Rusiya ermənilərin dərdini Ermənistandan çox çəkirmiş. Bunu Rusiya prezidenti Vladimir Putinin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında səsləndirdiyi fikirlər deməyə əsas verir.
Açığı, Soçi görüşü öncəsi Rusiya tərəfindən münasibətlərin yumşaldılması, Ermənistanın Qərbə qucaq açması məsələsini əngəlləmək istiqamətində Moskvanın addımlar atacağı gözlənilən idi. Amma istər öncə XİN-in mətbuat xidmətinin sözçüsü Maria Zaxarovanın, istər dövlət telekanallarının, istərsə də nəhayət ötən gün dövlət başçısı səviyyəsində İrəvana veriləcək "faydalı" məsləhətlərin bu qədər olacağı və bir-birini əvəzləyəcəyi bir balaca təəccübləndirdi.
Rusiya niyyətini açıqladı
V. Putin iclasda "Rusiya uzun illərdir ki, Ermənistana Qarabağ məsələsində 5 rayonu Bakıya verməyi təklif edib, lakin İrəvan öz yolu ilə gedib" deməklə Ermənistana "bir dəfə bizi dinləmədiniz, o 5 rayonu da , üstəlik bütün Qarabağı itirmək təhlükəsi ilə üz-üzə qaldınız" xəbərdarlığını etmiş oldu.
Ardınca Putin bildirib ki, "Vaşinqton variantı" Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutur. Nəzərə alsaq ki, Vaşinqton planında qeyd olunur ki, qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazisini dərhal tərk etməli, Qarabağın Azərbaycanın tərkibinə dərhal verilməli, Qarabağın "statusu" müzakirə mövzusu olmamalıdır, o zaman Kreml rəhbərinin İrəvana hansı mesajı ötürdüyünü anlamaq elə də çətin deyil.
Bununla Rusiya dövlətinin başçısı Ermənistan rəhbərliyinə Soçi görüşü öncəsi, xüsusilə də sülh müqaviləsinin imzalanması üçün önəmli qərarların qəbul ediləcəyi gözlənilən növbəti Brüssel görüşü ərəfəsində elan etdi ki, "əgər bu dəfə də Rusiyanın sözünə qulaq asmasan Qarabağı tamamilə itirəssən və bu məsələ tarixin yaddaşına köçəcək". Beləcə, Rusiya göstərmək istəyir ki, Qərbə yaxınlaşma Ermənistanın maraqlarına ziddir.
Bunu başqa cür desək, Putin sözügedən fikirləri ilə Ermənistanı Azərbaycana qarşı ərazi iddiasından əl çəkməməyə təşviq etmək niyyətini gizlətmədi. O, bu açıqlama ilə Ermənistanı sözügedən görüşlərdə destruktivliyini davam etdirməyə, sülh müqaviləsini imzalamamağa çağırdı.
Zaman Ermənistan üçün daralır, həyəcanlanan Kreml
Putin bir daha rəsmi İrəvana "Vaşinqton variantı"nın Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutduğunu xatırlatmaqla Ermənistanda müxalifəti və 44 günlük müharibədə, eləcə də ondan sonrakı silahlı insidentlərdə həlak olan erməni hərbiçilərinin ailələrini Nikol Paşinyana qarşı hazırlamaq niyyətindədir. Kreml rəhbəri bununla erməni baş nazirin Qərb yolunu tutacağı təqdirdə (Azərbaycanla sülh müqaviləsi imzalayaraq Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımaq) ölkədə "Qarabağı Azərbaycana verəciydinsə, o zaman niyə minlərlə erməni gəncinin ölümüə səbəb oldun" şüarları ilə qarışıq daha böyük miqyaslı etiraz aksiyaları nəticəsində Paşinyanı postundan devrimək üçün bir zəmin də hazırlayır.
O, bununla da Paşinyanı hədəf taxtasına qoyur. Rusiya lideri erməni xalqına mesaj verir ki, əgər ortaya sizi qane etməyən sülh variantı çıxacaqsa, bunun günahkarı Paşinyan olacaq, ondan hesab sorun, onun yaxasından yapışın. Görün ki, Rusiya bu vacib görüşlər öncəsi Paşinyana hansı addımı atmalı olduğunu işarə etmişdi və verəcəyini o qərardan sonra sizə istənilən dəstəyi verməyə hazır idik.
Düzdür, Putin çıxışı zamanı "Bizim mövqeyimiz ondan ibarətdir ki, bu sülh müqaviləsi, əlbəttə ki, lazımdır və biz sülh yolu ilə nizamlanmanın, o cümlədən sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq. Hansı variantı seçmək Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin işidir. İstənilən halda, hansı variant seçilsə, bu, sülhə gətirib çıxararsa, biz yalnız bunun tərəfdarıyıq. Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana heç nə diktə edə bilmərik və etməyəcəyik" ifadələrinə yer verməklə rəsmi Moskvanın da bu iki ölkə arasında sülhdən yana olduğu təəssüratı yaratmaq istədiyi diqqətdən qaçmır.
Amma V. Putinin "əgər Ermənistan da belə düşünürsə, buyursunlar, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik", - sözlərində narazı ton açıq sezilir. Bəsit dildə desək, Rusiya lideri Ermənistana deməyə çalışdı ki, "əgər siz - ermənilər bütün Qarabağ üzərində Azərbaycanın hakimiyyətinə razısınızsa, onda özünüz bilərsiniz, qərar sizindir. Belə olacağı halda Moskvadan daha nəsə gözləməyin. Yəni, günah keçisi özünüzsünüz.
Putinin "Valday" diskussiya kulubunda Qarabağla bağlı suallara verdiyi cavabdan yenidən bu qənaətə gəlmək olur ki, Kreml sahibi Azərbaycanın ərazi bütövlüyünə hörmət etmir, Qarabağı mübahisəli ərazi kimi dəyərləndirir. Belə olan halda Soçi görüşü Azərbaycan üçün formal xarakter daşımış sayılacaq.
Əslində isə Kreml rəhbərinin bu cür açıqlama ilə Bakı və Ankaranı qarşısına alacağı gözlənilən deyildi. Bölgədə uzunmüddətli mövcudluğunu saxlamaq imkanının zəifləməsi səbəbindən mövqe savaşında yerini itirmək istəməyən Rusiyanın bu variantı seçməsi kökündən yanlış qərardır. Çünki Putinin "Vaşinqton sənədi" və ermənilərə seçim vermək fürsəti Qərbin planına qarşı "dağıdıcı" gediş etməkdən daha çox, Azərbaycan və Türkiyənin planlarına qarşı çıxmaqdır. /Milli.az/