3866
15 Sep 2022 | 15:42

"Azərbaycan xalqı böyük xalqdır, o, ağı qaradan, pisi yaxşıdan seçməyi bacarır"

Heç kimə sirr deyil ki, Ermənistanda mövcud olan revanşist qüvəllər regionda sülhün bərqarar olmağını istəməyən xarici qüvvələrin alətinə çevriliblər və həmin dairələrin sifarişlərini yerinə yetirərək, sülh müqaviləsinin imzalanmasına, bölgədə sabitliyin təmin olmasına əngəllər törədirlər. Sentyabr ayının 12-13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonu istiqamətində ərazinin çətin relyefindən istifadə edərək, törətdiyi genişmiqyaslı təxribatlar bunun növbəti təzahürüdür. Amma bu dəfə də erməni hərbi birləşmələrinin təxribatlarına qarşılıq olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın əmrlərinə əsasən düşmənə layiqli cavab verdi. Müzəffər Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını uğurla aldı və göstərdi ki, Dəmir Yumruq yerindədir. Acı da olsa reallıq ondan ibarətdir ki, torpaq, vətən uğrunda müharibələr şəhidsiz olmur. Bu təxribatın qarşısını alarkən canlarını qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şhidlərimizin qisası müzəffər ordumuz tərəfindən qətiyyətlə alındı.
 
44 günlük Vətən müharibəsində olduğu kimi bu günlərdə də Azərbaycan xalqı dövlətin və ordunun ətrafında sıx birləşərək, misilsiz birlik və həmrəylik nümayiş etdirir. Şübhəsiz ki, xalqımızın həmrəyliyi, ölkəmizin beynəlxalq siyasi arenada qazandığı uğurlar ölkənin xaricində və daxilində antiazərbaycan dairələri tərəfindən qısqanclıqla qarşılanır. Dünyada çətin və mürəkkəb siyasi proseslərin getdiyi bir vaxtda Qafqaz regionunun lider dövləti kimi Azərbaycan beynəlxalq güclərin antiazərbaycan siyasəti ilə uğurla mübarizə aparır. Şübhəsiz ki, belə mühüm və taleyüklü proseslərin getdiyi bir vaxtda xalqımızın birliyi və həmrəyliyi düşmənə və onun havadarlarına ən böyük cavabdır. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda olan bütün siyasi partiyalar (radikal müxalifət partiyalarından başqa) böyük siyasi mədəniyyət göstərərk, siyasi ambisiyalarını kənara qoydular və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə dəstək verdilər. Çünki  mövzu vətən, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Bu məsələrdə isə müxalifət olmur.
 
Çox təəssüflər olsun ki, son hadisələlərlə  bağlı bəzi radikal müxalifətçilər və onların trolları Paşinyanın və erməni lobbisinin dililə danışaraq, Azərbaycanı təcavüzkar dövlət adlandırdılar. Əli Kərimli, Altay Göyüşov, Arif Hacılı, Gültəkin Hacıbəyli,Tural Sadıqlı kimi şəxslər Azərbaycan üçün belə bir həssas vaxtda, anaların gözləri yaşla dolu olduğu vaxtda ölkəmizə qarşı antiazərbaycan mövqeyi nümayiş etdirməkdən utanmadılar, necə deyərlər qırmızı xətti keçdilər: “radikal müxalifətdən” vətən xaininə qədər düşdülər. Bəli, sizin etdiklərininzin adı vətənə xəyanətdir.
 
Təəssüf doğuran məqamlardan biri ondan ibarətdir ki, “guya xalqın təəssübünü çəkən, şəhidlərimizə ürəyi yanan” Əli Kərimli şəhidlərimizin uğrunda canlarını fəda etdikləri torpağı “heç” adlandırır. Daha sonra bu “müxalifətçi” fikirlərinin davamı olaraq yazır ki, “bəs İlham Əliyev deyirdi düşmən ordusu məhv edilib, düşmən kapitulyasiyanı qəbul edib?” Məncə, Əli Kərimli ya dünyada yaşanan proseslərdən bixəbərdir, ya da ki, məqsədli şəkildə iqtidara qarşı apardığı qaralama kampaniyalarının üsulları tükənib. Bu sözləri ilə o, Azərbaycan ordusunu, dövlətin rəhbərliyini hədəf alsa da, atdığı daş Xalqımızın yarasına dəyir.
 
Bir digər məqamı da qeyd edim ki, əgər  igid oğullarını itirən ana-atalara olan kədəriniz bu qədər dərindirsə, onda bir sualın cavabı hamımız üçün çox maraqlıdır. Görən radikal müxalifətçi adlandırılanlar bir dəfə olsun bir şəhidin ailəsini ziyarət edib, kədərini bölüşüblərmi? Tövsiyə edərdim  ki, bir dəfə olsun şəhid ailələrinə baş çəkin, onların məzarlarını ziyarət edin. Qəhrəman şəhidlərimizin ailələrinə kimin diqqət və qayğı göstərdiyi, onların xatirəsinin əbədiləşdirilməsi üçün, qisaslarının alınması üçün kimlərin əlindən gələni etdiyi göz qabağındadır.
 
Müzəffər ordumuzu “təzavüzkar” adlandıran  Altay Göyüşovun özfəaliyyətini  də oxucularımızın diqqətinə xüsusilə çatdırmağı vacib hesab edirəm. Ləyaqət və milli mənlik hislərini unudaraq, ölkəmizi açıq-aşkar təzavüzkar dövlət adlandırmaqdan utanmır. O Altay Göyüşov ki,  babalarının qəbri 29 il erməni təzavüzünə məruz qalıb. 29 illik işğal müddətində Ağdamın Xerosimadan heç bir fərqi qalmayıb. O, özü də indi getsə babalarının qəbrini belə tapa bilməz. Yaxşı deyək ki, Azərbaycan xalqından utanmırsınız, babalarınızın yatdığı o torpaqlardan da utanmırsınız. Bəs, şəhidlərimiz...? Bu dövlətin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçməyi özünə şərəf bilən şəhidlərimizin əziz xatirəsindəndəmi utanmırsınız? 
 
Milli mənliyini, şərəfini, ləyaqətini xaricdəki antiazərbaycan dairələrə, aldıqları qrantlara  satanlar unutmasınlar ki, Qarabağ məsələsi kimi Xalqın qeyrət, namus, şərəf simvoluna çevrilmiş bir məsələ üzərindən siyasi divident əldə etməyə çalışmaq açıq-aşkar xəyanətdir, nonsensdir və qəbul olunmazdır. Bir məsələni özünüz üçün dəqiq müəyyənləşdirməlisiniz ki, Azərbaycan xalqı böyük xalqdır, o, ağı qaradan, pisi yaxşıdan seçməyi bacarır. Və vaxtında öz seçimini edib bu XALQ. 
 
Vətən müharibəsində olduğu kimi, Azərbaycan xalqı bu gün də Dövlət Başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında Dəmir yumruq kimi birləşib. Bu birlik bizim qələbələrimizin mənbəyidir., Azərbaycanın ərazi bütövlüyü, inkişafı naminə xalqımız bu birliyi hər zaman qoruyub saxlayacaq.
 
Fikirlərimi böyük Abbas Səhhətin misraları ilə ümumiləşdirirəm:
 
 Vətəni sevməyən insan olmaz, 
 
Olsa da, ol şəxsdə vicdan olmaz!
 
Tamam Cəfərova, millət vəkili 
 
Link kopyalandı!
Son xəbərlər