Siyasət
20816
28 Aug 2019 | 20:47

"Onun gəlməsini heç kim bilməməli, kimliyi və şəxsiyyəti də gizli saxlanılmalıdır..."

Konstitutsiya Məhkəməsinin hakimi İsa Nəcəfovun "Acı həqiqət" siyasi-publisistik əsəri artıq çapa hazırlanır. Bu gündən etibarən Moderator.az əsərin bəzi hissələrini oxuculara təqdim edəcək:

Azərbaycan naminə mübarizə 

Axşam saat səkkiz idi. Prezident yenicə şam yeməyinə başlamış, hələ ilk tikəsini udmamışdı. Düşüncələri onu rahat buraxmırdı. Neft müqavilələrinin uğurla bağlanması üçün hər şey edilmişdi. Bu, tarixi bir proses idi. Qonşu ölkələrin bu hadisəyə necə yanaşacaqları da çoxdan götür-qoy edilmişdi. Bütün bunlar kino kadrları kimi bircə-bircə gözləri önündən keçirdi.

Rusiya tərəfindən hər hansı bir narazılığın qarşısını almaq üçün bu layihələr ilk dəfə Yeltsin hökümətinə təklif olunsa da, Rusiya ağır iqtisadi və siyasi böhran içərisində olduğuna görə təklifdən imtina etmişdi. Hətta Baş nazir Viktor Stepanoviç Çernomırdin onun şəxsi təklifinə baxmayaraq, müxtəlif bəhanələrlə Bakıya səfər etməkdən imtina etmişdi. Halbuki, Baş nazirin ona xüsusi rəğbəti olduğuna da tam əmin idi. Görünür, buna mane olan prezident Yeltsin idi.

Digər tərəfdən, ABŞ-ın müxtəlif hakimiyyət dairələrindəki tərəfdarlarının SSRİ-nin dağılmasında müstəsna rolu olduğuna görə prezident Yeltsini hələ dəstəkləyir, kommunistlərin hakimiyyətə gəlməsinə imkan verilmirdi. Neft müqavilələri əsasən Qərbin neft şirkətləri ilə bağlanacaqdı. Hələ bir yandan da, Şimali Qafqazda – Çeçenistan Respublikasında başlamış milli azadlıq hərəkatı da getdikcə alovlanmaqda idi. Regiondakı proseslərin hamısı neft müqavilələrinin bağlanmasına daha əlverişli şərait yaradırdı.

Prezident İran İslam Respublikasından razı idi. Bu müsəlman dövlətinin ortaq tarixi-mədəni dəyərlərə görə Azərbaycanda  maraqları vardı. Lakin indiki durumları Qərbin və Amerikanın iqtisadi sanksiyalarına görə o qədər də ürəkaçan deyildi. Digər tərəfdən, qonşu ölkənin dövlət başçıları Prezidentə və onun şəxsiyyətinə xüsusi rəğbət bəsləyirdilər. Deməli, cənubdan heç bir təhlükə ola bilməzdi.

Prezidentin Türkiyə prezidenti Süleyman Dəmirəllə tarixi dostluğu ona tam qətiyyətlə hərəkət etməyə imkan verirdi. Lakin Türkiyə idarəçilik sistemi Parlamentli Respublika olduğuna görə Türkiyə prezidentinin siyasi məsələlərə o qədər də təsiri olmurdu. Eyni zamanda, Tansu Çillər höküməti Amerikapərəst idi. Bu da ona inam verirdi ki, Türkiyə hökuməti layihəyə heç vaxt mane olmayacaq. Digər tərəfdən də, Bakı-Ceyhan layihəsində Türkiyənin 1,75 faiz payı vardı.

Qonşu Gürcüstan dövlətinin siyasi kursu daim dəyişirdi. Lakin orada çoxlu sayda azərbaycanlı icması mövcud idi. Onların sözsuz ki, Gürcüstanın daxili və xarici siyasətinə az da olsa təsiri vardı. Prezidentin Şevarnadze ilə əlaqələri və münasibətləri zahirən yaxşı idi. Amma Şevarnadzenin SSRİ-nin dağılmasında xüsusi rolu vardı. Qərbin yardımı olmadan o, hakimiyyətdə qala bilməyəcəkdi. Almaniya ona xüsusi rəğbət bəsləyirdi. Lakin Almaniya bu vaxt Amerikanın nüfuz dairəsində olduğuna görə Gürcüstan tərəfindən narahat olmağa dəyməzdi.

