Deputat: “Paşinyan reallığı xəstə erməni cəmiyyətinə çatdırmağa çalışır”
Siyasət
3354
29 Sep 2022 | 13:57

Deputat: “Paşinyan reallığı xəstə erməni cəmiyyətinə çatdırmağa çalışır”

“Nikol Paşinyan elan edir ki, MDB-yə daxil olma çərçivəsində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Əlbəttə, bunu deməklə Paşinyan daha çox daxili aditoriyasını, erməni cəmiyyətini silkələməyə çalışır. Burada Paşinyanın səmimiyyəti də müzakirə mövzusu deyil. Məncə, Paşinyanın bütün mesajları və bəyanatları ona yönəlib ki, xəstə erməni cəmiyyətinə reallıqları anlatsın. Bu reallıqlar birinci növbədə Ermənistanın düşdüyü vəziyyəti dərindən dərk etməsi üzərində qurulur. Ermənistanda anlamalıdırlar ki, sərhəd məsələsini manipulyasiya etmək olmaz”.
 
Moderator.az xəbər verir ki, bunu Reyting.az-a Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.
 
Deputat əlavə edib ki, müxtəlif çərçivələrdə - BMT, MDB və digər qurumlara daxil olarkən ölkələrin ərazi bütövlüyünü tanıdığımız üçün bu əlaqələri qurmuşuq:
 
“Bundan o tərəfin münasibətləri pozacağı, fəlakətli hala gətirəcəyi aydındır. Keçmiş prezident Levon Ter-Petrosyan da bu istiqamətdə açıqlamalar verib. Burada hər hansı şəkildə əks-arqument qoymaq mümkün deyil. Məsələn, BMT-yə konkret ərazi ilə daxil olmusan və bundan o yanı pişiyin ət oğurlamasına oxşayır. Sabah başqa cür danışanda ortaya qoyurlar ki, sən BMT-yə daxil olanda ərazin bu qədər idi, indi bu qədərdir. Hansı sənədlə, hansı əsasla artıb? Deməli, işğal etmisən... Bu baxımdan da Ermənistanın rəsmi sərhədlərinin müəyyən edilməsi onun xeyrinədir. Əks halda Azərbaycanın arqumenti belədir ki, sərhəd tanımırsansa, onda kim harada oturubsa, oranı sərhəd hesab edə bilər. Bu da toqquşma, savaş mühitinin yaranması deməkdir. Odur ki, vaxtında bu sərhədləri tanımalı və onun toxunulmazlığı kimi məsələlərdə razılaşma əldə etməlisən”.
 
F. Mustafa qeyd edib ki, Ermənistanın baş naziri N. Paşinyan bu məsələləri erməni cəmiyyətinə danışır və demək istəyir ki, bu sərhədlər kənarında hansısa olay çıxarmağınız mümkün deyil:
 
“Yəni diqqətə çatdırır ki, əgər beynəlxalq təşkilatlara daxil olmuşuqsa, dövlətlərin ərazi bütövlüyünü tanımışıqsa, başqa cür edə bilmərik, cığallıq edəriksə, Azərbaycanın zərbələri ard-arda gələcək. Məncə, Paşinyan bu reallığı öz xalqına çatdırmaq, həqiqətləri deməklə onu silkələyir və oyatmağa çalışır. Fikrimcə, bu, düşünülmüş variantdır və erməni cəmiyyətinin bir hissəsi bunu qəbul etməyə başlayıb”.
 
Link kopyalandı!
Son xəbərlər