Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov “yaşıl şəhər” projesi əsasında Sumqayıtın yaşıllaşdırılması və ekoloji baxımdan təmiz şəhərə çevrilməsinə şəhərin həkim kontingenti hesabına nail olmağa çalışır. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, bu məqsədlə tez-tez iməciliklər təşkil edən icra başçısı şəhərdəki tibb müəssisələrinin bütün əməkdaşlarını “ümumşəhər işi”nə cəlb edir: “İcra başçısının təşkil etdiyi iməciliklərə şəhər ərazisindəki bütün dövlət qurumlarının əməkdaşları cəlb edilsə də, E.Əzizov səhiyyə işçilərinin bu tədbirlərdə iştirakına xüsusi önəm verir. İcra başçısı hesab edir ki, şəhərin ekoloji durumu ilə bağlı yerli və beynəlxalq hesabatlarda yer alan məlumatlar ən çox səhiyyə işçilərini narahat etməlidir. İcra başçısı hesab edir ki, səhiyyə sektorunda çalışanlar keçirilən iməciliklərdə mütəmadi iştirak etməli, yalnız təmizlik işlərinə deyil, şəhərin yaşıllaşdırılmasına da öz töhfələrini verməlidirlər. Bununla bağlı şəhərdəki tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edən icra başçısı, onları keçirilən iməciliklərdə aktiv iştirak etməyə çağırıb. Səhiyyə işçiləri isə hesab edir ki, şəhərin ekoloji durumunun yaxşılaşdırılması elmi baxımdan yüksək səviyyədə hazırlanmış sistem və ya dövlət proqramı çərçivəsində həyata keçirilməlidir. Onların fikrincə, adı dünyanın ən eybəcər 10 şəhəri arasında keçən Sumqayıtı həkimləri bağbanlığa cəlb etmək və ya onlara zibil yığdırmaqla gözəlləşdirmək mümkün deyil. Tibb işçiləri hesab edir ki, icra başçısının iməcilik sevgisi sovet dönəminə məxsus metoddur və hər şeydən öncə insanların hüquqlarını pozduğu üçün qəbuledilməzdir”.
Elçin Mirzəyev