Siyasət
2099
25 Oct 2020 | 16:15

"Artıq Azərbaycan dövləti nəinki regionda, dünyada söz sahibinə çevrilir"

Nəhayət iyirmi beş illik fasilədən sonra 2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr keçirilib. Xatırladaq ki, BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar sonuncu müzakirələr 1995-ci ildə keçirilib.
İclasdan sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransa tərəfindən TŞ Prezidentinin bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdır.
Təəssüflə qeyd edim ki, bəyanat layihəsində Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad yer almamışdır. Bu, bilərəkdən buraxılmış çox ciddi diplomatik səhvdir. Aydın məsələdir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasında bir daha öz simalarını göstərdilər.

Həmsədr ölkələrin canfəşanlığına baxmayaraq Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti, diplomatik uğurları bir daha öz faydasını verdi. İclasda Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Nigeriua, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin - layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif etmiş, lakin həmsədr ölkələr bunun qəbuledilməz olduğunu bildirmişlər. Yuxarıda sadaladığım 7 ölkə prinsipial mövqe nümayiş etdirərək, TŞ qətnamələrinə istinadın yer almasında təkid etmiş, yalnız bundan sonra həmsədr ölkələr bəyanat layihəsini geri çəkmişlər. Adı çəkilən 7 ölkənin sərgilədiyi qətiyyətli mövqe təqdirəlayiqdir. Bu hadisəni Azərbaycan diplomatiyasının dünyanın gözü qarşısında parlaq qələbəsi hesab etmək olar. Bu, həm də ölkə Prezidenti cənab İlham Əliyevin ölkə daxilində olduğu kimi, xarici siyasətdə də uğur qazanmasının bariz nümunəsidir. Millət vəkili olaraq dəstəklərinə görə 7 ölkənin hər birinə minnətdarlıq hissimi ifadə edirəm. Artıq Azərbaycan dövləti nəinki regionda, dünyada söz sahibinə çevrilir, ölkə başçısının diplomatik bacarığı sayəsində dünya gücləri Azərbaycanla hesablaşmağa başlayırlar. Son günlər ölkəmizdə gedən Vətən müharibəsində də Prezidentin xarici siyasətdə qazandığı uğurların nəticələrinin şahidi oluruq.
Həm daxili, həm də xarici siyasət bizi Qələbəyə aparır.
Eşq olsun Azərbaycan xalqına və ölkəmizi dünyada güc dövlətinə çevirməyi bacaran uzaqgörən siyasətçi Prezident Əliyevə!

Məşhur Məmmədov, Millət vəkili
Link kopyalandı!
Son xəbərlər