“Bu gün keçiriləcək paradda Azərbaycan dövləti öz hərbi qüdrətini nümayiş etdirəcək”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş paradda çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, ordu quruculuğu dövlət üçün ən başlıca və ən prioritet məsələdir: “Hər bir ölkə üçün bu belə olmalıdır. Hər bir ölkə özünü müdafiə etməlidir. Xüsusi ilə müharibə şəraitində yaşayan ölkələr üçün bu daha vacibdir. Azərbaycan müharibə şəraitində yaşayır, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb və bizim ordumuz hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü istənilən yolla bərpa etsin. Uzun illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır. Uzun illərdir ki, bu ədalətsizlik davam edir. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Xalqımıza qarşı Xocalı soyqırımı törədilib. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edir və bu təşkilatlar bununla bağlı öz qərarlarını veriblər. Lakin Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğal davam edir. Əfsuslar olsun ki, danışıqlar da nəticə vermir. Belə olan halda ordu quruculuğuna böyük ehtiyac var”.