Azay Quliyev ATƏT PA-nın İqtisadi Komitəsinə yenidən sədr seçilib.
Moderator.az xəbər verir ki, bu barədə o, özü bildirib.
"Bu gün, 7 iyul 2026-cı il tarixində Niderlandın Haaqa şəhərində keçirilən ATƏT Parlament Assambleyasının 33-cü İllik Sessiyası çərçivəsində Assambleyanın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin sədri vəzifəsinə yenidən seçilməkdən böyük şərəf hissi duyuram.
Mənə yenidən etimad göstərən və dəstək verən bütün həmkarlarıma səmimi minnətdarlığımı bildirirəm. Bu etimad mənim üçün böyük şərəf olmaqla yanaşı, həm də böyük məsuliyyətdir.
Yenidən sədr seçildikdən sonra aşağıdakı qısa təşəkkür nitqini söylədim:
Hörmətli həmkarlar!
Məni bu mühüm Komitənin sədri vəzifəsinə yenidən seçərək bir daha etimad göstərdiyinizə görə dərin minnətdarlığımı bildirirəm.
Etimadınız mənim üçün çox böyük dəyər daşıyır.
2013-cü ildən etibarən bu Assambleyada müxtəlif məsul vəzifələrdə xidmət etmək şərəfinə nail olmuşam: üç müddət Birinci Ümumi Komitənin sədr müavini, iki tam müddət, yəni 6 il ATƏT Parlament Assambleyasının Vitse-prezidenti və hazırda artıq ardıcıl beşinci dəfə İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitənin sədri seçilmişəm.
Son on üç il ərzində mənə göstərdiyiniz davamlı etimadı şəxsi uğurum kimi qiymətləndirmirəm. Əksinə, bunu Assambleyamızı daha da gücləndirmək və bizi birləşdirən dəyərlərin təşviqinə xidmət etmək üçün üzərimə düşən böyük məsuliyyət kimi qəbul edirəm.
ATƏT məkanının görünməmiş geosiyasi, geoiqtisadi, texnoloji, ekoloji və təhlükəsizlik çağırışları ilə üz-üzə qaldığı bir dövrdə parlament diplomatiyası hər zamankından daha böyük əhəmiyyət daşıyır. Bütün məsələlərdə eyni mövqedə olmaya bilərik, lakin hamımızın ortaq məsuliyyəti dialoq yolu ilə həll yolları axtarmaq və başqalarının ayrılıq gördüyü yerdə körpülər qurmaqdır.
Bu münasibətlə Komitəmizin sədr müavini Artur Gerasımova və məruzəçisi Paula Kardozoya birlikdə formalaşdırdığımız səmərəli əməkdaşlığa görə səmimi təşəkkürümü bildirirəm. Güclü və həmrəy rəhbərlik komandası kimi əldə etdiyimiz nəticələrlə qürur duyuram və bu uğurlu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanıram.
Beynəlxalq Katibliyə yüksək peşəkarlığına və daim göstərdiyi dəstəyə görə xüsusi minnətdarlığımı ifadə edirəm. Xüsusilə, bu İllik Sessiya ərzində yorulmadan göstərdiyi köməyə görə Marko Bonabellaya, Komitəmizin müşaviri Aleks Nayta fədakar əməyinə və davamlı dəstəyinə görə, eləcə də peşəkarlıqları sayəsində səmərəli dialoqu və qarşılıqlı anlaşmanı mümkün edən bütün tərcüməçilərimizə təşəkkür edirəm.
Əziz dostlar və hörmətli həmkarlar!
Mən bundan sonra da bütün nümayəndə heyətlərinə ədalət, qərəzsizlik, dürüstlük və yüksək məsuliyyət prinsipləri əsasında xidmət etməyə sadiq qalacağam.
Əminəm ki, birlikdə Komitəmizi konstruktiv əməkdaşlıq, innovativ ideyalar və bütün iştirakçı dövlətlərin maraqlarına xidmət edən praktik nəticələr üçün daha da güclü platformaya çevirəcəyik.
Bir daha göstərdiyiniz etimada, dostluğa və davamlı dəstəyə görə hər birinizə səmimi təşəkkür edirəm.
Qarşıdakı bir il ərzində də hamınızla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm".