Azərbaycanın İranla münasibətlərdə nümayiş etdirdiyi prinsipial mövqe Milli Məclisin növbədənkənar plenar iclasında da diqqət mərkəzində olub. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə çıxışında rəsmi Bakının mehriban qonşuluq siyasətinə sadiqliyini vurğulayaraq, iki ölkə arasında münasibətlərə dair mühüm fikirlər səsləndirib.
Moderator.az xəbər verir ki, millət vəkili çıxışı zamanı bildirib:
"Milli Məclisin sədri Sahibə xanım Qafarovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin İranın Ali rəhbərinin dəfn mərasimində iştirakını yüksək qiymətləndiririk. Bu addım Azərbaycanın İranla mehriban qonşuluq münasibətlərinə sadiqliyini növbəti dəfə nümayiş etdirdi.
Bu yaxınlarda İran parlamentinin sədrinin Azərbaycana səfəri zamanı da Azərbaycanın çətin günlərdə dostlarına göstərdiyi dəstək bir daha öz təsdiqini tapdı.
Bu, Azərbaycandır. Azərbaycan hər zaman çətin məqamlarda dostlarına dəstək göstərən dövlətdir.
İran ərazisindən 60-dan çox ölkənin 3 mindən artıq vətəndaşının Azərbaycana təhlükəsiz təxliyəsinin təşkili də bunun bariz nümunəsidir. Təsadüfi deyil ki, bəzi ölkələr İrandakı səfirliklərinin fəaliyyətini müvəqqəti olaraq Azərbaycanda davam etdirdilər.
Azərbaycan və İranı ortaq tarix, ortaq mədəniyyət, ümumi dəyərlər, dini bağlılıqlar, eləcə də müəyyən mənada ortaq dil birləşdirir. Mehriban qonşuluq münasibətləri bu gün hər iki dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan zərurətdir.
Azərbaycan hər zaman İranla yaxşı münasibətlərin tərəfdarı olub, bundan sonra da mehriban qonşuluq siyasətinə sadiq qalacaq. Eyni zamanda, İran rəhbərliyinin Azərbaycan ilə münasibətlərin inkişafına yönəlmiş çağırışlarını da müsbət qiymətləndiririk".
Pərvin Şakirqızı