Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un prezidenti təyin edilib.
Bizim.Media bu barədə X sosial şəbəkəsində COP28 səhifəsinin məlumatına istinadən xəbər verir.
"Azərbaycan bu il COP29-a ev sahibliyi edir. COP29-un prezidenti Muxtar Babayev və COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyevə işlərində uğurlar arzulayırıq. Biz COP29 və COP30 prezidentləri, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası ilə işləməyi səbirsizliklə gözləyirik. COP28-in tarixi uğurunu davam etdirin və 1,5°C-ni əlçatan məsafədə saxlayın”, –COP28 səhifəsində yerləşdirilən mesajda deyilir.
Qeyd edək ki, Şərqi Avropa Regional Qrupu 11 dekabr 2023-cü il tarixində Dubayda keçirilən COP28 konfransında rəsmi elan edilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etmək üçün Azərbaycanı seçib.
Azərbaycanda COP29 2024-cü ilin noyabrına planlaşdırılıb.

Bizim.Media