Azərbaycanlı jurnalist Nensi Pelosiyə məktub YAZDI
3693
19 Sep 2022 | 17:31

Azərbaycanlı jurnalist Nensi Pelosiyə məktub YAZDI

Hörmətli xanım Nensi Pelosi,
 
Sizi Cənubi Qafqazdan salamlayıram, sizə siyasi motivdə deyil, insani yaşantılarımızın çox kiçik bir hissəsini çatdırmaq üçün məktub yazıram.
 
Amerika Birləşmiş Ştatları kimi nəhəng bir ölkənin Konqresinin Nümayəndələr Palatası sədrinin regionumuza səfəri bizi çox sevindirmişdi...
 
Düşünürdük ki, Ermənistana səfər etdikdən sonra Azərbaycana da gələcəksiniz, gəlməsəniz belə, Ermənistanın Azərbaycana qarşı insanlığa sığmayan əməllərini bizdən də dinləyəcək, sonra bəyanatlar verəcəksiniz.
 
Ancaq sevgiliniz Ermənistanda birtərfli danışmağınız bizi çox qayğılandırdı. Ona görə yox ki, sizin bu açıqlamalarınız bizi qorxudur, yaxud nəyisə dəyişəcək.
 
Əsla, elə deyil, biz Cənubi Qafqazda yaşayırıq, bura nə Avropadır, nə Amerika, nə də Afrika. Biz Vətənimizin azadlığı üçün hamılıqla canımızdan keçməyi bacaran insanlarıq.
 
Məyusluğumuzun səbəbi odur ki, dünyanın ədalət gözlədiyi, özünü demokratiya beşiyi kimi təqdim edən Amerika adlı dövlətinin çox yüksək vəzifəli şəxsi öz ölkəsini tək Cənubi Qafqazda deyil, həm də dünyada insanlığın gözündən saldı.
 
Hörmətli xanım Nensi Pelosi,
 
Sizə bu məktubu yazan şəxs 30 ildir doğma yurdu Ermənistanın işğalı altında olan azərbaycanlı jurnalistdir. Bizim doğma yurdumuz Kəlbəcərdə heç vaxt 1 nəfər də olsun erməni yaşamayıb. Onlarla qohumum, doğmam Ermənistan tərəfindən qətlə yetirilib. Biz hər zaman Ermənistanın təcavüzünə məruz qalmışıq.
 
Amma o zaman sizin etiraz səsiniz eşidilməyib, əksinə sevinmisiniz.
 
Ermənistan məhz sizin kimi dünyaya yalnız qan-qadanın gözü ilə baxan güclərin sayəsində bizi öz kəndimizdən köçkün salmışdı, ən adi insan kimi yaşamaq şansımızı əlimizdən almışdı.
 
30 ildən sonra Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Mən 82 yaşlı atamı evimizə apardım. Ermənistan 30 il ərzində işğal altında saxladığı bölgələri elə xarabalığa çevirib ki, atam öz əli, alın təri ilə tikdiyi evini, həyətini tanıya bilmədi. Çünki hər şey yerlə-yeksan edilib.
 
 
Yaddaşınızı bir azca tərpətmək istəyirəm. Sizin də 82 yaşınız var. Mənim atamla yaşıdsınız. Onunla eyni taleyi yaşasaydınız, Ermənistan sizin də evinizi, bağınızı zəbt edib xarabalığa çevirsəydi, 30 il məcburi köçkünlük həyatı yaşatsaydı, nə edərdiniz? Mənim atamın günahı nə idi? Ermənistanın bu günahları həm də sizin adınıza yazılır.
 
Ermənistanın insanlığa sığmayan bu əməllərinin qarşılığında İrəvanda bəyanat verərkən heçmi vicdanınız ağrımadı? İnsanlığa həqarət etdiyinizin fərqində olmadınızmı?
 
Cənubi Qafqazda yazılmamış qaydalar var: 60 yaşdan sonra insan heç vaxt yalan danışmır, riyakar olmur, hər şeyə gerçəyin gözü ilə baxır, nümunə göstərir.
 
Bu yaşda sizin kimi gerçəkdən uzaq olmaq bizdə xəstəlik sayılır. Odur ki, Ermənistanda axıtdığınız göz yaşlarını timsahın göz yaşları kimi qiymətləndiririk. Bunun niyəsini ən yaxşı özünüz bilirsiniz.
 
Biz sülh istəyirik, nəinki Cənubi Qafqazda, dünyanın heç bir yerində insanların qətlə yetirilməsini istəmirik.
 
Siz heç düşündünüzmü, ölərkən Tanrı qarşısında nə cavab verəcəksiniz?
 
Ola bilər ki, bu yazdıqlarım xeyli sərt görünsün, amma sizin Ermənistanda Azərbaycana qarşı söyləmiş olduğunuz ədalətsiz, fakta söykənməyən fikirləriniz qarşlığında hələ çox yumşaqdır.  Cənubi Qafqazda törətdiyi cinayətlərə baxmayaraq, qadınlara sayğı göstərilir. Yoxsa məktub daha sərt formada yazılacaqdı.
 
İnana bilmirəm, siz doğrudanmı bu yaşda insani hisslərdən uzaqsınız?
 
Əgər uzaq deyilsinizsə, sizi işğaldan azad edilmiş kəndimizə dəvət edirəm. Heç evi olmayan kənd, qəbri olmayan qəbiristanlıq, ağacı olmayan meşə gördünüzmü?
 
Mənim doğma kəndimi Ermənistan bu hala salıb.
 
30 il ərzində on minlərlə insanımız Ermənistanın vəhşiliyinin qurbanına çevrilib.
 
Dəvətimi qəbul etsəniz, bütün bunları öz gözünüzlə görəcəksiniz.
 
Onda siz Azərbaycana qarşı Ermənistanda səsləndirdiyiniz fikirlərə rəğmən, dünyanın gözünə necə baxacaqsınız? Heçmi utanmayacaqsınız?
 
Sizdən cavab gözləyirəm...
 
Elşad Eyvazlı,
Modern.az Xəbər Agentliyinin rəhbəri
 
Link kopyalandı!
Son xəbərlər