Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya sülhməramlılarının yeni xəritə hazırlayıb yaymaları sadəcə biabırçılıqdır və sülhməramlı missiyasına heç bir halda uyğun gəlmir.
Açıq demək lazımdı, onsuz da Rusiyanın Ermənistanı daim silahlandırması, müharibə dövründə də davam edən "erməni sevgisi", sülhməramlı adı ilə ölkəyə daxil olmağı bizim cəmiyyətdə birmənalı qarşılanmayıb. Rusiyada bunu yaxşı bilirlər ki, Azərbaycan ictimai rəyində bu ölkənin yüksək müsbət reytinqi yoxdur.
Buna rəğmən hələ də bu cür qeyri-adekvat davranışlar eləmək, Azərbaycanın keçirdiyi Zəfər Paradından qıcıqlanmaq, Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəsindən narahat olmaq, Azərbaycan məhsullarının bir qisminin idxalına qadağa qoymaq onsuz da yaxşı olmayan imici daha da pisləşdirir. Bəli, o paradda Rusiyanın Ermənistana hədiyyə etdiyi xeyli texnika nümayiş etdirildi, amma Rusiya da Ermənistana peşkəş etdiyi texnikanın Azərbaycanın üzərinə gəlməsinə imkan verməyəydi. Ermənistanın işğal etdiyi əraziləri boşaltması üçün Rusiyanın bir kəlməsi bəs edirdi.
Sülhməramlının işi separatçını zərərsizləşdirməkdir, separatçının uşağının əlinə silah vermək yox! Sülhməramlının əvəzinə bu işi Azərbaycan əsgəri görürsə, onda sülhməramlıya nə ehtiyac var?!
Xəritə manipulyasiyaları Rusiyanın öhdəliklərini açıq-aşkar pozmasıdır və buna tezliklə rəsmi açıqlama verilməlidir.
Vüsalə Mahirqızı, APA Holdinqin rəhbəri