Azərbaycan və Ermənistan arasında 2020-ci il noyabrın 10-da 44-günlük müharibədən sonra atəşkəs bəyannaməsi imzalansa da, tərəflərin bu günə kimi yekun sülh sazişinə nail ola bilməməsinə görə məsuliyyəti rəsmi İrəvan daşıyır.
Hərçənd ki, üçtərəfli bəyannamənin imzalandığı tarixdən bu günə kimi həm İrəvan, həm də Bakıdan sülh sazişinin mümkünlüyünə dəlalət edən pozitiv siqnallar səslənsə də, mövzu praktiki addımın atılmasına gəlib çıxınca Ermənistan tərəfi hər dəfəsində müxtəlif bəhanələrlə destruktiv mövqe nümayiş etdirərək danışıqlar prosesini pozmaq məqsədilə manipulyasiyalarından əl çəkmir.
Lakin bu gün regiona geosiyasi vəziyyəti tamamilə dəyişən, bölgədə həm diplomatik həm də hərbi üstünlüyü əlinə yığmağı bacaran Bakı Ermənistanı sülhə gətirmək üçün məcburetmə üsulunu da işə salmaqda qərarlıdır. Hələ mart ayında Azərbaycan sülh müqaviləsi ilə bağlı beş əsas prinsipini irəli sürdü ki, rəsmi İrəvan Brüssel görüşlərində Azərbaycanın bu təklifini qəbul etdiyini bəyan etsə belə Ermənistan hərbi-siyasi rəhbərliyi bölgədəki vəziyyəti gərginlik episentrində saxlamaqla məsələni beynəlmilləşdirməkdən ötrü sərhəddə hər gün yeni təxribat törətməkdən çəkinmir.
Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə ölkə parlamentində etdiyi çıxışla rəsmi İrəvanın sülhə təhdid yaratmaqda maraqlı olduğunu növbəti dəfə nümayiş etdirdi. Paşinyan açıqlaması zamanı bildirib ki, Azərbaycan Qarabağın "statusu" ilə bağlı söhbətini qondarma rejim nümayəndələri ilə aparsın, bu məsələdə biz məsuliyyət daşımırıq: "Ermənistan sülh müqaviləsində Qarabağla bağlı müzakirə aparmayacaq, Qarabağla bağlı iddialarla çıxış etməyəcək".
Beləcə, rəsmi İrəvan çalışır ki, heç bir subyektivliyi olmayan separatçıları da Azərbaycanla danışıqlarda "tərəf"ə çevirsin. Erməni baş nazirin açıqlamasından o da başa düşülür ki, Azərbaycanın 44 günlük müharibədən sonra Ermənistanla imzaladığı üçtərəfli bəyanatlar, əldə olunan razılıqlar, apardığı danışıqlar İrəvan üçün mənasızdır və Qarabağın yekun həllində heç bir rol oynamayacaq.
Bunun davamı olaraq qondarma rejimin son günlər xüsusi fəallığı diqqətdən yayınmır. Qondarma rejimin saxta rəhbəri Araik Arutyunyanın Ruben Vardanyanı yeni "dövlət naziri" təyinatı və səsləndirilən bəyanatlar şübhəsiz ki, Ermənistanın danışıqları ciddi şəkildə pozmağa, geridə qalan iki il müddətinə əldə olunan ikitərəfli və üçtərəfli razılıqlar, imzalanan bəyanatları qüvvədən salmağa hesablanıb.
Sülhmramlıların müvəqqəti nəzarət zonasında özlərini qoruma altında təhlükəsiz hiss edən separatçılar açıq aşkar deyir ki, biz Azərbaycan daxilində yaşamayacağıq, Ermənistan bizdən icazəsiz sülh bağlaya bilməz. Bizim təhlükəsizliyimizin qarantı Rusiyadır.
