“Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyən qüvvələr var”
Siyasət
3901
20 May 2021 | 12:58

“Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyən qüvvələr var”

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan mediasında və sosial şəbəkələrin erməni seqmentində guya İran tərəfindən Ermənistana kömək təklif olunduğu, ancaq Paşinyanın bundan imtan etdiyi barədə məlumat yayılıb. Məlumatlara görə, İrəvana son səfərləri zamanı İran hərbi rəhbərliyinin nümayəndələri Paşinyana Sünikdəki sərhəd təhlükəsizliyi məsələsində kömək təklif ediblər. İran nümayəndə heyəti terrorçular da daxil olmaqla “azərbaycanlı təxribatçı”ların Ermənistana nüfuz etməsinin qarşısını almaq məqsədilə bütün sərhəd boyunca müvəqqəti yerləşdirilməsi üçün İran qoşunları və texnikasının Sünikə yeridilməsini təklif ediblər.
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Mirbəşir bildirib ki, Ermənistan tərəfinin yaydığı məlumatlara həmişə şübhə ilə yanaşmaq lazımdır: “Bunun üçün ciddi əsaslar mövcuddur. Bilirik ki, Ermənistan saxta informasiya yaymaq üzrə ixtisaslaşmış dövlətlərdəndir. Ermənilər bu istiqamətdə peşəkarlığa malik xalqdır. Dünyanın aldadılması, beynəlxalq ictimai rəyin çaşdırılması istiqamətində fəaliyyət Ermənistanda dövlət siyasətidir. Olduqca ağır məğlubiyyətə uğramış təcavüzkar Ermənistan regionda yaranan yeni vəziyyətlə barışa bilmir. Bu baxımdan da bütün resurslarını səfərbər edib ki, regioan dövlətləri arasında gərginlik yaratsın.  Bu, erməni xisələtinin göstəricisidir. Ermənistan hər zaman regionda dağıdıcılıq fəaliyyəti ilə məşğul olub, əməkdaşlıq platformalarının yaradılmasının qarşısını alıb. Regional təhlükəsizlik sisteminin bugünədək mövcud olmamasının baiskarı Ermənistandır. Diqqət yetirsək görərik ki, Azərbaycan və Ermənistan tərəfi ilə paralel hər hansısa bir məsələnin müzakirə olunması haqqında dəfələrlə Ermənistan tərəfi həqiqəti əks etdirməyən məlumatlar yayıb”.
 
Millət vəkilinin sözlərinə görə, bu gün Ermənistan Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin korlanması, xüsusilə İran-Azərbaycan münasibətlərində hansısa bir gərginliyin yaradılması üçün əlindən gələni edir: “Təbii ki, İran-Azərbayvan münasibətlərində gərginlik yaratmaq istəyən qüvvələr var. Ancaq Azərbaycan təmkinli xarici siyasət yeridir. Bütün qonşu ölkələrlə dinc qonşuluq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas priorotet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycanla İran arasında münasibətlər daim inkişafda olan münasibətlərdir. İki qonşu dövlət arasında əməkdaşlığın inkişaf etdirilməsi, yeni istiqamətlərin tapılması üçün hər zaman cəhdlər müşahidə olunub. Xatırlatmaq istəyirəm ki, Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərə səfəri zamanı Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırıb. Bununla da növbəti dəfə Azərbaycan-İran münasibətlərinin xarakterini, əməkdaşlıq perspektivlərini ifadə edib.
 
Əlbəttə ki, bu, təcavüzkar Ermənistanda çox böyük qısqanclıq yaradır. Onlar da Azərbaycan-İran sərhəddi boyunca hansısa gərginliyi yaratmaq ümidi ilə yaşayırlar. Bu baxımdan hesab edirəm ki. Ermənistan tərəfinin yaydığı məlumatlara ehtiyatlı yanaşmaq, məsələləri dərindən araşdıraraq münasibət bildirmək lazımdır”. 
 
“Nəzərə almaq lazımdır ki, üçtərəfli bəyanatı Azərbaycan və Ermənistanla yanaşı, Rusiya da imzalayıb. Birgə bəyanatın şərtlərinin yerinə yetirlməsi üçün Azərbaycan üzərinə düşən öhdəlikləri dəqiqliklə icra edir. Sərhəddə delimitasiya və demarkasiya işlərinin aparılması da dolayısı ilə birgə bəyanatın şərtlərindən irəli gəlir. Regionda kommunikasiyaların açılması,  iqtisadi layihələrin həyata keçirilməsi hər şeydən öncə dövlət sərhəd mühafizə sistemlərinin yaradılmasını şərtləndirir. Regional təhlükəsizlik məsələlərinin həlli də məhz Azərbaycanla Ermənistan arasında dövlət sərhəd xətlərinin dəqiqliklə müəyyənləşdirilməsindən asılıdır. İran tərəfi də bunu fərqindədir. İranda da bilirlər ki, Azərbaycan heç bir halda qeyri-qanunu addımlar atmır, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına hər zaman həssaslıqla yanaşır. Bu baxımdan hesab edirəm ki, Ermənistanın İranın sözügedən addımları ilə bağlı yaydığı məlumatlar həqiqəti əks etdirmir. Azərbaycanın atdığı addımlar beynəlxalq hüquq çərçivələrinə tam uyğundur, ölkəmiz torpaqlarını işğaldan azad edib, dövlət sərhəd mühafizə sistemlərini qurmalıdır. Buna hər hansı bir qarşı mövqe, iddia sərgilənə bilməz”, deyə Elşad Mirbəşir əlavə edib. 
 
Link kopyalandı!
Son xəbərlər