Moderator.az millət vəkili Zahid Orucun bu gün keçirilən konfransdakı çıxışını təqdim edir:
"Müharibələrin böyük itkilərinə baxmayaraq, onların aparılmasının beynəlxalq hüquqi normaları var. Azərbaycanın 44 günlük Vətən müharibədəki Zəfəri, XXI əsrin savaşlarında dünyada yeganə qələbə modelini, həm də hərbi əməliyyatların aparılmasının humanitar hüquq, yüksək siyasi əxlaq, hərbi şərəf və ləyaqət prinsiplərini nümayiş etdirdi. Təcavüzkar ölkənin mülki əhalisinə və silahlı qüvvələrinə münasibətdə bütün konvensiyalara əməl olundu.
Müharibələrin çoxsaylı fəlakətləri sırasında insanların itkin və əsir düşməsi, təkcə doğmalarına qüssə və əzab vermir, həm də düşmən tərəfindən müxtəlif siyasi təzyiqlər, şərtlər və diqtələrə gətirib çıxarır. Halbuki dövlətlər və insanların itkin yaxınlarının taleyini, başına gətirilənləri bilməyə haqqı var.
Xatırladaq ki, 1945-1993-cü illər arasında dünyada 174 müharibə baş verib və onlardan 34%-i dövlətlər, 66%-i isə daxildə vətəndaş qrupları arasında törənib. Əgər 1-ci dünya müharibəsində həlak olan mülki əhalinin döyüşçülərə nisbəti-hər 7 döyüşçüyə 1 mülki şəxs düşürdüsə, 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində baş verən hərbi münaqişələrdə 9 mülki şəxslə müqayisədə 1 döyüşçü öldürülür.Göründüyü kimi, münaqişələrin humanitar mahiyyəti dəyişib və indi itkin düşənlərin əksəriyyəti döyüşçülər yox, mülki insanlardır. Həqiqətən də itkinlər və hərbi cinayətlər problemi müharibələrin ən böyük mirasıdır.
Təkcə onu xatırladaq ki, Balkanlardakı son savaşda belələrin sayı 40 mindən çox olub. Bu təkcə demoqrafik deyil, mənəvi, fiziki iztirabdır, iqtisadi fəlakətdir, çünki müharibədən əziyyət çəkən ölkələrə ayrıseçkiliklə yardım göstərilir. Lakin kimsə itkin düşən və itirilmiş insanların maddi dəyərini hesablaya bilməz, eləcə də əgər bir adam tapılırsa, onun axtarışının neçəyə başa gəldiyini və doğmaları üçün qiymətini göstərməkdə acizdilər. Azərbaycanın verdiyi itkinlərə, qurbanlara biganə qalanlar, problemin həllini təxirə salanlar, onu siyasiləşdirənlər heç olmasa indi, dünyanın təhlükəsilziyini təhdid edən Rusiya-Ukrayna müharibəsini görəndən sonra Qarabağı yada salmalıdılar. Dünyada sabitliyin və təhlükəsizliyin şərti budur. Yalnız onda bizim bölgədən öyrənilən dərsləri başqa yerlərə köçürə bilərlər. Əks halda, çoxları qurbanlıq sindromundan əziyyət çəkəcəklər. Belələri qəzəblənəcəklər ki, beynəlxalq ictimaiyyət kömək qərarını nə üçün 3-cü dünya müharibəsi təhlükəsi yarananda verir?
Hörmətli dostlar,
I Qarabağ müharibəsində itkin düşənlərin tapılmasının çətinliyi, o vaxt nizami ordunun olmaması, əsasən 2 uğursuz hərbi əməliyyatın-800 əsgərin itirildiyi Ağdərə əməliyyatı, ermənilərin onları kütləvi məzarlıqda basdırması; 1500 nəfərin itdiyi Mürovdağ-Ömər aşırımında qar uçqunu, hansı ki, Tom.de Vaal öz kitabında qeyd edib, könüllülərdən ibarət, vahid mərkəzdən idarə olunmayan dəstələrin vuruşması, döyüşçülərin, yaralananların, həlak olanların və ya əsir düşənlərin dəqiq siyahısının tutulmaması və s. kimi göstərilir. İki Qarabağ müharibəsinin təkcə bu faktı son 30 ildə nə dərəcədə böyük keyfiyyət və kəmiyyət dəyişikliklərin baş verdiiyni göstərir.44 günlük Vətən müharibəsini demək olar itkinlərsiz başa vurmağımız Ali Baş Komandanın hər bir əsgərin həyatını qoruması ilə birbaşa bağlıdır.Keçmiş rəhbərlərlə ən böyük fərq bundadır, eyni zamanda savaşı mülki deyil, silahlı qüvvələrin aparması, hərbi peşəkarlıq, göylərdəki ordumuzun hücumları, məsafəli müharibə modeli itkinlərin və çoxsaylı itkilərin qarşısını aldı.