Ermənistan isə müharibənin ağırlığından üzülmüşdü. May müqaviləsi (14 may 1994-cü il) iki ölkə arasındakı qırğını dayandırmışdı. Ona görə də, ermənilərin beynəlxalq hadisələrə heç bir təsiri olmayacaqdı...

... Bu vaxt qapının açılması prezidenti ani düşüncələrdən ayırdı. Bəylər içəri daxil oldu.

– Bağışlayın, cənab prezident. Aldığımız məlumat təcili və mühüm xarakterli olduğuna görə sizi şam yeməyinizdən ayırmağa cəsarət elədim.

Prezident tələsmədən çəngəl və bıçağı stolun üstünə qoydu. Bəylərin qovluğun içindən götürüb ona uzatdığı sənədi aldı. Nəzərlərini diqqətlə sənədin üzərində gəzdirdi.

– Təcili cavab verin, gəlsin. Ona istədiyi şəraiti yaradın.

Bəylər: "Baş üstə” deyib otağı tərk etdi. "Görünür nəsə fikrimdən çıxıb”, – deyə fikrindən keçirdi.

Prezident uzun illər vərdiş etdiyi adətinə xilaf çıxmadan şam yeməyinə davam etdi. "Dünənki rəqiblər bir gün dost olurlar. Həyatın qəribə keşməkeşliyi varmış”. 

Xarici Mərkəzi Kəşfiyyat İdarəsi dünyanın ən nüfuzlu təşkilatı, SSRİ-nin dağılmasının ən fəal iştirakçısı idi. Lakin DTK-nın Birinci idarəsi də ondan geri qalmırdı. Sovetlər İttifaqında L.Brejnevdən sonra Baş katiblərin bir-birinin ardınca dünyasını dəyişməsi, Qərbin və ermənilərin əlində oyuncağa çevrilən fərsiz M.Qarbaçovun hakimiyyətə gətirilməsi nəticə etibarı ilə SSRİ-nin dağılmasına gətirib çıxardı. Bundan sonra millətlər arasında düşmənçilik toxumu səpildi və sürətlə cücərməyə başladı. 1985-ci ildə hüquq mühafizə orqanları ictimai-siyasi həyatdan təcrid edildi. Vətənpərvər, peşəkar kadrlara qarşı siyasi aksiyalar həyata keçirildi. Ittifaqın və müttəfiq respublikaların hakimiyyətini müdafiə edən sütunlar dağıdıldı. Böyük bir dövlət başdan-başa hərc- mərclik girdabına yuvarlandı. Sual olunurdu: "kimdir müqəssir?” "Kimdir cümlə xəyanətlərə bais!?”

Mərkəzi Kəşfiyyat İdarəsinin rəis müavininin Bakıya təcili gəlişinin səbəbi nə idi? Axı, hər şey ətraflı təhlil edilmişdi. Ölkədə bütün mövcud qüvvələrin məqsədi, xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqələri, aldıqları yardımı, ictimai-siyasi bazası, kütlə arasında çəkisi və ilaxır tam və hərtərəfli  öyrənilmişdi.

Prezident yenə ölkədə mövcud olan ictimai-siyasi vəziyyəti ağlının süzgəcindən keçirməyə başladı. Süni şəkildə Talış-Muğan respublikası yaratmaq istəyində olan Əlikram Hümbətov artıq insanlara təsir göstərə bilməzdi. Onun seperatiçı hərəkətı artıq iflasa uğramış, haqqında cinayət işi başlamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılırdı. Cənub bölgəsində, demək olar ki, heç kim onun boşluğa yuvarlanmış puç ideyalarına belə yaxın durmurdu.

Ətrafı tərəfindən hələ də "Lələ” adlandırılan Baş nazir Surət Hüseynov nüfuzunu itirmişdi və hökmranlığını qoruyub saxlaya bilmirdi. Dünyəvi ictimai-siyasi işlərdən başı çıxmırdı, Yun fabrikinin hesabına haram pul qazanımaqla zənginləşən və guya nüfuz qazanan bu şəxs siyasi idarəçilikdə olduqca naşı idi. QRU-nun sadiq müti adamıydı. Onun arxasında nə xalq kütləsi, nə də güclü hərbi qüvvə dayanırdı. Ən yaxşı halda, o, pul gücünə meydana aldadılmış 300-500 adam çıxara bilərdi.

