Ermənistanın KTMT hikkəsi - İrəvandan “Rusiyaya təpik, Qərbə qucaq” mesajı
Siyasət
3452
30 Sep 2022 | 19:30

Ermənistanın KTMT hikkəsi - İrəvandan “Rusiyaya təpik, Qərbə qucaq” mesajı

 

Ermənistan 12-13 sentyabr təxribatlarını törədəndən və sərhəd boyunca yığdığı texnikası, canlı qüvvəsi məhv edildikdən sonra Azərbaycana qarşı “təcavüz” iddialarını ortaya atmaqla, KTMT-ni proseslərə cəlb etmək üçün çalışdı. Lakin buna nail ola bilmədi, çünki dünya da, KTMT ölkələri də reallıqları yaxşı bilirlər. Onlar Azərbaycanın uğurlu siyasi-diplomatik gedişi nəticəsində Ermənistanın təxribatına dəstək vermədilər. Bundan sonra Ermənistan həm Rusiyanı, həm də KTMT-ni Qərbə üz tutacağı ilə şantaj edir. Hətta hazırda KTMT-nin rotasiya qaydasında sədri olmasına baxmayaraq, Ermənistan qurumun son təlimlərində iştirakdan imtina edib.

Qazaxıstan Müdafiə Nazirliyi (MN) Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkədə keçiriləcək təlimlərində iştirakdan imtina etdiyini rəsmi şəkildə təsdiqləyib: “Ermənistan Müdafiə Nazirliyindən KTMT-nin təlimlərində iştirak etməməklə bağlı qərarına dair rəsmi məlumat almışıq. Təsdiqləyirik”.

Belə çıxır ki, Ermənistan “KTMT-yə təpik, Qərbə qucaq” şantajını davam etdirir. Bu, İrəvana nə vəd edir?

Rəşad Bayramov: “Paşinyan ”mən sizinləyəm" mesajı verir"

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov Paşinyan üçün gözlədiyi proseslərin baş verdiyini düşünür: “Əslinə baxsaq, Paşinyan KTMT-yə müraciət edərkən onlardan müsbət cavab gəlməyəcəyini kifayət qədər yaxşı bilirdi. Müraciət etməkdə məqsəd isə rəsmi şəkildə yox cavabını almaq və bununla da Ermənistan daxilində Rusiya tərəfdarları olan müxalifətin mövqelərini zəiflətməkdən ibarət idi. Bununla Paşinyan ölkə daxilindəki anti-Rusiya ovqatını daha da gücləndirməklə hakimiyyətə gəldiyi vaxt ABŞ və ayrı-ayrı Qərb dövlətləri qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışması ilə bağlı görüntü yaratmağa çalışır. Yəni başqa sözlə, bir tərəfdən ictimai rəydə öz mövqelərini gücləndirir, ikinci bir tərəfdən isə ABŞ və Qərbdəki havadarlarına mən sizinləyəm mesajını verir.

Hazırda KTMT-yə rotasiya qaydasında sədrlik etməsinə baxmayaraq, qurumun növbəti təlimlərində iştirakdan imtina etməsi, eləcə də KTMT-nin Ermənistana səfərdə olan nümayəndə heyəti ilə görüşdən imtinası da məhz yuxarıda dediyim fonu yaratmaq məqsədi daşıyır.

Paşinyanı bu cür davranış sərgiləməyə vadar edən isə istər Rusiya, istərsə də Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda artıq dalana dirənməsi və hər iki vasitəçinin Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini vurğulaması ilə əlaqədardır. Bir il əvvəl bütün imkanlarından istifadə edərək danışıqlar prosesinə həm də Avropa İttifaqını cəlb etməyə nail olan Ermənistan indi həmin qurumun da vasitəçiliyində öhdəliklərdən qaçmağın mümkünsüzlüyünü anladığı üçün ABŞ və Fransanı da proseslərə cəlb etmək istəyir. ABŞ isə öz növbəsində bununla bağlı Ermənistana konkret şərtlər irəli sürür. Bu şərtlərdən biri İranla olan münasibətlərdirsə, digəri də Rusiya ilə bağlıdır. ABŞ tələb edir ki, Ermənistan Rusiyanın təsir dairəsindən çıxmaq üçün konkret addımlar atsın. Paşinyan isə Ermənistanın istər hərbi, istər siyasi, istər iqtisadi, istər enerji təhlükəsizliyi, istər nəqliyyat sahəsində, istərsə də əksər dövlət sərhədlərinin Rusiya tərəfindən qorunması baxımından Rusiyadan o dərəcədə asılıdır ki, konkret hansısa addımlar ata bilmir. Məsələn, Paşinyan başa düşür ki, KTMT-dən çıxmaq və ya Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılmasını tələb etmək Ermənistan üçün hansı ağır nəticələrə səbəb ola bilər. Odur ki, indi atdığı addımlarla sadəcə guya ki, incikliyini göstərir və ABŞ-ın timsalında Qərbdən dəstək almaq istəyir.

Amma həm Paşinyan, həm də ABŞ-ın vasitəçiliyinin Ermənistan üçün uğurlu olacağını düşünən digərləri başa düşmürlər ki, danışıqların kimin vasitəçiliyi ilə aparılmasından asılı olmayaraq prosesi sıfır nöqtəsinə qaytarmaq mümkün deyil. Necə ki, Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda əsas sənəd kimi 10 noyabr və 11 yanvar bəyanatları əsas götürülərək daha da inkişaf etdirildi, indi də kimin vasitəçi olmasından asılı olmayaraq danışıqlar prosesi əvvəl Rusiyada və Brüsseldə qəbul olunmuş öhdəliklər əsasında davam etdiriləcək. Bu sənədlərdə nəzərdə tutulmuş öhdəliklər isə məlumdur, erməni hərbi birləşmələri ərazilərimizdən çıxarılır, sərhədlər delimitasiya edilir, nəqliyyat dəhlizləri açılır, ölkələr bir-birinin ərazi bütövlüyünü tanıyır və sülh sazişi imzalanır. Bunun başqa yolu yoxdur.

