Tanınmış politoloq Qafar Çaxmaqlı Ukranyada yaşanan son hadisələri Moderator.az-a şərh edib:
"Rusiya televiziyalarından birində Putinin ayrı-ayrı vaxtlarda Ukrayna ilə bağlı söylədiyi fikirləri toplayıb ictimaiyyətə təqdim etdilər. Bu toplu ilə onu demək istəyirdilər ki, Ukraynaya hərbi müdaxilədən başqa yol qalmamışdı. Amma bu görüntülər onu ifadə edə bilmirdi ki, Putin və onun ordusu Ukraynada hansı sürprizlərlə qarşılaşa bilər.
Putin özü də bunu hesablamamışdı. O, düşünürdü ki, Krımı ilhaq etdiyi kimi Ukraynanın paytaxtı Kiyevi də tutacaq, burada Yanukoviçə bənzər bir kuklanı hakimiyyətə gətirib Ukraynanı NATO-ya girməkdən vaz keçirəcək və başqa planlarını da asanlıqla həyata keçirəcək. Krımın ilhaqı zamanı Qərbin səssizliyi onu bu təcavüzü gerçəkləşdirməkdə stimul rolu oynadı. O Ukrayna bu sayaq dirənişini və dünyanın təcavüzə reaksiyasını hesablaya bilmədi. Aldadıcı cəhətlərdən biri də Rusiya rəhbərliyi ilə ABŞ və digər ölkələrin rəhbərləri ilə açıqlanmayan, bəzi hallarda əbədi gizli saxlanılacaq yazışmaları rol oynadı. Həmin dövlətlər uzun illər buradakı prosesləri öyrənərək Ukraynanı qabağa verməklə, bəlkə də qurban verməklə Rusiya ilə bağlı planlarını işə salacaqlarını hesablamışdılar.
Təcavüzün ilk günündə belə bir mənzərə vardı ki, Qərb Gürcüstanda olduğu kimi Ukraynanı da taleyin öhdəsinə, əliyalın birisini ayı ilə üz-üzə qoyur. Amma belə savaşlar bir neçə günə bitmir və illər uzunu hazırlanmış plan artıq işə düşüb. Bu gün belə bir mənzərə var ki, Rusiya hərbi cəhətdən Ukraynanı asanlıqla əzə bilər. Bu belədir. Amma onun sonuclarına qatlana bilərmi? Artıq Rusiyaya tətbiq edilən sanksiyalar və Ukraynaya yardımlar axını onu göstərir ki, Rusiya lap Kiyevi tutsa belə məğlubiyyətə uğramışdır. İki ölkə arasında başlanan danışıqlarda da üstün tərəf Ukraynadır, çünki arxasında dünya birliyi var. Danışıqların birinci raundundan məlumatlar verilməsə də təxmin etmək olur ki, Rusiya nəzərdə tutduğu heç nəyi Ukraynaya qəbul etdirə bilməyəcək. Ola bilsin bu danışıqların nəticəsi kimi Ukraynanın NATO-ya üzvlük məsələsində bir razılıq əldə olunsun.
Zatən indi Ukraynanı NATO-ya almaq məsələsi gündəmdə deyil və o heç vaxt ciddi bir prosedur olmayıb. Amma Ukrayna və onun arxasındakı dünya Rusiyanı Krımdan çıxarmaq və Ukraynanın ərazi bütövlüyünü təmin edəcək razılaşmalar çıxarıla bilər. Bu birmənalıdır ki, Rusiya Ukraynadan ordularını çəkəcək və artıq siyasi meydan Rusiyanın mərkəzində cərəyan edəcək proseslərlə qızışacaq. Ukrayna kartı ilə Rusiyanın prezidentinin və onun apardığı militarist siyasətinə son verilməsi prosesinin başlanacağı da gözləniləndir. Rusiyanın bu bataqlıqdan çıxması üçün ölkə rəhbərliyinin dəyişdirilməsini elə xalqın özü tələb edəcək. Tətbiq olunan sanksiyaların, müharibə bitsə belə aradan qaldırılacağı ehtimalları azdır, o davam edəcəksə, ölkədə narazılıq dalğaları hakimiyyəti təhdid edəcək. Bəzi rus müxaliflər deyirlər ki, bu yalnız inqilab yolu ilə ola bilər. Rusiya 1917-ci il ərəfəsindədir..."