Lakin təəssüflər olsun ki, 1990-cı ilin mirası-cənubi Qafqazın ən çox itkin sayına malik ölkəsi məhz Azərbaycandır.Bir daha 90-cı illərə qayıdaraq xatırlayaq ki, Azərbaycanda yüzlərlə dövlət təşkilatı ilə müayisədə biz o illərdə İtkinlərlə bağlı dövlət qurumunu arzu edə bilməzdik. 1988-92-ci illərin xaosunda münaqişə qızışdıqca qurbanların sayının artması, itkin düşən minlərlə şəxsin durumundan yararlanan ayrı-ayrı qruplar, kriminal dairələr və fərdlər, eləcə də siyasi qüvvələr bu ağır humanitar problemi gəlirli biznesə çevirmişdlər. Çarəsizlik içərisində olan insanlar Ulu öndər Heydər Əliyevdən kömək istəyirdilər. O zaman, hələ İtkin düşən şəxslərlə bağlı Komissiya normal fəaliyyət göstərə bilmədiyi şəraitdə və Bakıda sabit hakimiyyət olmadığı üçün insanlar Naxçıvan Muxtar respublikasına rəhbərlik edən Heydər Əliyevə müraciət edirdilər. Ulu öndərin Ermənistan prezidenti Levon ter Petrosyanla əsir və girovlarımızın azad olunması üçün apardığı danışıqlar vətəndaşlarımızın, şəhidlərimizin geri qaytarılmasına səbəb olurdu. Mərkəzi dövlət orqanlarını faktiki əvəz edən liderin Azərbayacana rəhbərliyi dövründə də itkin düşən şəxslər mövzusu daxili və beynəlxalq siyasətinin ön yerinə qoyuldu.
Ona görə də beynəlxalq konvensiyaları ratifikasiya edilməsi, dövri məruzələrin hazırlanması və sistemli işlərin görülməsi sahəsində Dövlət Komissiyası üzərinə düşən işi uğurla yerinə yetirməyə çalışdı. Lakin işğal reallığı ən böyük maneə kimi ortadaydı.İndi gerçəklik dəyişib. Azərbaycan “Bütün Şəxslərin Məcburi İtkin Düşməkdən Müdafiəsi haqqında Beynəlxalq Konvensiyanı” 2007-ci ildə imzalayıb, ancaq ratifikasiya etməyib. Cinayətləri törədən Ermənistan isə onu ratifikasiya edib və hər il məruzələr təqdim edir.Ona görə də ATƏT məruzəçisi Leo Platvoyet ölkəmizə axırıncı dəfə 2006-cı ildə gəlib, “Bizi əsirlikdən azad edin” kitabını yazıb, dəhşəti faktlar açıqlayıb. Ərazilərin işğaldan azad edilməsindən sonra bir neçə yerdə, o cümlədən Kəlbəcər rayonunun Başlıbel və Xocalının Fərrux kəndlərində tapılmış kütləvi məzarlıqlar bu siyasətə yenidən baxmağı tələb edir.
Zəfər tarixini yaşadığımız hazırkı mərhələdə Azərbaycan prosesləri qalib dövlət statusunda yenidən nəzərdən keçirir. Ölkəmiz beynəlxalq tanınmış sərhədlərini bərpa edib, regionda və dünyada geosiyasi, hərbi, iqtisadi, diplomatik nüfuzunun yüksəldiyi postmüharibə reallığının formalaşdırır. Bütün sahələrdə olduğu kimi, Zəfər amili itkin düşmüş şəxslərlə bağlı fəaliyyətin yeni keyfiyyət mərhələsinə keçməsini gündəmə gətirir. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev I Qarabağ müharibəsində Ermənistanın işğalçı və hərbi cinayətləri nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyinə aydınlıq gətirilməsini tələb edib və onu postmüharibə dövrünün dövlət kursu elan edib. Ardıcıl olaraq itkin, əsir və girovluqda olan soydaşlarımızın məsələsinin beynəlxalq gündəliyə salınmasında israrçı mövqe göstərilir.Bu baxımdan qarşıda duran hədəflər nədən ibarətdir? Bəzi fikirlərimizi tezislər şəklində paylaşmaq istərdik:
Əsas fəaliyyət istiqamətləri:Ermənistanın 30 ildən artıq davam edən hərbi cinayətlərinin itkin, əsir və girov şəxslər nümunəsində hərtərəfli təbliğidir. Ona görə də I Qarabağ müharibəsi dövründə yaradılan institusional format Zəfər dövrü şəraitində daha da təkmilləşdirilməlidir.
