“Dördüncü Protokolun təsdiqindən sonra canilərin ölkəmizə ekstradisiyası asanlaşacaq”
3699
11 Oct 2022 | 13:25

“Dördüncü Protokolun təsdiqindən sonra canilərin ölkəmizə ekstradisiyası asanlaşacaq”

Milli Məclisdə “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
 
Moderator.az xəbər verir ki, müzakirə zamanı çıxış edən deputat Azay Quliyev deyib: “Azərbaycanın bu protokolu 2019-cu ildə imzalayan zaman qeyd-şərtlə çıxış etməsini, xüsusilə, dövlətlərarası münasibətlərin normallaşmasına qədər bu protokolun Ermənistana münasibətdə tətbiq edilməyəcəyini bildirməsini doğru hesab edirəm.
 
Düşünürəm ki, Milli Məclis bu protokolu ratifikasiya etdikdən sonra onun müddəalarından və bütövlükdə, Konvensiyanın verdiyi imkanlardan maksimum istifadə edərək ölkəmizə və vətəndaşlarımıza qarşı ən müxtəlif cinayətlər, xüsusilə, hərbi, soyqırım və insanlıq əleyhinə cinayət törətmiş ermənilərin ədalət mühakiməsinə cəlb olunmasına və layiqli şəkildə cəzalandırılmasına nail olmağa çalışmalıyıq.
 
Qeyd olunduğu kimi, Dördüncü Protokol “Ekstradisiya haqqında” Avropa konvensiyasının bir sıra müddəalarını, xüsusilə, müddətin keçməsinə dair 10-cu maddənin, sorğu və əlavə sənədlərə dair 12-ci maddənin, üçüncü dövlətə verilməyə dair 15-ci maddənin yeni redaksiyada verilməsi və təkmilləşdirilməsi bizə imkan verəcək ki, cinayət törətmiş həmin şəxsləri tələb edə bilək. Dünən Respublikanın Baş Prokurorluğundan adlığım son məlumata görə təkcə 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələri və digər vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasına, mülki vətəndaşlarına qarşı müxtəlif beynəlxalq cinayətlərin törədilməsi faktları aşkar edilməklə başlanılmış ümumilikdə 87 cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılır.
 
87 cinayət işlərindən 9 cinayət işi üzrə 35 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində axtarış elan edilib. Həmin 35 təqsirləndirilən şəxsdən 12-si Rusiya Federasiyasının, 17-si Ermənistan Respublikasının, 5-i Fransa Respublikasının, 1-i isə Gürcüstanın vətəndaşlarıdır. Ermənistanın cinayət törətmiş bu şəxsləri hələlik bizə verməyəcəyi bəllidir, lakin biz konvensiyanın müddəalarında istifadə edərək Rusiya, Fransa və Gürcüstandan olan təqsirləndirilən şəxslərin Azərbaycana gətirilərək cəzalandırılmasına nail olmalıyıq. Düzdür, təəssüflə qeyd etməliyik ki, cinayət törətməkdə şübhəli bilinən şəxsləri qırmızı bülletenlə də olsa beynəlxalq axtarışa versək də, İnterpol bir çox hallarda onların tutulması üçün lazımı tədbirlər görmür, bəzən isə saxladıqları şəxsləri siyasi motivlərlə azad edirlər. Ancaq bütün bu maneələrə baxmayaraq, ümid edək ki, Dördüncü Protokolun bugünkü ratifikasiyasından sonra yuxarıda qeyd olunan şəxslərin ölkəmizə ekstradisiya edilməsi asanlaşacaq və onlar ədalət mühakiməsi qarşısında cavab verəcəklər”.
 
Link kopyalandı!
Son xəbərlər