Rusiya və Ukrayna arasında mümkün müharibə Fransadakı prezidentlik kampaniyasına gözlənilməz təsir göstərə bilər. Bu dramatik hadisələr fransızları hazırkı prezidentin ətrafında birləşdirə, eləcə də bu gün Moskva ilə əməkdaşlığa tərəfdar olan namizədlərin gözlərini aça bilər.
Moderator.az xəbər verir ki, bu sətirlər jurnalist Jil Parinin Fransanın nüfuzlu “Le Monde” nəşrindəki köşə yazısındandır. Jil Pari yazır ki, əgər Emmanuel Makron yenidən növbəti prezidentliyini elan etməzdən əvvəl Rusiyanın Ukraynaya müdaxilə etməsi manşetlərin əsas mövzusuna çevrilərsə nə baş verər? Müəllifin fikrincə, belə halda Fransada prezidentlik kampaniyası “tədqiq edilməmiş bir zəminə” ayaq basmalı olacaq, çünki bu, İkinci dünya müharibəsindən sonra kontinental Avropada ilk böyük münaqişə olacaq. Son onilliklərdə dünyada baş verən dramatik hadisələrin heç biri, o cümlədən Krımın Rusiyaya birləşdirilməsi və 2008-ci il Rusiya-Gürcüstan müharibəsi Fransada seçki kampaniyası zamanı başlamamışdı.
Silahlı münaqişənin başlayacağı təqdirdə namizədlərin bunu müzakirə etməkdən yayınmaları və özlərini ancaq öz proqramlarının təfərrüatlarına həsr etmələri çətin olardı. Qəzetin köşə yazarı hesab edir ki, “birlik effekti” ilə məşğul olmaq isə daha çətin olacaq, çünki bu, vəzifəsindən uzaqlaşdırıla bilən prezident Emmanuel Makrona bir müddət kömək edəcək.
Şübhə yoxdur ki, hazırkı dövlət başçısı “ön cəbhədə prezident” olmaq vəziyyətinin üstünlüklərindən istifadə edə bilər: o, gündəlik telefon danışıqları ilə məşğul olar və üstəlik, Parinin qeyd etdiyi kimi, tarixinin ən böyük təhlükələrindən biri ilə üzləşən Avropa İttifaqı Şurasının sədri kimi sonsuz sayda fövqəladə sammitlərdə iştirak etmək üçün dünyanı gəzə bilər.
Müəllifin fikrincə, bundan əlavə, Ukraynadakı müharibə rusiyayönlü baxışlara sadiq olan Fransa prezidentliyinə namizədlərin “gözlərini aça bilər”. Məsələn, ifrat sağçı namizəd Erik Zemmur çərşənbə axşamı müdafiə sahəsində gündəliyini təqdim edərkən deyib: “Mənə aydındır ki, NATO-nun Rusiyanın astanasına qədər genişlənməsi Avropanın təhlükəsizliyi üçün heç bir əsas vermir və mən qəti şəkildə bunun əleyhinəyəm. Ruslar bizim nə müttəfiqimiz, nə də düşmənimizdir”. Lakin jurnalist hesab edir ki, belə bəyanatlar Ukraynaya müdaxilə halında hər hansı bir tənqidə tab gətirə bilməz.
Solçu siyasətçi Jan-Lük Melanşon da bildirib ki, Ukraynada rahatlığı pozan Rusiya deyil, NATO-dur. “Amerika Birləşmiş Ştatları Ukraynanı NATO-ya daxil etmək qərarına gəlib və Rusiya özünü alçaldılmış, təhdid olunaraq hücum təhlükəsinə məruz qalmış hiss edir”, - deyə siyasətçi bəyan edib. Əgər Rusiya ordusu Ukraynaya müdaxilə edərsə, bu bəyanatı reallıqla uzlaşdırmaq çətin olacaq, - deyə Pari bildirib.
Köşə yazarının fikrincə, NATO Fransada öz populyarlığını qoruyub saxlayır. “Pew” Tədqiqat Mərkəzinin 2021-ci ilin iyununda açıqladığı sorğuda fransızların 51%-nin hərbi alyans haqqında “xoş” fikirdə olduğu, 72%-nin isə beynəlxalq məsələlərdə Vladimir Putinə “çox da güvənmədiyi” və ya “heç güvənmədiyi” məlum olub. “Biz onun imicinin son vaxtlar yaxşılaşdığına şübhə edirik”, - deyə jurnalist vurğulayır.
Pari hesab edir ki, Emmanuel Makron isə əksinə, öz mövqeyini gücləndirə bilər. Fransa prezidentinin Putini Versal sarayına və ya Rivyeredəki yay iqamətgahına dəvət etdiyini nəzərə alsaq, onu rusiyalı həmkarı ilə əlaqə saxlamağa çalışmadığına görə tənqid etmək çətindir. Makronun israrla Avropanın müdafiəsi haqqında danışaraq Vaşinqtonu “qıcıqlandırdığını” nəzərə alsaq, onu “ABŞ-ın nökəri” kimi təqdim etmək də çətin olardı.
Keçən həftə dərc edilən son sorğu göstərdi ki, Fransa vətəndaşları seçki kampaniyasına əvvəlkindən daha az diqqət yetirirlər. Respondentlərin 71%-i buna maraq göstərdiklərini bəyan edib - bu, beş il əvvəlkindən 10% azdır. Analoji olaraq 65% 10 apreldə keçiriləcək birinci turda mütləq səs verəcəklərini söyləyib - 2017-ci ildə isə bu göstərici 70% idi. “Rusiyanın müdaxiləsi vəziyyəti daha da gərginləşdirə bilər”, - deyə köşə yazarı vurğulayır.
Miraslan