Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “AzerRoss” Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin keçmiş rəhbəri Söyün Sadıqov bu günlərdə Azərbaycanda olub. Bu barədə “Yeni Müsavat”a S.Sadıqovla Azərbaycanda təmasda olmuş mənbə məlumat verib. Mənbə deyib ki, S.Sadıqov Azərbaycanla yanaşı Gürcüstanda da olub. Orada azərbaycanlıların hərəkatının yaradılması ilə bağlı təşkilatlanma işləri aparıb.
Bundan əvvəl S.Sadıqov Gürcüstanda azərbaycanlı gənclər hərəkatı yaratdığını təsdiqləmişdi. O bildirmişdi ki, məqsəd Gürcüstan azərbaycanlılarının ölkənin ictimai-siyasi həyatında daha fəal rol almasına nail olmaqdır. Lakin S.Sadıqov gənclər hərəkatını mayın əvvəllərində yaradacağını, 9 may Qələbə gününü Gürcüstanda keçirəcəyini desə də sonra onun planlarından bir xəbər çıxmadı. Yəni S.Sadıqovu mayın əvvəllərində Gürcüstanda görən olmadı. Ancaq indi belə məlum olur ki, S.Sadıqov gec də olsa regiona gəlib, özü də təkcə Gürcüstanda yox, Azərbaycanda da olub və təşkilati işlər həyata keçirib.
Bəs S.Sadıqov Azərbaycana gəlməklə risk etməyib ki? Axı ötən ilin payızında onun da təşkilatçılığı ilə Moskvada “Milyarderlər ittifaqı” kimi tanına Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı yaranandan sonra S.Sadıqov Bakı üçün arzuolunmaz şəxsə çevrildi. Hakimiyyət təmsilçiləri onun Rusiya xüsusi xidmət orqanlarına işlədiyini və Kremlin Azərbaycana qarşı hansısa sifarişlərini yerinə yetirdiyini deyirdilər. S.Sadıqov da arabir bəyanatlar verərək Azərbaycan iqtidarını qəzəbləndirirdi. Məsələn, o Rusiya prezidenti ilə görüşəndən sonra bildirdi ki, əgər V.Putinin 2003 və 2008-ci illərdə dəstək verməsəydi Azərbaycanda hakimiyyətdə başqaları oturmuşdu. YAP təmsilçiləri isə onun ünvanına təhqiramiz ifadələrlə çıxış edirdilər və S.Sadıqovun “bazar adamı obrazını” yaradırdılar.
Lakin son vaxtlar S.Sadıqov “Milyarderlər ittifaqı” ilə bağlı proseslərdə kölgəyə çəkildi. Bununla belə onun proseslərdən tamamilə çəkildiyini demək olmaz. Bu baxımdan S.Sadıqovun ən azından Azərbaycana buraxılmayacağını gözləmək olardı. Görünür onun daşıdığı titul-yəni Putinin xüsusi səlahiyyətli nümayəndəsi olması Azərbaycan hakimiyyətini belə addım atmaqdan çəkindirib. Əks halda Putinin səlahiyyətli nümayəndəsinin ölkəyə buraxılmaması və ya saxlanılması xəbərləri Rusiya ilə onsuz da kifayət qədər həssas dönəmdən keçən indiki münasibətlər baxımından hakimiyyətə sərf etməzdi.