Siyasət
1768
18 Nov 2020 | 18:39

"Artıq ölkə başçısı Füzulidən Şuşaya yolun çəkilməsi ilə bağlı göstəriş verib və..."

22 noyabr ədliyyə işçilərinin peşə bayramı günüdür. 1918-ci ilin bu günündə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilsə də, bu tarixin ədliyyə işçilərinin peşə bayramı kimi tarixə düşməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin 2000-сi il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr artıq 20 ildir ki, ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunur. 
Ulu Öndərin siyasi iradəsi və qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə mütərəqqi islahatar aparılmaqla günbəgün təkmilləşdirilir. İslahatlar sayəsində Azərbaycan ədliyyəsinin və məhkəmə-hüquq sisteminin səlahiyyətləri xeyli genişlənib, cəmiyyətdə yeri və rolu əhəmiyyətli dərəcədə artıb. 
Dövlət başçısının 2019-cu ilin 3 aprel tarixində imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı isə Azərbaycanda ədliyyə və məhkəmə sisteminin inkişafı üçün mühüm “yol xəritəsi”dir. Fərman ölkəmizdə məhkəmə hakimiyyətinə verilən müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Başqa sözlə, fərman bu sahədə islahatların dərinləşdirilməsini, müasir çağırışlara uyğun və sistemli davam etdirilməsini təmin edərək ədliyyə və məhkəmə-hüquq sisteminin gələcək inkişafı üçün mühüm əhəmiyyə malikdir. 
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, eləcə də məhkəmə-hüquq sistemində aparılan bütün islahatların tək qayəsi Azərbaycan xalqının rifahı, əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın artırılmasıdır. Şübhəsiz, Azərbaycan xalqı da ölkə başçısının təşəbbüsü ilə Azərbaycanda  nəinki məhkəmə-hüquq, bütövlükdə ictimai-siyasi, sosial-iqtisadi, habelə hərbi sahədə həyata keçirilən tədbir və islahatları dəstəkləyərək buna böyük inam bəsləyir. 

No


Bu ilin 27 sentyabr tarixində Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə ordumuzun Ermənistan hərbi qüvvələrinə qarşı Dağlıq Qarabağda başlatdığı əks-hücum əməliyyatları zamanı da bir daha bunun şahidi olduq. Erməni işğalçıları hələ 90-cı illərin əvvəlində Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək Azərbaycana qarşı hərbi əməliyyatlara başlamış və beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın 20 faiz ərazisini işğal etmişdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüş, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olmuş, 4 minə yaxın azərbaycanlı itkin düşmüşdü. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və erməni qoşunlarının qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən dörd qətnamənin olmasına baxmayaraq, işğalçı Ermənistan buna məhəl qoymurdu. Bundan başqa, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatların qəbul etdiyi qətnamələr də yalnız kağız üzərində qalaraq işğalın qanunsuz şəkildə 30 il davam etməsinə səbəb olub. Buna baxmayaraq, Ali Baş Komandan siyasi iradə nümayiş etdirərək Azərbaycanın əzəli torpaqlarının düşmən tapdağından azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı mühüm qərar verdi. Müzəffər Azərbaycan Ordusunun İlham Əliyevin tapşırığı ilə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 300-ə yaxın kənd, 5  şəhər, 4 qəsəbə, çox sayda strateji yüksəklik azad edildi, düşmənin döyüş meydanında qaçaraq qoyduğu yüzlərlə hərbi texnika qənimət kimi ələ keçirildi. 44 gün davam edən əks-hücum əməliyyatları Azərbaycan Ordusunun misilsiz zəfəri, düşmənin kapitulyasiyası ilə nəticələndi. Bundan sonra münaqişənin həlli siyasi yolla aparılacaq və Azərbaycan bu yolda da mütləq qələbə qazanacaq. 
Artıq ölkə başçısı işğaldan azad edilən Füzuli şəhərindən Şuşa şəhərinə yolun çəkilməsi ilə bağlı göstəriş verib və gələn ildən bu yol istifadəyə veriləcək. Prezident İlham Əliyevin tapşırığı ilə azad edilmiş Azərbaycan torpaqlarında dağıdılmış infrastruktur bərpa ediləcək, kəndlərin, şəhərlərin ekologiyanın bərpası həyata keçiriləcək. Ümid edirik ki, Azərbaycanın qələbəsi ilə yekunlaşan haqq və ədalət mübarizəsi əzəli Azərbaycan torpaqlarında yaşayan vətəndaşlarımızın hüquqlarının bərpası, bu ərazilərdə ədliyyə və hüquq-məhkəmə sisteminin bərqərar olması ilə özünün yeni dövrünə qədəm qoyacaq. 

İlahə Ələsgərova,
Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin rəisi
Link kopyalandı!
Son xəbərlər