“Makronun bəyanatları Qafqazdakı sülh prosesinə çox böyük mənfi təsir göstərir” - RƏY 
4044
14 Oct 2022 | 12:59

“Makronun bəyanatları Qafqazdakı sülh prosesinə çox böyük mənfi təsir göstərir” - RƏY 

“Emmanuel Makronun verdiyi bəyanatlar Cənubi Qafqazdakı sülh prosesinə bilavasitə çox böyük mənfi təsir göstərir”.

Bu sözləri “Report”a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O, Fransa prezidentinin timsalında bu dövlətin qərəzli və biabırçı siyasəti ilə üz-üzə qalmaqda təəssüfləndiyini bildirib:

“Azərbaycanla Ermənistan arasında sülh prosesi üçün addımlar atıldığı bir vaxtda Emmanuel Makron və onun satılmış partiyasının üzvləri özlərini ərköyün uşaq kimi aparmağa davam edirlər. Bu da əlbəttə ki, Cənubi Qafqazdakı sülh prosesinə bilavasitə çox böyük mənfi təsir göstərir”.

Təşkilat sədri Fransa prezidentini ölkəsinin daxili problemləri ilə, eləcə də Avropa İttifaqının mərkəzi dövləti kimi ittifaqın təhlükəsizliyi ilə məşğul olmağa çağırıb.

Makronun ermənilərin maraqlarını fransızların maraqlarından daha üstün tutduğunu vurğulayan ictimai birliyin sədri qeyd edib ki, bu istiqamətdə gündəlik Fransa parlamenti, hökuməti və KİV-i tərəfindən Cənubi Qafqazda gedən proseslər qabardılır:

“Fransanın daxilində aparılan sosioloji sorğuların Fransa cəmiyyətinin Makrona və hakimiyyətinə inanmadığını göstərməsi təsadüfi deyil. Onun legitimlik dərəcəsi 20 faizi keçmir və bu da biabırçı haldır. Azərbaycan ictimaiyyəti heç bir halda Fransanın sülhlə bağlı çağırışlarına inanmır, onun Azərbaycanla Ermənistan arasında gedən proseslərdəki dirijorluğuna güvənmir və bunu qəbul etməyəcək. Emmanuel Makronun yarıtmaz siyasəti ona gətirib çıxarıb ki, ATƏT-in Minsk qrupu Azərbaycan tərəfindən yeni proseslərdə kənarda saxlanılıb. Düzdür, Fransa Avropa İttifaqının dövləti kimi Praqadakı son görüşlərdə özünün hansısa rolunun olduğunu göstərməyə çalışdı, amma Makronun görüşə qəbul edilməsinin bir səbəbi var idi. Səbəb isə Paşinyanın öz mənəvi atası qarşısında bir daha Azərbaycanın tələblərini qəbul etməsi və yeni reallıqları Makron da öz gözü ilə görmüş olması idi”.

Fransanın Türkiyəyə qarşı düşmənçilik siyasəti həyata keçirdiyini vurğulayan politoloq əlavə edib ki, bu ölkə Cənubi Qafqazdakı proseslərə Rusiya-Türkiyə kontekstində müdaxilə edir:

“Lakin söhbət ərazi bütövlüyündən, terrorizmə qarşı mübarizədən gedirsə, bu zaman ağlı başında olan, öz dövlətini düşünən hakimiyyət Azərbaycanın, yəni haqq-ədalətin yanında yer almalıdır. Fransanın apardığı siyasət öz zərərinə olacaq. Bütün bunlar bir daha Emmanuel Makronun siyasətdə nə qədər kal olduğunu göstərmiş oldu”.

Link kopyalandı!
Son xəbərlər