Millət vəkili, AvroNest PA-nın vitse-spikeri Elxan Süleymanov Avropa Parlamentinin prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana rəsmi missiya göndərməyəcəyini bildirib. E.Süleymanov bunu əvvəlki seçkilərin şəffaf və demokratik keçirilməsində Azərbaycanın əldə etdiyi uğurlarla izah edib.
Lakin bəzi politoloqlara görə, Avropa Parlamentinin Azərbaycandakı prezident seçkilərinə rəsmi müşahidə missiyası göndərməyəcəyi ilə bağlı yayılan xəbərlər o qədər də inandırıcı görünmür.
Bununla bağlı Moderator.az saytının sualını cavablandıran Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu məlum informasiyanın hələlik səhih olmadığını qeyd etdi: “Bu məlumatın nə dərəcədə səlis olduğu hələlik məlum deyil. E.Süleymanovun belə bir fikri yaymasında məqsədi nədir, bilmirəm. Amma hələlik Avropa Parlamentinin nə rəsmi saytında, nə də digər informasiya mənbələrində bu yöndə hər hansı bir açıqlama yoxdur. Mən bu cür dezinformasiyalar yaymağın hakimiyyətin nəyinə lazım olduğunu anlamıram. Əgər bu yöndə rəsmi bir açıqlama olarsa və Avropa Parlamenti bu barədə özü hər hansı bir məlumat verərsə, o zaman buna münasibətimizi ortaya qoyarıq”.
Seymur Əliyev