Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi şəhid ailələri ilə görüşlər keçirir. Bununla bağlı Moderator.az saytını özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, yetkililər şəhid ailələrinin durumu ilə maraqlanır, habelə şəhid məzarlarını ziyarət edirlər: “Adıçəkilən dövlət qurumunun Abşeron rayon şöbəsinin yetkililəri rayon ərazisindəki şəhid ailələrinin evinə baş çəkir, onların yaşayış vəziyyəti ilə maraqlanırlar. Yetkililərin bildirdiyinə görə, onlar sosial durumu aşağı səviyyədə olan şəhid ailələri ilə bağlı icra hakimiyyətini məlumatlandıracaq, bu ailələrin vəziyyətini yaxşılaşdırmağa çalışacaqlar. Şəhid ailələri ilə tanışlıqdan sonra şəhid məzarlarını da ziyarət edən yetkililər, vətən uğrunda şəhid olmuş insanlara ehtiramlarını ifadə edirlər. Yetkililərin keçirdiyi görüşlər şəhid ailələri tərəfindən də məmnunluqla qarşılanmaqdadır. Şəhid valideynləri hesab edir ki, onlara verilən bu dəstək bütövlükdə cəmiyyətdə vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəlməsinə kömək edir”.