Qanunverici-hüquqi sahədə-bir çox ölkələrdə itkinlərlə bağlı ayrıca qanunlar mövcuddur. Azərbaycanda 2013-cü ildə belə qanunla bağlı anons verilsə də hələlik reallaşmayıb. Üstəlik, bir çox ölkələrdə milli “İtkin düşmüşlər günü” təsis və qeyd edilir. Ermənistanda 2000-ci ildən “Qarabağda itkin, əsir və girovlar günü” təsis edilib və Azərbaycana qarşı siyasi şantaj məqsədi ilə sui-istifadə edilir. Azərbaycanda da “I Qarabağ müharibəsində itkin düşmüşlər..” gününün təsis edilməsi məqbul olar.
Gürcüstan və Ukraynada olduğu kimi, xarici özəl kəşfiyyat və axtarış xidmətlərini prosesə cəlb etmək faydalı olar.
Elmi-tədqiqat, təbliğat və ideoloji iş istiqamətində yerli və xarici mediada fəaliyyət gücləndirilə bilər. Son 30 ildə xarici mediada çoxsaylı məlumatlar əksini tapıb. Arxiv materiallarının müxtəlif dillərdə tirajlanması dünya və yetişən gənc nəslin tarixi yaddaşını formalaşdıra bilər.
İtkin uşaq və qadınların məsələsi ayrıca aidiyyətli beynəlxalq qurumlar qarşısında qaldırıla bilər.
İtkin düşən şəxslərin rəqəmsal fotoşəkil siyahılarının, portalının, fotoşəkil fondlarının yaradılması vacibdir. Məs., Almaniyada itkin düşən şəxslərin fotoşəkilləri olan siyahılar 125 000 səhifədə və 225 cilddə tərtib edilib. Wehrmacht-ın İtkin Şəxslər siyahısı- 199 cild, mülki şəxslər isə 26 cild təşkil edir. Bu elektron bazada təxminən 1,4 milyon itkin şəxs haqqında məlumat var, onlardan 900,000-nin fotoşəkilləri mövcuddur. Elektron siyahılarının tərtibi səmərəli effekt verir.Yaradılan mobil xidmət sayəsində müharibədən qayıdanlar, döyüş yoldaşları, yaxud tanışların müsahibələri nəticəsində xeyli itkinin taleyinə aydınlıq gətirilib. Bir çox ailələr üçün itkin düşənlərin fotoşəkilləri olan siyahılar ömürləri boyu təsəlli mənbəyi kimi də dəyərli rola malikdir. Bu elektron bazalar-hərbi tədqiqatlar sahəsi üçün də əyani mənbə, vasitədir.
Son 30 ildə nəinki Avropa Şurası və Avropa parlamentində, eləcə də regional miqyasda Azərbaycanın itkin düşən şəxsləri ilə bağlı beynəlxalq dəyirmi masalar keçirilməyib, dövlət qurumları, insan hüquqları üzrə 3-cü sektor təmsilçiləri, qurban ailələri, elmi dairələr, jurnalistlər və gənclər Qərb dövlətləri tərəfindən səfərbər olunmayıb. Məsələn, Haaqada keçmiş Yuqoslaviya konflikti ilə bağlı itkin düşən şəxslərə dair iki dəfə böyük beynəlxalq görüşlər təşkil edilib, uğurlu nəticələr qazanılıb.
Silahlı münaqişədən xilas olan-artıq qalib gələn Azərbaycana beynəlxalq donor təşkilatları yardım göstərmir, qurban ailələrə tətbiq edilməli hüquqi aktlardan danışmaq mümkün deyil. Cinayət təhqiqatları və cinayətkaların təqibindən isə söhbət gedə bilməz.Halbuki regionumuzda silahlı münaqişələr, insan hüquqlarının pozulması və mütəşəkkil şəkildə itkin düşənlərə qarşı zorakılıqla bağlı müsbət təcrübə indi Rusiya-Ukrayna savaşına tətbiq edilə bilərdi.
