zəif, bədbəxt insanların arasından seçməklə məzlumluq anlayışını beyinlərə aşılayırlar və bu mənada imam Hüseynlə bir vəhdət təşkil etdiklərini göstərməyə çalışırlar. Əsas etirarilə də buna nail olurlar. İllərlə zülmdən, zalımlardan, ölüm-itimdən, aclıqdan mərsiyələr oxunur və bu şəkildə insanların aqressiv hisslərini pik həddə çatdırırlar. Bu aqressiv kütləni çox asan bir şəkildə istədikləri səmtə yönəldə bilirlər. Onsuz da qəliblər, sxemlər hazırdır, sözdə "zalım" var, "zülm görən" var. Sistem beləcə çalışır. Məhəllələrdə qadın həmrəyliyindən məhəllə hüseyniyyələrinəcən hər şey saat kimi işləyir. Qadınlar müxtəlif kurslara, əl işlərinə cəlb olunur. İnsanları ağlatmaq, duyğulandırmaq üçün silsilə saçma-sapan rəvayətlər əzbərlədilir. Tipik bir qeyri-rəsmi İncəsənət Universitetidir bu. Tam bir artistlik qabiliyyəti aşılanır. Gənclər bir tərəfdən dini söhbətlərə yönəldilir, digər tərəfdən də hər məhəllədə olan idman salonlarında güc-qüvvətlərini artırırlar, eyni zamanda artıq aqressiyalarını boşaldırlar. Bu gənclərə universitetə qəbul olanda, işə girəndə və s. şəraitdə üstünlük verilir, bu şəkildə müxtəlif mütəxəssislər də işə cəlb olunur. İş qurmaq istəyənlərə banklardan asan kreditlər əldə olunur və s. Beləcə illər keçir və hazır hörgüt halına gəlirlər. İş buraya çatanda qarşısını almaq çətinləşir. 
Bunun üçün də məhəllələrdə, məscidlərdə, bölgələrdə hətta binalarda o yerlərdəki insanları tanıyan, köməyə ehtiyacı olanları tapıb yardım edə bilən insanlar ola bilər, onlarla qeyri-hökumət və dövlət təşkilatlarımız işləməlidir. Şiddət görən, xəstəliyi olan, yetimə baxan yalnız bir qadının hansısa mollabacıdan, hacıxanımdan öncə dərdini deyə biləcəyi bir yer olsa çox bəlaların önünə keçmək olar. Həmən-həmən hər rayonda gözəl idman salonları tikilib, ancaq istifadə olunarsa, gənclərin başının üstündə hansısa hörgütdən deyil, ölkəsini sevən biri olarsa işlər müsbətə döğru irəliləyə bilər. Ölkəmizdə qadınlarla bağlı siyasət daha da ciddi məzmun almalıdı. Televiziyalar "hərşeyşünas" ekspertlər tərəfindən zəbt edilib, millətə sırıdıqları həyasızlıq, ləçərlik, tərbiyəsizlikdən başqa bir şey deyil. Belə bir "ekspert" bir kənd sakininə "niyə şəhərə gəlmisən" deyə bağıra bilir. Halbuki ölkədə hər kəs öz qabiliyyətinə bacarığına görə istədiyi yerdə yaşamağı seçə bilər. Bir şəhərli də qalxıb kəndə gedə bilər, kənd təsərrüfatına faydalı töfhələri ola bilər. Ancaq sən əgər kənddə yaşamağa, sosiallaşmağa imkan yaratmamısansa, adam ilk fürsətdə bu mühitdən qurtulmağa çalışacaqdır. Təəssüf ki bu bayağı verilişləri də izləyən daha çox ev qadınlarıdır. Qadın deyəndə sıradan bir fiziki şəxs nəzərdə tutmaq insafsızlıq olar, qadınlar millətin gələcəyini böyüdən, onlara tərbiyə verən insanlardır və onları da müxtəlif seriallar, televiziya proqramları yönləndirir. 
Azərbaycan dilində bir dənə də olsun modelləşdirməyə, texnologiyaya, ölçü götürməyə, ülgü çıxartmağa aid kitab tapa bilmirsən. Neçə milyonluq qadın cəmiyyəti olan bir ölkədə bir qadın öz başına, hansısa kitabın köməyi ilə tikiş öyrənmək istəsə əli boşda qalacaq. Saysız-hesabsız rus, türk dillərində bu mövzuda kitablar var, hətta rahatca pdf- lərini endirmək olur. Ancaq öz dilimizdə bunu tapmaq mümkün deyil. Ölkəmizdə xanımların evdə məşğuliyyətinin, ev şəraitində pul qazana bilmək imkanlarının təşkil olunması olduqca faydalı ola bilərdi. Televizyadan, mətbuatdan, məhəllə quruluşlarından, idman salonlarından və təbii ki təhsil ocaqlarından istifadə etməklə biz də nəzarəti bir şəbəkə halına gətirə bilərik. Ancaq qarşılarına təşkilatlanmış bir şəkildə çıxmaq daha uğurlu olardı. Kişilərin də əsas problemi işsizlikdir. İran yalnız din narkotikasını deyil, həm də vücud narkotikasını effektli şəkildə ölkəmizdə yaymağa nail olub. Bu məsələlər yalnız polis zopası ilə önlənə bilməz, bütün cəmiyyətimizin sağlam düşünən insanları sadə ibadət əhli ilə İran dövlətinin ölkəmizdəki agentura şəbəkəsini ayırd etməlidir, savadsaz insanlarımızın dini duyğularını istismar edərək buradakı hörgütlərin toruna düşməsinin qarşısını almalıdırlar. Bir şeyi bilməliyik, Azərbaycanda İslam adına ancaq bir termin var, o da müsəlmandır. Bu müsəlman əgər Azərbaycan vətəndaşıdırsa, o, Azərbaycan dövlətinin qanunlarına tabe olmalı, öz vətənini imanı qədər əziz tutmalıdır. Başqa dövlətə casusluq etməsini, onun təbliğatını aparmasını din, məzhəb adı ilə pərdələməyə çalışanları erməni kimi görməliyik, yəni düşmən olaraq! Millətimizə qarşı soyqırımını quzeydə gerçəkləşdirən erməni Qriqoryan Kilsəsi ilə güneydə gerçəkləşdirən Qum Farsiyan məscidi arasında hansısa fərq varmı?
Ona görə bəslənmə yollarını, qidalanmasına yardım edən can damarlarını qırmalıyıq. Bu da bir taleyimizi həll edəcək cəbhə xəttidir və ən təhlükəslisi də odur ki, bu cəbhə xətti öz içimizdən keçir.
 
Fazil Mustafa, Millət vəkili
Link kopyalandı!
Son xəbərlər