Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli Moderator.az-a açıqlamasında son günlər iqtidar düşərgəsində və müxalifətin bir qrupunun yaratdığı Milli Şura daxilində baş verənlərə aydınlıq gətirib:
“Mehriban xanım Əliyevanın namizəd kimi irəli sürülməsi iki məqsəd güdür: Birincisi, bu ictimai nəbzi yoxlamaqdır. Bu gələcək prezident seçkiləri üçün həm ölkə daxilində, həm də xaricdə Mehriban Əliyevanın ali dövlət kürsüsünə yüksəlişinə siyasi dairələri və ictimaiyyəti hazırlamaq niyyəti güdür. İkinci məqsəd isə bəzi siyasi qüvvələri hədəflərindən yayındıraraq mənasız müzakirələrə yuvarlamaqdır”.
Milli Şura daxilində baş verənlərə münasibətini ifadə edən partiya funksioneri qurumun fəaliyyətilə bağlı razılaşmadığı məqamlara da aydınlıq gətirib: “Bu qurumun bəzi üzvləri öz sıralarına rejimin möhkəmlənməsində, korrupsiyanın çiçəklənməsində, savadlı kadrların işdən kənarlaşdırılmasında və ümumiyyətlə, səhiyyə sisteminin dağılmasında müstəsna xidmətləri olan eks-səhiyyə naziri Ə.İnsanovu görmək arzusunda olmaqla əsl mahiyyətlərini nümayiş etdirirlər.
Eyni zamanda, cəlladlıqdan bəstəkar statusuna transfer olunan, maddi imtiyazlar müqabilində əlləri rejimə qarşı olan bir çox insanların qanına bulaşmış Hüseyn Abdullayevə Eldar Namazov demişkən “dərin hörmət” bəsləməklə hansı dünyagörüşün sahibləri olduğunu sərgiləyirlər. Uzun illər Rusiyanın təhlükəsindən dəm vuranlar, siyasi rəqiblərə “Rusiyanın agenti” çamuru atanlar bu gün Rusiyanın Azərbaycana real təhlükə ola bilməsinə sevinirlər. Bu prinsipsizlik və “ziyalı reformatorların” gerçək üzüdür”.