"Sadval" isə Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycanın şimal bölgəsində yaradılmışdı. Yaranışının ilkin zamanında ölkə daxilində ictimai proseslərə müəyyən dərəcədə təsir göstərə bilərdi. Federal Təhlükəsizlik Xidməti  Sadvaldan hakimiyyətə qarşı vasitə kimi istifadə edə bilməzdi. Prezidentin dövlət hüdudlarından kənarda Cənubi və Şimali Qafqazda böyük nüfuzu vardı. Sadvalın dəstəklənməsi, Rusiyanın hüdudlarında muxtariyyat qurumunda yaşayan xalqların və etnik qurumların arasında çaxnaşmaya gətirib çıxara bilərdi. Şərq müsəlman ölkələrinin xüsusi xidmət orqanları Rusiya düşmənlərinin təhrikilə bu prosesləri alovlandıra bilərdi. Nəticədə, uzun illər davam edərək alovlu bir qırğın ocağı yaranacaqdı. Federal Təhlükəsizlik Xidməti isə buna heç zaman razı ola bilməzdi.

OMON-dakı Rövşən və Mahir Cavadov qardaşları Türkiyə Respublikasının MİT-i tərəfindən dəstəklənirdi. Səfir Altman Karamanoğlu açıq-aşkar onlara himayədarlıq edir, Türkiyə höküməti səviyyəsində görüşlər təşkil edirdi. Bu, döyüş görmüş silahlı bir qüvvə idi. Xalq arasında azacıq da olsa hörməti vardı. Lakin bu nüfuz qorxu nəticəsində qazanılmışdı.

Ökənin Daxili İşlər nazirliyi yaradılmış bu qurumu idarə edə bilmir, onun nüfuzu dairəsindən çox kənarda idi. Lakin xalqın əksəriyyəti OMON-un cinayətkar hərəkətlərindən boğaza yığılmış, və onun tamamilə ləğv edilməsini istəyirdi. Ancaq proses hələ yetişməmişdi, zamana ehtiyacı vardı. Qardaşlar Surət Hüseynovla birləşmək arzusunda idilər və Rusiya ilə sıx münasibət qurmağa çalışırdılar. Lakin bütün bunlara baxmayaraq, onlar tezliklə bağlanılacaq neft müqaviləsinin reallaşmasına mane törətmək iqtidarında deyildilər. Digər tərəfdən Tansu Çillər höküməti özlərinin tarixi rəqibləri  Rusiya ilə indiki şəraitdə birgə hərəkət etmələri inanılmaz idi.

Prezident şam yeməyini bitirdi. Axşam saat doqquzda iş otağına qayıtdı. Kresloda  oturan kimi düyməni basdı.

– Bəli, cənab prezident! – köməkçi Tariyelin səsi eşidildi.

– Bəyləri yanıma çağır!

– Baş üstə. Bu dəqiqə!

Tariyel dəstəyi yerinə qoymamış Bəylər içəri daxil oldu. İrəliyə iki addım atıb dayandı.

– Yaxın gəl.

Bəylər prezidentin masasına yaxınlaşdı.

– Cavab verildimi?

– Bəli, cənab prezident, cavab almışıq, – Bəylər şifroqramı prezidentə təqdim etdi. Prezident yenidən eynəyini taxıb, şifroqramı diqqətlə oxudu.

– Demək, sabah axşam saat 23:30-da. Onun gəlməsini heç kim bilməməlidir. Kimliyi və şəxsiyyəti də gizli saxlanılmalıdır. Bu barədə Raufu da xəbərdar edin. Səndən başqa heç kim bizə xidmət etməməlidir.

– Baş üstə, cənab prezident! Hər şey mənə aydındır.

– Gedə bilərsən.

Bəylər geri döndü və cəld addımlarla prezidentin kabinetini tərk etdi.

Nəzərdən heç nə qaçmamışdı. Azacıq da olsa nəzərə alınmış və təhlilə ehtiyacı olan bütün hallar öyrənilmişdi.

Görəsən, onun gəlişinə hansı faktlar səbəb olubdur? Əgər səbəbi varsa da, yalnız föv qəladə hal ola bilərdi.

Prezident bir qədər də bu barədə düşündü. Sonra öz-özünə: "Gəlsin görərik”, – dedi və onu gözləyən təxirə salınmaz, ən vacib olan işlərinə başladı.

Ertəsi gün: saat 22:30

Ardı var...
Link kopyalandı!
Son xəbərlər