Moderator.az-ın qeydi:
ABŞ prezidenti C. Bayden “genosid” dedi. Gözlənilən hadisə idi və Türkiyə prezidentinə dünənki zəngdən sonra bu mövqenin qətiləşəcəyini demişdik. Qarabağ məğlubiyyətindən sonra böhran içində olan ermənilər sevinc içərisindədirlər. Sabah erməni havadarlarından bu tip addımların atılacağı tamamilə mümkündür və ilk növbədə bu Qarabağ separatçılarını ruhlandıracaq. Havadarlar məlumdur- ABŞ, Rusiya, Fransa. Bu erməni havadarları Qarabağ problemində Minsk Qrupu adı altında “hakim” rolundadırlar. Bu “hakimlər”in daha da qabağa getməməsi üçün Türkiyə ilə Azərbaycan birgə addımlar atmalıdır və artıq hər iki dövlət başçıları arasında telefon danışıqları baş tutması haqqında rəsmi xəbər yayıldı. Qeyd edək ki, Türkiyə tərəfdən bu saatlarda çox maraqlı təklif irəli sürülüb: Şuşada Türkiyə konsulluğu açılsın. Tamamilə hər iki dövlətin maraqlarına uyğun ola biləcək təklifdir. Əvvəl konsulluq, sonra da hərbi bazalar. Ramazan bayramından sonra hörmətli Rəcəb Tayib Ərdoğanın Şuşa səfəri nəzərdə tutulub. Bu səfər günündə Şuşada Türkiyə konsulluğunun açılması yerinə düşərdi.