May ayının 22-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında növbəti görüş keçirilib. Görüşdə Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılıq əldə olunub.
Bundan başqa, mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalayıb. Eyni gündə Ermənistan baş naziri Nikol Paşinyan da delimitasiya komissiyasının yaradılması haqqında tapşırıq verib.
Sərhədlərin delimitasiyası ilə əlaqədar razılığın əldə olunması sülh prosesinə gedişatın müsbət irəlilədiyi haqqında fikirlər formalaşdırdı.
Delimitasiya komissiyalarının fəaliyyəti haqqında Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev hesab edir ki, Brüssel görüşündən sonra həm Azərbaycan, həm də Ermənistan tərəfindən komissiyanın yaradılması müsbət hal kimi dəyərləndirməlidir:
“Komissiyanın rəhbəri Baş nazirin müavini Şahin Mustafayevdir. O, həm də kommunikasiyaların açılması, dəhlizlərin yaradılması üzrə komissiyanın rəhbəridir. Eyni zamanda güc strukturları, birbaşa bu proseslərlə bağlı qurumlar, işğaldan azad edilmiş ərazilərin icra başçılarının da quruma daxil edilməsi mühüm əhəmiyyət daşıyır. Ermənistanla həmsərhəd olan rayonların icra başçılarının delimitasiya komissiyasında təmsil edilməsi göstərir ki, sərhəddən keçid məntəqələrinin yaradılmasında mütləq onların iştirakı olacaq".
Deputat xatırladıb ki, Ermənistan tərəfinin yaratdığı komissiyanın tərkibində onların kadastr xidməti, xüsusi xidmət orqanları, Müdafiə Nazirliyi və digər qurumlar təmsil olunur:
"Əsas məsələ odur ki, prosesə start verilib. Azərbaycanın təklif etdiyi 5 maddənin biri – məhz bu həyata keçirilir. Bundan sonra sülh müqaviləsinin imzalanması gündəmə gələ bilər. Ona görə də düşünürəm ki, Brüssel görüşündə Azərbaycan tərəfinin diplomatik qələbəsi müsbət təzahürünü göstərdi. Bu, mühüm işlərin başlanğıcıdır. Artıq bundan sonra digər detalların müzakirəsi gündəmə gələcək”.