Azərbaycanın suverenliyini qəbul etmək niyyətində olmadıqlarını göstərən qondarma rejim qalıqları bu yolda mübarizələrini davam etdirəcəklərini bildirirlər. Əslində Rusiyanın Ukrayna qarşısında uğursuz hərbi əməliyyatlarından fonunda başının xeyli özünə qarşımasından istifadə edərək Ermənistanla diplomatik əlaqələrini daha da son bir neçə həftədə sıxlaşdıran Qərb və ABŞ-ın məsləhətlərinin bu məsələdə önəmli rol oynadığını deyə bilərik.
Nəzər yetirsək görə bilərik ki, məhz Ermənistan hərbi-siyasi rəhbərliyinin Fransa və ABŞ-la son qarşılıqlı səfərlərin ardından istər Paşinyanın, istər onun XİN rəhbərinin, istərsə də qondarma rejim ünsürlərinin ritorikasında revanş meyilləri xeyli artıb. İstisna edilmir ki, bu ssenari məhz Emanuel Makronla Fransada bağlı qapılar arxasında razılaşdırılıb və ABŞ da hazırlanan planın altına imzasın atıb.
Amma istənilən halda düşünürəm ki, burada əsas məsuliyyət ən azı Ermənistan qədər Rusiya tərəfinin də üzərinə düşür. Çünki biz Rusiya tərəfindən nəzarətində olan qondarma rejim qalıqlarına, onların atdıqları qanunsuz addımlara qarşı hər hansı bir əhəmiyyətli addımın atıldığının şahidi deyilik və oradakı cinayətkar dəstənin hələ də sərbəst şəkildə, əl-qolunu yanına sallayıb Qarabağda gəzməsinə göz yumurlar. Halbuki üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən Qarabağdakı erməni separatçılar, qanunsuz hərbi birləşmələr dərhal ərazi tərk etməli idilər. Lakin bu günə kimi Rusiyanın öhdəliyi daxilində olan bu məsələ hələ də öz həlli yekunu tapmayıb.
Qondarma rejim, erməni revanşistlər açıq-aşkar deyirlər ki, biz Azərbaycanın suverenliyini qəbul etmirik, biz Azərbaycana tabe olmayacağıq və Ermənistan əgər Azərbaycanla sülh müqaviləsi imzalasa belə, burada Qarabağ mövzusu gündəm ola bilməz. Onlar bir məsələni açıq qeyd edirlər ki, qondarma rejimin təhlükəsizliyinin təminatçısı Rusiyadır. Yəni açıq şəkildə deyirlər ki, biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olsa da qəbul etməyəcəyik, burada bizim taleyimizi özümüz həll edəcəyik, bizim ağamız isə Ruisyadır. Rəsmi Moskva isə bu bəyanatlara heç bir reaksiya verməyərək Azərbaycanda özünə qarşı narazılığın artmasına zəmin hazırlamış olur.
Lakin bütün bu sərsəm bəyanatlara ən tutarlı cavabı Prezident İlham Əliyev Ağdamda təşkil edilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışı zamanı verib: "Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik".
Bununla dövlət başçısı tək Ermənistan hərbi-siyasi rəhbərliyinə yox, eyni zamanda revanşistlərə, onlara havadarlıq edən dövlətlərə və ermənipərəst siyasətçilərə yerini göstərdi. İlham Əliyev bir daha təsdiq etdi ki, Azərbaycanı bu cür bəyanatlar, heç bir qərar yolundan döndərən deyil və ərazi bütövlüyümüzü müzakirə edib, nəyin necə olması ilə bağlı yekun qərarı yalnız özümüz müəyyən edə bilərik. Nə Ruben Vardanyan, nə Araik, nə də onları "qorxma-qorma" deyib qabağa verən qüvvələr bilməlidir ki, Azərbaycana Qarabağı tam nəzarətə götürməyə mane olmaq üçün gücləri yetməyəcək.
Bakı yaxşı anlayır ki, Azərbaycana qarşı təxribatların miqyası artırmadan Qarabağ separatçılarını tərksilah etməlidir, bütün Qarabağ ərazisində Azərbaycan qanunlarının icrasını təmin etməlidir və Ermənistanla Qarabağı birləşdirən yolu konkret müdaxilələrlə (gömrük postu, sərhəd keçid mənətəqələri) nəzarətə götürməlidir. /Milli.az/