"Sadə gündəlik vərdişlər yetkin yaşda gənc görünməyə, sağlamlığı qorumağa və həyat enerjisini saxlamağa kömək edir..."
İnsanların bir qismi altmış yaşında belə təəccüblü dərəcədə enerjili və təravətli görünür, digərləri isə sanki əlavə on-iyirmi il yaşlanmış kimi təsir bağışlayır.
Moderator.az xəbər verir ki, bu barədə populyar "Silicon Canals" jurnalı yazıb.
Məqalədə deyilir ki, bu fərqi çox vaxt genetika ilə izah edirlər. Lakin elmi araşdırmalar göstərir ki, həyat tərzi bəzən genlərdən də daha güclü rol oynayır. Mütəxəssislər bildirir ki, insanın bioloji yaşı həmişə pasportdakı rəqəmlə üst-üstə düşmür.
Bəzi insanların orqanizmi hüceyrə səviyyəsində daha gənc qalır, digərlərində isə sürətlənmiş qocalma əlamətləri müşahidə olunur. Bunun əsas səbəblərindən biri gündəlik vərdişlərdir: bəziləri bədəni və psixikanı gücləndirir, digərləri isə tədricən orqanizmin ehtiyatlarını tükəndirir.
Bədəni "gəncləşdirən" fizioloji vərdişlər
Birinci mühüm amil keyfiyyətli yuxudur. Gənc görünən insanlar məhsuldarlıq naminə yuxudan imtina etmirlər. Onlar istirahəti lüks deyil, zəruri ehtiyac kimi qəbul edirlər. Gündə təxminən 7-9 saat yuxu orqanizmdə bərpa proseslərini işə salır, dərinin vəziyyətinə, hormonal balansına və enerji səviyyəsinə müsbət təsir göstərir.
İkinci vacib vərdiş müntəzəm hərəkətdir. Ağır və yorucu məşqlərdən daha çox, gündəlik yüngül fiziki aktivlik faydalı hesab olunur. Məsələn, adi gəzinti ürək-damar sistemini gücləndirir, maddələr mübadiləsini dəstəkləyir və əzələ tonusunu qoruyur, eyni zamanda orqanizmə əlavə stres yaratmır.
Üçüncü amil erkən şam yeməyidir. Təxminən saat 18:00 radələrində yemək yemək həzmin yatmazdan əvvəl tamamlanmasına imkan verir. Bu isə orqanizmin təbii bioloji ritmlərini qoruyur və gecə bərpasını yaxşılaşdırır. Gec saatlarda yemək isə bu prosesləri poza bilər.
Digər mühüm məsələ düzgün duruşdur. Qamətin əyilməsi insanı vizual olaraq daha yaşlı göstərir. Daha gənc görünən insanlar onurğa sağlamlığına diqqət yetirir, bədənlərini dartmaq üçün sadə məşqlər edir və iş yerini düzgün təşkil edirlər. Bu, yalnız görünüşə deyil, həm də nəfəs almağa, həzmə və ümumi vəziyyətə təsir edir.
Bundan əlavə, kifayət qədər su içmək də vacibdir. Su dərinin elastikliyini qoruyur və orqanizmin normal fəaliyyətini dəstəkləyir. Şirin və "trend" içkilərdən fərqli olaraq, adi su bədəni əlavə yükləmədən təbii prosesləri dəstəkləyir.
Gəncliyi qoruyan psixoloji yanaşma
Mütəxəssislər vurğulayır ki, insanın görünüşü təkcə fiziki vəziyyətdən deyil, həm də psixoloji fondan asılıdır. Məsələn, həddindən artıq öhdəliklərdən imtina etmək mühüm amildir. Daimi məşğulluq və stres çox tez üz cizgilərində əks olunur. Harmonik şəkildə qocalan insanlar çoxlu sosial öhdəliklər götürmək əvəzinə ünsiyyətin keyfiyyətinə üstünlük verirlər.
Onlar həm də "möcüzəvi" kosmetik vasitələr axtarmaqdansa, sevinc gətirən fəaliyyətlərə və xoş təəssüratlara yatırım edirlər. Müsbət emosiyalar orqanizmdə sağlamlıq üçün faydalı biokimyəvi prosesləri aktivləşdirir.
Daxili sakitliyin qorunması da vacibdir. Lazımsız münaqişələrdən və dramatik vəziyyətlərdən uzaq durmaq xroniki stresi azaldır. Bu isə insanın üz ifadəsinə və ümumi həyat enerjisinə birbaşa təsir göstərir. Eyni zamanda xırda məsələlərə sakit yanaşmaq emosional sabitliyi qorumağa kömək edir. Stres nə qədər az olarsa, onun xarici əlamətləri də bir o qədər az görünür.
Maraqlıdır ki, daha gənc görünən insanlar adətən yaşlarını gizlətməyə və ya illəri "silə bilməyə" çalışmırlar. Onlar öz yaşlarını qəbul edir, diqqəti keçmişlə müqayisəyə deyil, sağlamlığa və daxili balansın qorunmasına yönəldirlər. Bu yanaşma isə uzun müddət gənc və enerjili qalmağa kömək edir.