“Vyana görüşündən konkret nəticə əldə edilməsə...”
Siyasət
5301
17 May 2016 | 14:35

“Vyana görüşündən konkret nəticə əldə edilməsə...”


“Vyana görüşünün nəticəsi - həmsədrlərin həmişə kimi ənənəvi bəyənat qəbul edərək münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü bir daha vurğulamaları və tərəfləri dialoqa çağırmalarıdır”. 

Bunu Moderator.az-a açıqlamasında "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün nəticələrini şərh edərkən deyib. 

V.Zifəroğlu daha sonra əlavə edib ki, bu görüş ATƏT-in Minsk qrupunda təmsil olunmuş dövlətlərin Ermənistanın qeyri-konstruktiv hərəkətlərinin qarşısını almaq, ona beynəlxalq hüquq normalarına riayət etmək üçün təzyiq etmək niyyətində olmadıqlarını təsdiq etdi:  “Bu, sadəcə olaraq status kvo-nun dəyişdirilməsinin qarşısını almaq üçün atılan addım idi və daha çox indiki şəraitdə Ermənistanın maraqlarına cavab verir. Aprel əməliyyatlarından indiyədək ABŞ və Fransanın fəallıq nümayiş etdirməməsi, Rusiyanın Cənubi Qafqazda manevr imkanlarını qabartması ilə nəticələnsə də, bu həm də Qərbin gələcəkdə baş verəcəklərə görə məsuliyyəti Moskvanın üzərinə yıxa bilməsi üçündür. Rusiya isə, dünən görüş zamanı çəkilən şəkillərdən də göründüyü kimi, hansı tərəfin yanında, hansı tərəfin qarşısında durduğunu açıq şəkildə nümayiş etdirdi”. 


Ekspert sonda onu da vurğulayıb ki, Vyana görüşünün nəticəsi olmayacağı təqdirdə münaqişənin hərbi yolla həlli aktuallaşacaq: “Ermənilər bu bir ay ərzində səsləndirdikləri bəyənatlar, eləcə də atdıqları addımlarla sübut etdilər ki, hətta Qarabağ ətrafı rayonların boşaldılmasına da razı deyillər və buna heç bir halda getməyəcəklər. Rusiyanın da hər hansı bir şəkildə ermənilərə təzyiq edərək belə bir prinsipial addım atmağa vadar edəcəklərinə ehtimal vermək, sadəlövhlükdür. Bura, təmas xəttində beynəlxalq müşahidə mexanizminin qurulması ilə bağlı dünənki görüşdə səslənən məqamı da əlavə etsək görərik ki, Vyana görüşündən sonrakı mərhələdə atılacaq addımlar, birmənalı şəkildə münaqişənin təkrar daha uzun illər boyu dondurulmasına, mexanizmin qurulması ilə ordumuzun hərbi üstünlüyündən istifadəsinin və eləcə də işğalçı Ermənistan ordusunu Ağdərə, Ağdam və Füzuli istiqamətlərində daim təzyiq altında saxlamağın qarşısının alınmasına, danışıqların isə cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi imitasiya xarakterinə keçməsinə səbəb olacaq. İmitasiya isə mövcud vəziyyətin saxlanılması, status-kvonun dəyişməməsi deməkdir. Azərbaycan isə nəticəsiz danışıqlardan bezib və qətiyyətlə işğal altındakı torpaqları azad etmək istəyir. Əgər Vyana görüşlərində konkret bir nəticə əldə edilməsə və Ermənistan öz havadarlarına güvənərək qeyri-konstruktiv mövqeyini davam etdirsə münaqişənin həllinin hərbi yolu tezliklə ciddi şəkildə aktuallıq qazanacaq”.

 Rumiyyə
Link kopyalandı!
Son xəbərlər