“Təəssüflər olsun ki, Azərbaycanın 22 illik müstəqillik dövründə indiyədək keçirilən seçkilər onlara- Milli Şuradakılara, ümumən radikal müxalifətə heç nə öyrədə bilməyib. Onlar hələ də dəstəyi Azərbaycan cəmiyyətindən yox, xaricdən almağa çalışırlar”.
Moderator.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim partiyadan olan millət vəkili Aydın Mirzəzadə Milli Şura üzvlərinin ABŞ-a gözlənilən səfərinə münasibətini bildirərkən dilə gətirib: “ Milli Şura üzvlərinin mütəmadi olaraq xarici səfərləri getməsi onların xarici qüvvələr tərəfindən maliyyələşməsi və onlardan tapşırıqlar alması barədə şübhələri artırır”-deyən millət vəkilinin sözlərinə görə, bununla da Milli Şura cəmiyyəti təəccübləndirməkdə davam edir.
A.Mirzəzadə hesab edir ki, qarşıdan gələn prezident seçkilərinə ciddi hazırlaşmaq, öz namizədini təqdim etmək, proqramını irəli sürmək əvəzinə Milli Şura əhəmiyyətsiz işlərlə məşğul olur: “Cəmiyyətdə onların xaricdən maliyyələşdirildiyi, xaricdən idarə edildiyi barədə şübhələr günü-gündən artır. Vaxtaşırı xaricə səfərlər etsələr də, bu barədə açıqlama verməkdən imtina edirlər. İndi də Amerikaya səfər edəcəklərini bildirirlər. Hesab edirəm ki, onların Azərbaycanda ziyalılarla, sadə vətəndaşlarla görüş keçirməkdənsə, xarici ölkələrə mütəmadi səfərləri çox mətləblərdən xəbər verir”.