Bir
neçə gün öncə mətbuatda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü
Mehriban xanım Əliyevanın prezidentliyə namizədliyini dəstəkləyən daha iki
partiyanın adı açıqlandı. Məlum oldu ki, Demokratik Azərbaycan Dünyası
Partiyasından ( DADP ) sonra Azad Respublikaçılar Partiyası (sədri Kamil
Seyidov ) və Azərbaycan Mübarizlər Partiyası ( sədri Ağadur Müslümov) qarşıdan
gələn prezident seçkilərində Mehriban Əliyevanı dəstəkləyəcəklər.
Qafqazregion.az saytı adıçəkilən partiyalarla əlaqə saxlayıb. Azad
Respublikaçılar Partiyasının sədri Kamil Seyidovun dediklərindən məlum olub ki,
Mehriban xanımın namizədliyini dəstəkləyən partiyalar vahid seçki bloku
yaradaraq birgə fəaliyyət göstərmək barədə düşünürlər.
Söhbət zamanı Kamil Seyidov bunları söyləyib:: “Hər bir partiya öz seçimində
azaddır və bu seçimə görə onlara heç kim təzyiq edə bilməz”
ARP-nın sədri yaxın günlərdə geniş mətbuat konfransı keçirərək öz seçimlərinə
aydınlıq gətirəcəyini də söylədi.