Sağlamlıq
436
17 Mar 2026 | 23:54

"Dağlarda yaşamaq diabet riskini azalda bilər" - Alimlərdən yeni açıqlama

"Aşağı oksigen şəraitində qan hüceyrələri şəkəri daha aktiv "udaraq" xəstəliyin inkişafını ləngidə bilər..."

Alimlər müəyyən ediblər ki, dağlıq ərazilərdə yaşayan insanlar diabetə daha az tutulur.

Moderator.az xəbər verir ki, bu barədə "BBC Science Focus" nəşri yazıb.

Yüksəklik və sağlamlıq arasında gözlənilməz əlaqə

Nəşr yazır ki, dəniz səviyyəsindən 1500 metrdən yuxarı ərazilərdə yaşayanlarda bu xəstəliyin riski təxminən 12 faiz daha aşağıdır. Uzun müddət bu fərqin səbəbi aydın deyildi. Lakin "Cell Metabolism" jurnalında dərc olunan yeni araşdırma bu suala cavab tapmağa kömək edib. Məlum olub ki, aşağı oksigen şəraitində, yəni hipoksiya zamanı orqanizmdə eritrositlər (qırmızı qan hüceyrələri) fərqli davranmağa başlayır.

Qan hüceyrələri "şəkər süngərinə" çevrilir

Tədqiqat göstərib ki, hipoksiya şəraitində eritrositlər qandakı qlükozanı daha intensiv şəkildə udur. Bu isə qan şəkərinin səviyyəsini aşağı salır və diabet riskini azalda bilər. ABŞ-da yerləşən "Gladstone Institutes" alimləri siçanlar üzərində apardıqları təcrübələrdə bu mexanizmi təsdiqləyiblər. Aşağı oksigen şəraitində eritrositlərin qlükoza qəbulunun bir neçə dəfə artdığı müşahidə olunub.

Araşdırmaya rəhbərlik edən Yolanda Marti-Mateos qeyd edib ki, bu hüceyrələrdə qlükoza daşıyıcılarının sayı artır və nəticədə onlar qandakı şəkəri daha effektiv şəkildə mənimsəyir. Eyni zamanda, bu proses toxumalara oksigenin daha asan çatdırılmasına da kömək edir. Yəni orqanizm həm enerji balansını, həm də oksigen təminatını paralel şəkildə tənzimləyir.

Yeni müalicə ümidləri yaranır

Alimlər bu mexanizm əsasında yeni eksperimental preparat da hazırlayıblar. Bu dərman orqanizmdə süni şəkildə "yüksəklik effekti" yaradaraq oksigen çatışmazlığını imitasiya edir və eyni nəticəni verir. Sınaqlarda preparat diabetli heyvanlarda qan şəkərini tam normallaşdırıb və mövcud dərmanlardan daha güclü təsir göstərib.

Tədqiqat müəlliflərindən İşa Ceyn bildirir ki, bu nəticələr ümidvericidir, lakin klinik tətbiqə qədər hələ uzun yol var. Beləliklə, alimlər hesab edir ki, eritrositlərin qlükozanı aktiv şəkildə tənzimləməsi gələcəkdə diabetin profilaktika və müalicəsində yeni yanaşmaların əsasını təşkil edə bilər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər