Depressiyadan qorunmağın ən asan yolu
Sağlamlıq
340
10 Apr 2026 | 21:55

Depressiyadan qorunmağın ən asan yolu

Paxlalılar, dənli bitkilər və çərəzlərdən əldə edilən bitki mənşəli zülal qəbulunun 10% artırılması yetkin insanlarda depressiya riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Moderator.az xəbər verir ki, bu nəticə "Nutrition Reviews" nəşrində dərc olunan elmi tədqiqatla öz təsdiqini tapıb.

Araşdırma müəllifləri vurğulayırlar ki, gündəlik qida rasionu psixi sağlamlıq üçün həlledici əhəmiyyət kəsb edir. Bundan əvvəl mütəxəssislər depressiyanın yaranmasını yüksək dərəcədə emal edilmiş məhsulların mütəmadi qəbulu ilə əlaqələndirirdilər. Bunun əksinə, meyvə-tərəvəz ağırlıqlı qidalanmanın xəstəliyin əlamətlərini zəiflətdiyi bildirilirdi.

Son elmi işdə alimlər proteinin (zülalın) rasiondakı təsirinə xüsusi diqqət yetiriblər. Mütəxəssislər heyvan və bitki mənşəli zülalların, eləcə də ümumi protein miqdarının depressiya riski ilə əlaqəsini öyrənən 13 fərqli tədqiqatın yekunlarını təhlil ediblər.

Aparılan analizlər göstərib ki, gündəlik olaraq daha çox zülal qəbul edən şəxslərdə psixi pozuntuya tutulma ehtimalı digərlərinə nisbətən aşağıdır. Rasionda ümumi zülal miqdarının 10% artırılması depressiya riskinin təqribən 21% enməsi ilə nəticələnib.

Ən diqqətçəkən nəticə məhz bitki mənşəli proteinlərlə bağlı qeydə alınıb: bu növ zülal qəbulunun 10% çoxalması psixi narahatlıq riskini təqribən 25% azaldıb. Maraqlıdır ki, heyvan mənşəli zülal qəbulunun sözügedən xəstəlik riskini azaltması ilə bağlı hər hansı tutarlı sübut aşkar edilməyib.

Bitki zülalı baxımından ən zəngin məhsullar sırasına mərcimək, soya, noxud və lobya daxildir. Dənli bitkilər paxlalılar qədər yüksək protein barındırmasa da, onlar da mükəmməl əlavə mənbə hesab olunur (100 qram məhsul üçün 10-14 qram zülal).

Alimlər bildirirlər ki, bitki mənşəli qidaların faydası sadəcə zülalla məhdudlaşmır, onların tərkibindəki liflər, minerallar, vitaminlər və fitonutrientlər də psixi sağlamlığın qorunmasında böyük rol oynayır.

 

(lent.az)

Link kopyalandı!
Son xəbərlər