Ermənistan və onu Rusiyanın təsir dairəsindən çıxarmaq istəyən qüvvələr də başa düşməlidirlər ki, bunun tək yolu Azərbaycanla sülh sazişinin imzalanmasından keçir. Çünki məhz Azərbaycanla sülh sazişi Ermənistan üçün Türkiyənin də qapılarını açır. Bu qapı isə Rusiya ilə problemlər halında Ermənistanı ayaqda saxlaya biləcək yeganə qapıdır. Nə qədər ki, gec deyil, bunu həm Paşinyan, həm də xaricdəki havadarları başa düşməli və fəaliyyətlərini də məhz bu istiqamətdə qurmalıdırlar".

Mətləb Aslanov: “İki od arasında” qalmağa davam edəcəklər"

AĞ Partiya başqanının köməkçisi, siyasi şərhçi Mətləb Aslanov qeyd etdi ki, Paşinyan hökumətinin KTMT ilə bağlı siyasətinin dəyişməsi gözlənilən idi: “Bu siyasət ən çox da II Qarabağ savaşı ilə dəyişdi. Həmin 44 günlük savaşda Ermənistan "rus-NATO"sundan istədiyini ala bilmədi. Ondan sonrakı mərhələdə bu günə qədər davam edən proseslərdə də analoji vəziyyətlə rəsmi İrəvan üzləşdi. Son olaraq, ermənilərin sərhəd təxtibatlarındakı KTMT-nin mövqeyi bu qurumla deyərdim ki, Paşinyan iqtidarı arasındakı bağları qoparmaq həddinə çatdırdı. Artıq bu vəziyyətdən Qərb dairələri istifadə etmək üçün hərəkətə keçməkdədir. Ermənistanı rus caynağından qoparmağa çalışırlar. Düşünürəm ki, bu durum Ermənistanın vəziyyətini daha da ağırlaşdırır. Onların yeganə xilas yolları Azərbaycanla sülh sazişini bağlamaqdan keçir. Əks təqdirdə, “iki od arasında” qalmağa davam edəcəklər".

 

Niyaməddin Orduxanlı: “Paşinyanın bu hiyləsini Putin də çox yaxşı başa düşür”

BAXCP sədrinin müavini, siyasi ekspert Niyaməddin Orduxanlı Ermənistanın bu siyasətindən Putinin xəbərdar olduğunu bildirdi: “Bu gün Paşinyan rejimi konkret olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) imkanlarından istifadə etmək niyyətindədir. 13 sentyabr hadisələrində Ermənistan Azərbaycanı KTMT ilə üzbəüz qoymaq istədi. Azərbaycanın "təcavüz" törətməklə bağlı rəsmi qurumlara müraciət etdi. Ermənistanın bu iddiaları keçərli olmadı. Çünki Prezident İlham Əliyev Azərbaycanın rəsmi mövqeyini hər kəsə çatdırdı ki, son 30 ildə Azərbaycanla Ermənistan arasında delimitasıya aparılmayıb və sərhdələrin müəyyən olunması baş tutmayıb. Ermənistan Azərbaycan ərazilərini işğal etdikdən sonra SSRİ dövründə olan sərhədlərdə belə nişanlanmanı həyata keçirməyib. Heç kimsədə Azərbaycanı Ermənistan torpağını tutmaqda ittiham edə bilməz. Ermənistan faktiki Azərbaycanın delimitasiya təklifini də qəbul etmir. Belə olan vəziyyətdə bir kimsə Azərbaycanı “təcavüzkar” adlandıra bilməz! İlham Əliyevin bu çıxışından sonra həm KTMT, həm də Qərb, Amerika və Avropa ölkələri heç bir söz deyə bilmədilər. Onlar Azərbaycanın uğurlu siyasi-diplomatik gedişatı nəticəsində Ermənistanın təxribatına dəstək vermədilər. Əslində Prezidentin turarlı arqumenti qarşısında nə Qərb, nə də KTMT bir söz deyə bilmədi. Paşinyan ikili siyasət yürüdür. Həm Rusiyanı, həm də KTMT-ni Qərbə üz tutacağı ilə şantaj edir. Niyə KTMT-nin təlimlərinə Ermənistan qatılmır?! Bununla özünü Qərbə yaxın göstərmək istəyir. Qazaxıstan Müdafiə Nazirliyi Ermənistanın KTMT-nin ölkədə keçiriləcək təlimlərində iştirakdan imtina etdiyini rəsmi şəkildə təsdiqlədi də. Ermənistan “KTMT-yə təpik, Qərbə qucaq” şantajını siz də dediyiniz kimi davam etdirir. Uzun müddət bu siyasət davam edə bilməz. Paşinyanın bu hiyləsini Putin də çox yaxşı başa düşür. Onun məqsədi nəyin bahasına olursa-olsun, Azərbaycan-Ermənistan arasında baş tuta biləcək sülh sazişini yubatmaqdır. Yeri gəlmişkən, iki gün qabaq Paşinyanın Fransaya səfərindən dərhal sonra Makronun cənab Prezidentə telefon açmağı və müəyyən xahişləri etməsi də təsadüfi deyil. Fransa bütün imkanları ilə Paşinyanı dəstəkləyir..."

Link kopyalandı!
Son xəbərlər