Şərti
olaraq “Milyarderlər İttifaqı” adlandırılan Rusiya Azərbaycanlıları Təşkilatları
İttifaqının üzvü, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov
mətbuata verdiyi son açıqlama zamanı Milli Şuranın sədri Rüstəm İbrahimbəyov
haqda xoş ifadələr söyləyərək, dolayısı ilə onun prezidentliyinə namizədliyinə
dəstək verib.
Məlumdur ki, Söyün Sadıqov Rusiya iqtidarına yaxınlığı ilə seçilir.
Maraqlıdır, görəsən Söyün Sadıqovun bu açıqlaması Kremlin İbrahimbəyovun
prezidentliyinə “dabro” verməsi anlamına gəlmirmi?
Moderator.az-ın bununla bağlı sualını cavablandıran politoloq
Ərəstun Oruclunun sözlərinə görə, bu barədə konkret bir fikir söyləmək
çətindir: “ Mənim özüm də qarşıdan gələn prezident seçkilərində iştirak edəcəm
və bu hal mənə o qədər də maraqlı deyil. Söyün Sadıqovun açıqlamasına gəldikdə isə
mən istisna etmirəm ki, burada Rusiyanın dəstəyi ola bilər”
Politoloq Natiq Mirinin bu açıqlamaya münasibəti isə bir qədər fərqli
oldu: “ Rusiyanın əsas məqsədi Azərbaycanda öz variantı olan Putin-Medvedev
kombinasiyasını həyata keçirməkdir.
Rusiya iqtidarı Mehriban Əliyevanın namizədliyini dəstəkləyir və bunu
Söyün Sadıqov vasitəsilə dilə gətirir. Rüstəm İbrahimbəyova gəldikdə isə,
Rusiya bu variantından yalnız iqtidara təzyiq metodu kimi istifadə etməkdədir”.
Xəyal