Ev heyvanları uşaqlar üçün nə qədər təhlükəlidir? - həkimdən XƏBƏRDARLIQ
Sağlamlıq
321
12:17, Bu gün

Ev heyvanları uşaqlar üçün nə qədər təhlükəlidir? - həkimdən XƏBƏRDARLIQ

Bu gün bir çox evdə ev heyvanları (it, pişik və s.) saxlanılır. Əksər hallarda körpələr bu heyvanlarla ünsiyyətdə böyüyürlər. Maraq doğuran sual isə budur: həmin heyvanlardan uşaqlara hansı xəstəliklər keçə bilər?

Ev heyvanı saxlayan valideynlərə hansı xəbərdarlıqları etmək olar?

Moderator.az xəbər verir ki, pediatr Şəlalə Poluxova mövzu ilə bağlı AzEdu.az-a danışıb.

O bildirib ki, 5 yaşa qədər uşaqlarda immun sistemi tam formalaşmadığı üçün onlar infeksiyalara daha həssas olurlar:

“İlk növbədə onu qeyd edim ki, evdə heyvan saxlamaq təhlükəli deyil. Sadəcə bəzi xəstəliklərin və infeksiyaların yayılma riski mövcuddur. Lakin bu riski minimuma endirmək mümkündür və bunun üçün müəyyən qaydalara riayət olunmalıdır.

Heyvanlardan insanlara keçən xəstəliklər zoonoz xəstəliklər adlanır və antroponoz xəstəliklərdən fərqlənir. Xüsusilə azyaşlı uşaqlar bu baxımdan daha həssasdırlar. Ən çox rast gəlinən xəstəliklərdən biri toksoplazmozdur. Bu xəstəlik əsasən ev pişikləri vasitəsilə yayılır və xüsusilə onların nəcisilə təmas zamanı yoluxma baş verir. Hamilə qadınlar və körpələr üçün bu xəstəlik daha risklidir.

Bundan əlavə, nadir hallarda da olsa quduzluq xəstəliyi müşahidə oluna bilər. Bu xəstəlik yoluxmuş heyvanın dişləməsi nəticəsində ağız seliyi vasitəsilə keçir və olduqca təhlükəlidir. Eyni zamanda parazitar xəstəliklər – gənələr, qoturluq, bitlər və qurdlar - heyvanlar vasitəsilə yayıla bilər. Pişik və itlərdən dəri göbələk infeksiyaları (dermatofitoz) da keçə bilər ki, bu zaman dəridə ləkələr əmələ gəlir. Salmonella kimi infeksiyalar isə gigiyena qaydalarına əməl edilmədikdə heyvanın ifrazatı ilə təmasdan sonra asanlıqla ötürülə bilər”.

Həkim vurğulayıb ki, evdə heyvan saxlanılırsa, gigiyena qaydalarına ciddi əməl olunmalıdır:

“Heyvan mütəmadi olaraq baytar nəzarətində olmalı, peyvəndləri və parazit əleyhinə müalicələri vaxtında aparılmalıdır. Uşaqlara heyvanla təmasdan sonra əllərini yumaq vərdişi aşılanmalıdır. Heyvanların qabları insan qablarından ayrı saxlanılmalı, ev mühiti daim təmiz olmalıdır.

Əgər uşağın əli heyvanın nəcisilə və ya ağız nahiyəsi ilə təmas edibsə, dərhal gigiyenik tədbirlər görülməlidir. Eyni zamanda uşağın heyvan tərəfindən dişlənməsi və ya cızılmasının qarşısı alınmalıdır. Risk qruplarına immun sistemi zəif olan şəxslər, 5 yaşdan kiçik uşaqlar və hamilə qadınlar daxildir və onlara qarşı xüsusi diqqət göstərilməlidir”.

Sonda mütəxəssis qeyd edib ki, düzgün yanaşma olduqda ev heyvanlarının uşaqların sosial və emosional inkişafına müsbət təsiri var:

“Bu, elmi olaraq da sübut olunub. Lakin infeksiya riskləri də nəzərə alınmalıdır. Ümumilikdə, ev heyvanları uşaqların inkişafında mühüm rol oynayır. Amma gigiyena qaydalarına əməl etmək, heyvanı mütəmadi baytar nəzarətində saxlamaq və valideyn nəzarətini təmin etmək vacibdir”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər