Siyasət
3779
30 May 2016 | 15:37

"Rusiyanın ən yüksək səviyyədə belə bir jest etməsi maraqlıdır”

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Yunanıstana səfəri əsnasında Türkiyə ilə əlaqələrini düzəltmək istədiyini söylədi. Afinada keçirilən mətbuat konfransında Putin ilk dəfə olaraq Moskvanın Ankara ilə barışmaq istədiyini bildirdi.

Bilirik ki, Putin çıxarı və məqsədi olmadan heç zaman bu fikri səsləndirməzdi. O üzdən Putinin barışıq açıqlamasının ardından müxtəlif suallar yarandı. Görəsən, Türkiyəli ilə ilə Su-24 olayından sonra pozulan əlaqələrini bərpa etmək istəməsinin arxasında Putinin hansı niyyətləri durur? Putin bu dəfə məqsədinə çatacaqmı? Ümumiyyətlə bundan sonrakı hadisələr hansı xətlə davam edə bilər?


Moderator.az-ın bu və ya digər suallarını "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, fəlsəfə doktoru Vüqar Zifəroğlu cavablandırıb.


V.Zifəroğlu ilk öncə Rusiya Prezidenti Vladimir Putinin Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyini dilə gətirməsinin ardından Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun birgə işçi qrupu yaradılması barədə təklifinin gündəmə gəlməsinə toxunub: “Təbii ki, münasibətlərin gərginliyi nə siyasi, nə də iqtisadi nöqteyi nəzərdən bu iki dövlətə sərf etmirdi. Və məlum təyyarə olayından sonar münasibətərin gərginləşməsində son dərəcə ciddi rol oynayan Rusiya tərəfinin ən yüksək səviyyədə belə bir jest etməsi maraqlıdır”.  


Analitik daha sonra qeyd edib ki, eyni zamanda bu açıqlamanın hansı zaman çərçivəsində verilməsinə də diqqət etmək gərəkir: 

“Putinin bu açıqlaması Avropa Birliyi iə Türkiyə arasında məlum viza gərginiyi və bu gərginliyin gətirdiyi ciddi siyasi gərginlik fonunda baş verir. Maraqlıdır ki, Türkiyə ilə Avropa Birliyi arasında həmişə münasibətlər gərginləşdiyi zaman ya rəsmi Moskva Türkiyə ilə münasibətlərini irəli aparmaqda maraqı olduqları barədə açıqlamalar verir, ya da elə Ankaranın özü. Haqlı olaraq bildirmək olar ki, bu kimi siyasi bəyanatlar əslində tərəflərin üçüncü qüvvəyə, yəni Avropaya siyasi təzyiq rolunu üstələmiş olur. Və çox zaman sadəcə müəyyən zaman kəsiyində deyilmiş quru açıqlamalar və bəyənatlar olaraq da qalır. Unutmamısınızsa, Putinin məşhur “Türk kəməri” layihəsi də illər öncə Avropa Birliyi-Türkiyə münasibətlərinin gərginliyi fonunda baş vermişdi və o zaman bildirmişdim ki, bu layihənin nə siyasi, nə də iqtisadi gələcəyi var”.


Ekspert bundan sonra Türkiyə-Rusiya münasibətləri yumşalsa belə, ciddi əlaqələrin gözlənilmədiyini də vurğulayıb: “Birmənalı şəkildə vurğulamaq lazımdır ki, indiki məqamda Türkiyə-Rusiya münasibətləri arasındakı gərginlik təbii ki, azalacaq və yumuşalma ilə əvəz olunacaq. Amma bu, ciddi iqtisadi və siyasi partnyorluq səviyyəsinə yüksəlməyəcək. Türkiyə ilə Rusiyanın regionda maraqları ciddi şəkildə toqquşur və maraqların kəskin şəkildə toqquşduğu bu nöqtələrdə razılığa gəlinməyənədək, bu iki dövlət arasında rəqabət zamanla artan və ya azalan xətt üzrə davam edəcək”.


Rumiyyə

Link kopyalandı!
Son xəbərlər