Türkiyə ilə Azərbaycan bunu da bacarsa...
Siyasət
5168
01 Nov 2020 | 18:05

Türkiyə ilə Azərbaycan bunu da bacarsa...

Azərbaycanın sentyabrın 27-dən başlanan Qurtuluş Savaşı son Zəfərə yaxınlaşır. Bu müharibənin hərbi-strateji planlamasındakı peşəkarlıq, yeni orijinal yanaşma, novatorluq artıq dünyanın bir çox ölkəsinin hərbçiləri tərəfindən yüksək dəyərləndirilib, bundan sonra da uzun illər öyrəniləcək, hərb və tarix kitablarına salınacaqdır. 30 ilə yaxın işğal altında saxlanılan ərazilərdəki ən mühüm strateji mövqelərdə möhkəmlənmiş erməni silahlı qüvvələrinin Azərbaycan Ordusu qarşısında aciz, gücsüz, miskin duruma düşməsi, darmadağın edilməsi video-faktlarda, Müdafiə Naziliyinin, eləcə də Ermənistanın rəsmi qurumlarının yaydığı görüntü, çıxışlarda appaçıq görünür.

Görünən dağa bələdçi nə lazım?! Ermənistanı, dılqır “dağlıq qarabağ respublikası” (dqr) adı verdiyi bic uşağı doğub, əmizdirib, bələyib yekəldən, həm də Azərbaycanın dqr -üstünə qısqırdan iri buynuzlular, tətikçi dövlətlərin özləri də çarəsiz, pat vəziyyətdə qalıblar, kömək, yardım filan da yetərsiz qalıb, “erməni mifi”, hərb maşını tamam sıradan çıxarılıb.

İnanırıq ki, savaşda qazanılan qələbə sonrası Azərbaycan və Türkiyənin qardaş Prezident, Ali Baş Komandanları yüksək nüfuzları, qətiyyətli diplomatik məharətləri ilə masa arxasında danışıqlarda davam etdirib, yaxın gələcəkdə bu razılaşmaların, sazişlərin rəsmiləşdirilməsinin təməlini qoyacaqlar:

1. Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından, genosidi tanıtma siyasətindən rəsmən, yazılı şəkildə imtina edir, son verir.

2. Azərbaycanla Ermənistan arasında sülhməramlı silahlı qüvvələrin yerləşdirilməsi zərurəti yaranarsa, bu kiçik kontingentli, qısa müddətli, bir tərəfi mütləq Türkiyə

hərbçilərindən olmalı, dqr-dan kənarda-yalnız Ermənistanın Laçın rayonu ilə kiçik sərhəd bölgəsini əhatə etməlidir;

3.dqr muxtariyyəti, dəhliz-koridor verilməsi kimi qeyri-sivil məsələlərin müzakirəsindən tamamilə imtina olunmalıdır;

4. Zəngilan-Mehri-Naxçıvan yolunun açılması təmin olunmalıdır;

5. Bunların reallaşandan sonra, Türkiyə regiona kənar müdaxilələrin (“sorosçu” Paşinyan hökumətləri kimi) qarşısını almaq, dayanıqlı sülhə, tərəqqiyə nail olmaq üçün hərəkətə keçməli, ətlə-dırnağın, yəni Azərbaycanla Türkiyənin arasındakı çibanı kənar infeksiyalardan qoruyub “sağaltmaq” üçün Ermənistanla sərhədlərini açmalı, bu qonşu sərfəli bazarla geniş ticarət, iqtisadi, diplomatik-siyasi əlaqələr qurulması üçün hərəkətə keçməlidir;

6. Perspektivdə regionda sivil qonşuluq münasibətlərinin bərqərar olması üçün İran-Gürcüstan-Azərbaycan-Türkiyə-Ermənistanın “Şengen sazişi”i reallaşmalı, Avrasiya İqtisadi Birliyi strukturlarına fəal inteqrasiya həyata keçirilməlidir.

Tarixin verdiyi dərslər bizə öyrədir ki, qonşular daim müharibə, münaqişə şəraitində yaşaya bilməzlər, ona görə də bunlar təkcə xəyali ideya yox, əminəm ki, dəyişən dünyada regionumuzun çox da uzaqda olmayan mənzərəsidir.

Hacı Nərimanoğlu,

"Zəngəzur" Cəmiyyətləri Birliyinin sədri, t.ü.fəlsəfə doktoru

Link kopyalandı!
Son xəbərlər