“ABŞ-ın yürütdüyü Yaxın Şərq siyasəti artıq iflasa doğru sürüklənir”. Bunu tanınmış hüquqşünas Elman Cəlilov Moderator.az-a ABŞ-ın “Taliban”la danışıqlara getməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, indiyə qədər Əfqanıstanda nəinki əfqan xalqının, həmçinin minlərlə ABŞ gəncinin qanı tökülüb. Hər gün okeanın o tayına təyyarələrlə əsgər meyiti aparılıb: “İndisə onun birdən birə Əfqanıstandan çəkilməsi və insiativi “Taliban”-a ötürmək üçün onunla danışıqlara getməsi heç siyasi əxlaq baxımından da düzgün deyil”.
Birləşmiş Ştatların hər zaman terrorizmi pislədiyini bildirən hüquqşünas bu addımın əslində terrorizmə haqq qazandırmaqdan başqa bir şey olmadığını, əzilən xalqların işğalçı qüvvələrə qarşı istənilən metodla mübarizə aparmasını təşviq etdiyini fikirləşir: “Bundan sonra hansı xalqa demək olar ki, imperializmə qarşı mübarizədə terrordan istifadə etmək olmaz. Həmçinin ölkə daxilində də dövlət aparatından istifadə edib, xalqı əzənlərə qarşı terror aksiyalarına əl atmaq yol verilməzdir”.
Bütün bu arqumentlərə əsaslanan Elman Cəlilov ABŞ-ın beynəlxalq konvensiyaları pozaraq cinayət etdiyini düşünür. Belə ki, terrorizmi təbliğ etmək cinayətdir. ABŞ isə adına terrorçu dediyi “Taliban”-la mübarizədə onunla danışığa gedərək əslində terrorizmi siyasi mübarizənin bir növünə çevirir və onu təşviq edir.