Rusiya- Ukrayna müharibəsi nəticəsindən asılı olmayaraq bölgəmizdə hərbi- siyasi durumu dəyişdirəcək.
Bunu Moderator.az -a Türkiyənin Erciyes Universitetində çalışan professor Qafar Çaxmaqlı Ukrayna-Rusiya savaşı fonunda Qarabağda rus sülhməramlıların nəzarətində olan ərazilərdəki vəziyyəti şərh edərkən deyib:
"Rus sülhməramlılarının önəmli hissəsinin müharibəyə cəlb olunması üçün öz dislokasiya yerlərinə aparılması və oradan da Ukraynaya sövq edilməsi xəbərləri də təsdiq edir ki, burada yeni proseslərin başlaması qaçınılmazdır. 10 noyabr 2020-ci il razılaşmasına əsasən Qarabağın işğaldan azad olunmamış hissəsində erməni silahlı birləşmələrinin çıxarılması öhdəliyi var. Bu öhdəlik bu günə qədər yerinə yetirilməyib, əksinə, sülhməramlıların yardımı ilə burada hərbi yeniləşmə baş verib, bölgəyə yeni silah və texnika gətirilib. Sülhməramlı kontingentin bir hissəsinin çıxarılmasından sonra Rusiya ehtiyat edir ki, Azərbaycan öhdəliyi yerinə yetirməyənlərin əvəzinə onu antiterror əməliyyatları ilə başa çatdırsın. Ona görə də indi başının qarşıq olmasına rəğmən Rusiya Azərbaycanın bu əməliyyatları keçirməməsi üçün razılığını almaq istəyir, bu qarışıqlıqda həmin məsələnin müzakirəsi bu səbəbdəndir. Amma bir gerçək var ki, burada erməni hərbi birləşlərinin mövcudluğu hər hansı şəkildə olur olsun, Azərbaycan dövlətçiliyinə təhdiddir və inanıram ki, bu Rusiyanın nəzərinə çatdırılıb. Ermənistan bu günlərdə özünü elə göstərir ki, buradakı hərbi birləşmələrin ona aidiyyatı yoxdur, ikidə bir bəyan edir ki, əsgərliyə çağırılanlar Qarabağa göndərilmir, orada Ermənistana aid heç bir qüvvə yoxdur. Halbuki Ermənistan üzərindən yalnız bu ölkəyə deyil, başqa ermənipərəst ölkələrin yardımları davam etməkdədir. Bunlara isə bu günə qədər Rusiya şərait yaradıb. Azərbaycan bütün öhdəliklərə sadiq qalaraq indiyədək Qarabağda suveren hüquqlarını bərpa etmək üçün güçdən istifadə etməyib. Amma bu o demək deyil ki, oturub gözləməlidir. Ukrayna ilə savaşda Rusiya onsuz da məğlubiyyətin bir addımlığındadır, onun zəifləyəcəyi göz qabağındadır. Bu fürsətdən istifadə edib haqqlarımızı almalı və yarımçıq qalan işlərimizi tamamlamalıyıq."