Beynəlxalq qurumların prosesdə mühüm rol oynadığına dair faktların olmaması Qələbədən sonra onlara inamla yanaşmağa imkan vermir və etnik, dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs üçün ayrı-seçkiliyə yol verilməyəcəyinə inam yoxdur. Baxmayaraq ki, itkin düşən şəxslər məsələsi Ermənistanın məcburi icrası olan öhdəlikləri mövcuddur. Cinayətkarları təqib etmək və cəzalandırmaq üçün onların məsuliyyəti var. Lakin itkinlərlə bağlı prosesin Qərbdə irəliləyəcəyinə şübhəmiz və son 30 ilin təcrübəsi alternativ yollar tələb edir.Biz beynəlxalq ədalət mexanizmlərinə etibar etmirik. Yalnız daxili mexanizmlər və milli hərbi tribunallar cinayətkarların cəzalandırılmasında nəticə verə bilər. Müharibə Cinayətləri üzrə Xüsusi Prokurorluq və Milli Məhkəmələrin təşkili qaçılmazdır.Çünki Nürmberq prosesinə bərabər, beynəlxalq tribunal qurmaq üçün dövlətlərə rəhbərlik edən avropalı liderlərin istəyi yoxdur. Əksinə, Minsk qrupunu dirçəltmək planı münaqişəni yenidən alovlandırmaq istəyini açıq-aşkar nümayiş etdirir.
Bütün bunlara baxmayaraq, Ermənistan öz keçmişi ilə üzləşməli və üzülüşməlidir. Ermənistanın dövlət siyasətinin ifşası qaçılmazıdr. Məs. dövlət başçısının itkinlərlə bağlı bəyanatına onların absurd cavabı heyrət doğurur.sitat-“Ermənistan münaqişə tərəfi olmayıb, heç nəyə cavabdeh deyil..” Elə isə 44 günlük müharibədə İrəvan məzarlıqlarına aparılan cəsədlər kimə məxsusdur?
Minlərlə qurbanın sahib olduğu hüquqlar, insan hüquqlarının kütləvi və sistemli şəkildə pozulmasına görə təzminat və onun təkrarlanmaya- cağına dair zəmanət gözlənilən Sülh müqaviləsinin mühüm şərtlərindən biri ola bilər. Davamlı sülhün, uzlaşmanın və gələcəkdə erməni-azərbaycanlı qarşıdurmasının qarşısını almağın başqa yolu yoxdur.
Hərbi cinayətkarlar gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzlanması və sərhədlərin açılmasından sonra aramızda rahat gəzə bilməməlidir. İtkinlərlə bağlı mülki və hərbi cinayətkarların siyahısı elan oluna və onların Roma statutu əsasında daimi təqibi həyata keçirilə bilər. Hərbi və mülki cinaytkarların törətdikləri cinayətlərə görə cavab verməli olub-olmaması müzakirə edilə bilməz, çünki ədalətə nail olmaq və cəzadan yayınmağa son qoymaq, onu təkrar etməmək və günahkarları mühakimə etməklə dünyaya açıq mesaj göndərilmiş olar. İtkinlərə qarşı cinayətlərin cəzalandırılması o demək olacaq ki, Ermənistan bundan sonra dağıdıcı ideologiya yaratmağa çalışsa, məhkumluqdan qaça bilməyəcək. Cinayət ideologiyasına əl atanlar cəzalanarsa, onda indiki gənclər və gələcək nəsillər görər ki, bu cür əməllər mükafatlandırılmır, onları sabaha daşımaqdan vaz keçərlər. Baş verənlər haqqında ifadə verən şahidlər, xüsusən də günahlarını etiraf edənlər başqalarını motivasiya edərlər və ruhlarını bir qədər sakitləşdirmiş olarlar.
Eyni zamanda, indi qonşu ölkərdə gedən müharibənin baş şüarı demiltaristləşmədir, Ermənistan da strateji silahlar və müasir hərbi texnologiyalardan məhrum ediməlidir.Biz Azərbaycan ordusunun Laçın rayonuna və Laçın yoluna tam nəzarəti təmin etməsi ilə 1988-ci ildə münaqişə yenicə başlayandakı reallıqdan daha yüksək bir statusu bərqərar etməklə bir daha xalqımızın əsrlər boyu köçkün, itkin, əsir və nəhayət, torpaqlarına mina əkilməsinə son qoyacağına inanırıq.
Diqqətinizə görə təşəkkür edirik."